«Rabitə» çempionluğa daha yaxındır
Aprelin 27-də Masallı olimpiya kompleksində qadınlar arasında voleybol üzrə Azərbaycan superliqasında dördlər finalının dördüncü turunun oyunları keçirildi. İlk olaraq meydana «Lokomotiv» və «Rabitə» çıxdılar. Dəmiryolçular bir qədər sərt başladılar və ilk texniki fasiləyə etibarlı xal ehtiyatı ilə çıxdılar - 8:4. Amma sonradan ölkə çempionu sürəti artırıb rəqibinə çatdı- 12:12. Bundan sonra mübarizə bərabər üstünlük şəraitində keçdi. Amma bununla belə rabitəçilər ikinci texniki fasiləyə bir xal üstünlüyü ilə yollandılar. Setin finişində «Rabitə» üstünlüyü ələ alaraq 25:21 hesabı ilə qalib gəldi.
İkinci setdə «Rabitə» irəli sıçrayış etdi. Dəmiryolçular hesab arasındakı fərqi minimuma endirə bilsələr də (11:12), bundan artığına gücləri çatmadı. Set çempionlar liqası finalçısının xeyrinə sona yetdi – 25:16.
Üçüncü setdə «Rabitə» elə bir fırtına yaratdı ki, dəmiryolçular artıq məğlubiyyətlə barışmış kimi görünürdülər. İlk texniki fasilədə hesab 8:1 idi. Sonra dəmiryolçular bir qədər özlərinə gəldilər və hesabı bərabərləşdirməyi bacardılar – 15:15. Meydanda çox gərgin mübarizə gedirdi. Hər iki komandanın qələbə şansı bərabər idi -24:24. Amma tay-breykdən «Rabitə» uğurla çıxdı – 26:24. Beləliklə, ölkə çempionu 3:0 hesabı ilə qalib gəldi.
Sonra meydana «İqtisadçı» ilə “Azərreyl” çıxdı. İqtisadçılar ilk seti inamla daşladılar. Startda böyük hesab fərqinə nail olmsı «İqtisadçı»ya seti qələbə ilə başa vurmaqda çətinlik yaratmadı – 25:14
İkinci setdə mübarizə şəraiti bərabərləşdi. Tədricən «Azərreyl» üstünlüyü ələ almağa başladı. İkinci texniki fasilədə hesab «Çellenc kuboku» sahibinin xeyrinə (16:11) idi. Set «Azəreyl»in qələbəsi ilə başa çatdı -25:20.
Üçüncü seti «Azərreyl» yaxşı başladı. Amma sonra «İqtisadçı» üstünlüyü ələ alıb seti qələbə ilə başa vurdu- 25:18.
Dördüncü set də çox gərgin keçdi. Amma sonluq iqtisadçıların arzusuna müvaiq oldu -25:21. Beləliklə, oyun 3:1 hesabı ilə «İqtsadçı»nın qələbəsi ilə başa çatdı.
Aprelin 28-də dördlər finalının 5-ci turu çərçivsində ilk görüş iki dəmiryolçu komandası arasında oldu. Birinci partiyada «Azərreyl» qalib gəldi – 25:16. İkinci setdə «Lokomotiv» oyunda dönüş yaratmaq istəsə də, buna nail ola bilmədi. «Azərreyl» bu seti də öz xeyrinə başa vurdu – 25:22.
Üçüncü seti «Lokomotiv» elə başladı ki, artıq onun bu seti qələbə ilə başa vuracağına tamaşaçılar arasında inam yarandı. Amma bir o qədər çəkmədi ki, «Azərreyl» bu inamı darmadağın edib, üçüncü seti də qələbə ilə başa vurdu – 25:20.
Sonra «İqtisadçı» «Rabitə» qarşıdurması başladı. İlk seti iqtisadçılar yaxşı oynadılar. Setin ilk yarısı üstünlüyü əldə saxlaya bildilər. Amma «Rabitə» sona yaxın hesabda rəqibinə çata bildi. Oyunu tay-brekə saldı və buradan üstün durumda çıxdı - 27:25.
İkinci setdə də «İqtisadçı» daha yaxşı görünürdü. Əvvəlki setdən fərqli olaraq bu dəfə bu üstünlüyü əldən vermədi və 25:18 hesablı qələbəyə nail oldu.
Üçüncü set iqtisadçılar üçün çox çətin başladı. Set əvvəli rəqibini 5 xal irəli buraxdıqdan sonra komanda meydanda möcüzə yaratdı. İlk texniki fasiləyə üstün durumda çıxdı – 8:7. Bu mübariz əhval-ruhiyyəni sona qədər saxlayan «İqtisadçı» 25:20 hesabı ilə qalib gəldi.
Dördüncü setdə mübarizə bərabər şəraitdə keçdi. Amma sona yaxın «Rabitə» daha üstün görünürdü və bu da ona seti qələbə ilə başa vurmaq imkanı verdi – 25:22.
Beşinci setdə 4 xalla irəli çıxan «İqtisadçı» sonradan üstünlüyü əldə saxlaya bilmədi. Oyunun taleyi tay-breykdə həll olundu. Rabitəçilər 18:16 hesab ilə qalib gəldilər.

