Elçin Əsədov: Ən böyük arzum Rio olimpiadasında iştirak etməkdir - MÜSAHİBƏ
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» beynəlxalq veloturunda, ölkəmizi təmsil etmiş
«Synergy Baku Cycling Project» komandasının əsas heyətində bir yerli velosipedçi – Elçin Əsədov yer almışdı. Debütdə onun çıxışı pis alınmadı. Zədəsi imkan versəydi, daha yaxşı təsir bağışlayardı. Yarışdan sonra təcrübəli sprinterlə görüşüb, təəssuratlarını öyrəndik. «İdman» qəzeti və idman.com.az saytına müsahibəsində o, gələcək planları barədə də danışdı:

- Komandanızın çıxışını necə dəyərləndirirsiniz?
- «Synergy Baku» ilk dəfə doğma divarlar arasında çıxış edirdi. Məqsədimiz, umumi nəticədə uğur qazanmaq idi. Komanda hesabında ilk «üçlüy»ə daxil ola bilməsək də, 2 velosipedçimiz mərhələ qalibi olaraq köynəyə sahib çıxdı. Məncə, debutdə yüksək iddia nümayiş etdirmək artıq tamah olardı (gülür).

- Baş məşqçi Ceremi Hant ingilis dilində danışır. Məşq zamanı, onunla anlaşmada çətikliyiniz vardımı?
- Hər şey qaydasında idi. İngilis dilini normal bilirəm. Rusca da problemim yoxdur. Oleksandr Surutkoviçi 5 ildir tanıyıram. Biz dostuq. Mənə hər zaman dəstək olub. Yarışda bir-birimizi yaxşı başa düşürük.

- Yarışdan öncə «Yaxt Klub»da «Synergy Baku»nun təqdimat mərasimi keçirildi. 16 nəfərlik heyətdə xeyri yerli velosipedçi də vardı. Amma nədənsə, əsas komandada tək siz yer aldınız.
- Bizim perspektivli velosipedçilərimiz var. Sadəcə, bu yarışın səviyyəsi yüksək olduğundan, gənclərimiz daxili rəqabətə tab gətirmədilər. Hesab edirəm ki, zaman-zaman onlar da təcrübə toplayıb, gələcək komanda yarışlarında əsas heyətdə yer alacaqlar.

- Elçin, qarşıdakı planlarınız nədən ibarət olacaq?
- İlk öncə bu il İtaliyada keçiriləcək dünya çempionatında iştirak etməyi hədəfləmişəm. Bunun üçün, ilk növbədə, təfnifat yarışlarında uğur qazanmalıyam. Sonrası isə, bəllidir: Rio-2016! Ən böyük arzum Braziliyada təşkil olunacaq yay olimpiya oyunlarında iştirak etməkdir.

Kamran HACI

Xəbər 1406 dəfə oxundu.