Heydər Əliyevin 90 illiyinə beynəlxalq boks turniri
“Sərhədçi” İdman-Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə start verilib. İdman.com.az saytı xəbər verir ki, yarışda Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsrailin ümumilikdə 131 idmançısı mübarizə aparırlar.

Azərbaycan boksçularından yarışın ilk günündə İbrahim İmanov, Ağasif Eyniyev, Elcan Qafarlı (hamısı 48 kq), Qüdrət Quliyev (50 kq), Yaqub Tağızadə (52 kq), Elxan Əliyev, Şamil İbrahimzadə (hər ikisi - 60 kq) öz döyüşlərini qələbə ilə başa vurublar.

Qeyd edək ki, yeniyetmələrin bu il əsas yarışı avqustda Kiyevdə keçiriləcək dünya birinciliyidir. Məhz ulu öndərin xatirəsinə həsr olunmuş turnirdə özünü yaxşı tərəfdən göstərən boksçular milli komandanın heyətinə cəlb olunacaqlar. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışa mayın 14-də yekun vurulacaq.

Xəbər 956 dəfə oxundu.