Millimiz dünya üçüncüsü oldu
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi başa çatıb.

İdman.com.az saytının məlumatına görə, 2-11 may tarixləri arasında keçirilən mötəbər turnir Azərbaycan ağır atletika tarixində xüsusi yer tutub.Belə ki, ilk dəfə yığma komandamız dünya çempionatlarında medal sayına görə 3-cü yeri tutub. Yığmamız yarışa heç də tam heyətlə qatılmamışdı. Qızlarımızın iştirak etmədiyi turnirdə, oğlanlardan Xristov Valentin 62 kq, Quliyev Firidun 69 kq, Rəhimov Nicat və Əliqulizadə Elxan 77 kq, İsmayılov Kamran 85 kq və Nəbiyev Nailxan 94 kq-da qüvvəsini sınadılar.Dünya çempionatında toplamda aktivimizə üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – yazıldı. 94 kq-da Nailxan Nəbiyevin ümumi sıralamda medal qazanmasına isə şəxsi çəkisinin rəqibindən artıq olması mane oldu. Buna baxmayaraq, o, təkanla qaldırmada qızıl medal qazanaraq, ümumi medal sayımıza öz töhfəsini verə bildi.Beləliklə, medal sayında (1-1-1) dünya çempionatında kişilər arasında 3-cü yeri tutduq. Birinci pillədə Rusiya (5-2-1), ikinci pillədə isə onlardan cəmi bir medal geri qalan Çin (5-2-0) qərarlaşdı. Ümumi medal sayı (birdən qaldırma + təkanla qaldırma + toplam) 9-a bərabər olan milli komandamız (4-3-2) bu sıralamada da dünya 3-cülüyünü qazandı. Yenə də Rusiya (10-5-3) 1-ci, Çin isə (5-3-2) bizdən cəmi bir medal artıq qazanaraq 2-ci oldu.

Xəbər 986 dəfə oxundu.