Aprelin 29-da Masalıda superliqanın dördlər inalının 6-cı turunun ilk oyununda «İqtisadçı» ilə «Lokomotiv» üz-üzə gəldilər. Görüş «Lokomotiv»in 3:2 (25:16, 23:25, 25:19, 16:25, 15:13) hesablı qələbəsi ilə başa çatdı.
Sonra «Azərreyl»lə «Rabitə» münasibətlərinə aydınlıq gətirdilər. Ölkə çempionu matçın müqəddiməsində 4 xallıq üstünlük qazanmaqla daha inamlı görünməyə başladı. Amma sonra «Azərreyl» oyun tərzini dəyişdi və ikinci texniki fasiləyə artıq o, üstün durumda yollandı. Set sonu da Vüqar Əliyevin yetirmələrinin üstünlüyü şəraitində keçdi və onlar qalib gəldilər - 25:23.
İkinci seti «Rabitə» güclü başladı və sürətlə xal toplamaqla yaxşı üstünlük əldə etdi - 8:4. «Azərreyl»in rəqibə çatmaq cəhdi heç cür baş tutmadı və nəticədə «Rabitə» böyük üstünlüklü qələbəyə nail oldu - 25:14.
Üçüncü setdə də «Rabitə» üstünlüyü ələ alaraq sona kimi saxladı və bu rabitəçilərin budəfəki qələbə hesabında fərq daha böyük oldu – 25:12.
Dördüncü setdə vəziyyət dəyişmədi, «Rabitə» yenə də inamla xal toplamağa başladı. Dəmiryolçuların set ərzində topladığı isə cəmi 10 xal oldu. Beləliklə, oyun 3:1 hesabı ilə ölkə çempionunun qələbəsi lə başa çatdı.
Dördlər finalının Masallı mərhələsindən sonra «Rabitə 11 xalla (17-19) liderdir. İkinci yeri 9 xal (13-11) toplamış «Azərreyl» tutur. «İqtisadçı» ilə «Lokomotiv»in 8 xalları var. «İqtisadıçı» daha yaxşı set fərqinə malik olduğu üçün 3-cü yerdədir.

Qeyd edək ki, Azərbaycan çempionu mayın 5-7-də Bakıda keçiriləcək son 3 turdan sonra müəyyənləşəcək.

29 aprel

14.00. “Lokomotiv” - “İqtisadçı” - 3:2 (25:16, 23:25, 25:19; 16:25, 15:13)

Final mərhələsindəki oyunları
“İqtisadçı” – “Lokomotiv”- 3:1 (20:25, 25:15, 27:25, 25:23)

Təsnifat mərhələsindəki oyunları
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)
“İqtisadçı” - “Lokomotiv” – 3:0 (25:23, 25:17, 25:18)

16.00. “Rabitə” - “Azərreyl” - 3:1 (23:25, 25:14, 25:12, 25:10)

Final mərhələsindəki oyunları
“Azərreyl” – “Rabitə” - 2:3 (17:25, 16:25, 25:22, 25:20; 14:16)

Təsnifat mərhələsindəki oyunları
“Azərreyl” – “Rabitə” – 1:3 (25:22, 19:25, 22:25, 22:25)
“Rabitə” - “Azərreyl” – 3:0 (25:23, 25:20, 25:14)

Ə.FƏRƏCOV

Xəbər 1161 dəfə oxundu.