Ən yüksək mükafatı baş məşqçi qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində Şərq-Qərb döyüş növlərinin 5-ci Olimpiadası keçirilib. Rusiyanın Şimal paytaxtının ən böyük idman-konsert komplekslərindən birinin rinqinə çıxan döyüş ustaları arasında 6 nəfər Azərbaycan kunfu-sandaçıları da var idi. Ən yaxşı nəticəni komandanın baş məşqçisi Ramil Allahverdiyev (56 kq) göstərib. Nəriman Cavadzadə (60 kq) ikinci, Bilal Əlizadə (85 kq) üçüncü yerə layiq görülüblər.
Yarış gənclər və qadınlar arasında da keçirilib. Gənclər arasında Toğrul Allahyarov (56 kq) bürünc medal sahibi olub. Qadınlar arasında da fərqlənənimiz olub. Lalə İbrahimova (85 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Məşqçinin həm də komandanın üzvü kimi yetirmələri ilə bir yerdə çiyin-çiyinə döyüşə girməsi idmanda nadir hadisədir. Bu məqamın məşqçi üçün pedaqoji, psixoloji cəhətdən mürəkkəbliyi, məsuliyyəti başa düşüləndir. Döyüşdən məğlub ayrılan məşqçi, əlbəttə, şagirdlərinin üzünə dik baxa bilmək cəsarətini çətin ki, saxlaya bilsin. Bunun isə onun sonrakı məşqçilik fəaliyyətinə mənfi təsiri olmaya bilməz. İdman elminin, pedaqogikasının bu məsələyə münasibəti maraqlıdır. Bunu idman nəzəriyyəçilərinin öhdəsinə buraxaq. Sankt Peterburqdakı döyüş olimpiadasına isə komandamızın baş məşqçi Ramil Allahverdiyev öz yetirmələrinə əsl nümunə olub. Komandamızın bu yarışda yeganə medalını o özü qazanıb. Onu da qeyd edək ki, R.Allahverdiyev 9 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu, dünya kubokunun dəfələrlə qalibidir. Onun yetirmələri arasında ümidverici idmançılardan biri də Bilal Əlizadədir. Bu, Bilalın 2-ci böyük yarışı idi. Onun debütü ötən il Yaltada keçirilən dünya kubokunda olub. İlk yarışda qazandığı böyük uğur B.Əlizadəni ölkəmizdə artıq 20 ildir inkişaf etdirilən kunfu-sandaya daha möhkəm bağladı. Yaltada dünya kubokuna sahib olan 3 idmançıdan biri də Bilal idi. Əlbəttə, bu uğurun əsasında B.Əlizadənin 5 illik sərbəst güləş təcrübəsi dururdu. Sərbəst güləşçi kimi o, gənclər arasında 2 dəfə Azərbaycan çempionu olmuş, bir–neçə beynəlxalq turnirdə, eləcə də Bakıda keçirilən 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirə turnirində birincilik qazanmışdı. Amma sonradan Şərq döyüş növlərinin cazibəsi daha güclü oldu.
Hazırda kunfu-sandaçılar iyun ayında Romada keçiriləcək dünya çempionatına və ondan sonra İspaniyadakı dünya kubokuna hazırlaşırlar.

Ə.Fərəcov

Xəbər 2850 dəfə oxundu.