Qobustan İdman Kompleksi istifadəyə verilib

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan nəhəng idman hərəkatının yaşandığı məkana çevrilmişdir. Çoxlu sayda Olimpiya-İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin istifadəyə verilməsi bu prosesin dinamikasını göstərən əsas amillərdir. Dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün hər yerdə idman, sağlamlıq komplekslərinin yaradılmasıdır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bölgələrdə bir-birinin ardınca istifadəyə verilən nəhəng idman qurğularının açılışında iştirakı bu sahəyə verilən əhəmiyyətin əyani təsdiqidir.
Qeyd olundu ki, kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Bildirildi ki, kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait vardır. Kompleksdə, həmçinin 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar mövcuddur.
Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxdı.
Qeyd edildi ki, burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir. Kompleksin ərazisi başdan-başa yaşıllaşdırılmış, burada minə yaxın müxtəlif növ ağac əkilmişdir.
Dövlətimizin başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olundu.
Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini və idmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Çox şadam ki, rayonda işlər yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır, rayonun siması dəyişilir və Qobustan rayonunda gözəl obyektlər istifadəyə verilir. Bu gün biz həm Gənclər Mərkəzinin, həm də idman kompleksinin açılışını qeyd edirik. Çox gözəl, əlamətdar hadisədir. İdman kompleksinin açılışı, ümumiyyətlə çox gözəl hadisədir. Çünki idmanla məşğul olmaq üçün burada bütün imkanlar olacaqdır. Xüsusilə uşaqlar, yeniyetmələr, gənc idmançılar burada məşğul olacaqlar, öz sağlamlığını qoruyacaqlar. Eyni zamanda, ümid edirəm ki, bu Mərkəzdə məşğul olacaq uşaqlar gələcəkdə peşəkar idmançılar kimi böyüyəcəklər. Çünki bu gün Azərbaycan idman dövlətidir. İdmanın bütün növləri inkişaf edir, çox gözəl nəticələrimiz vardır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, ən böyük idman yarışı olan Olimpiya Oyunlarında da Azərbaycan yüksək yerlərdədir. Keçən il keçirilmiş Olimpiadada idmançılarımız 10 medal qazanmışlar, - bu, tarixi bir nailiyyət idi, - və dünya miqyasında 30-cu yerə layiq görülmüşlər. Avropada isə 15-ci yeri tutmuşuq.
Bəlkə də buna görə və əlbəttə, başqa amillər burada öz rolunu oynamışdır ki, birinci oyunlar Avropa Oyunları, 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bax bu günlərdə Avropa Olimpiya Komitəsinin bütün rəhbərliyi Bakıdadır, görüşlər, təqdimatlar keçirilir. Artıq Avropa Olimpiya Komitəsi Koordinasiya Komitəsi yaratmışdır ki, Azərbaycanla bərabər Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə görsün. Yəni, biz idman ölkəsiyik və əlbəttə bütün bölgələrdə, bütün şəhərlərdə idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmalıdır.
Biz 2000-ci ildən bu proqramı başlamışıq və o vaxtdan bu günə qədər 35 idman mərkəzi, Olimpiya mərkəzi tikilmişdir, bu mərkəz 36-cıdır. Qobustanın inkişafı üçün bu mərkəzin ümumiyyətlə böyük əhəmiyyəti vardır. Yaxınlıqda Gənclər Mərkəzi yerləşir. Bu da son illər ərzində bütün ölkəmizdə geniş vüsət almış bir təşəbbüsdür. Hər şəhərdə Gənclər Mərkəzləri yaradılır. Onların çox gözəl imkanları vardır, funksional cəhətdən də çox əhəmiyyətlidir ki, gənclər burada öz asudə vaxtlarını mənalı şəkildə keçirsinlər. Beləliklə, həm idman, həm gənclər siyasəti Azərbaycanda çox uğurla inkişaf edir.
O ki qaldı rayon qarşısında duran digər vəzifələrə, bu vəzifələr də icra edilir. Rayonda qazlaşdırma proqramı aparılır və artıq 70 faiz qazlaşdırma təmin edilmişdir, 100 faiz olmalıdır. Dağ kəndlərinə də qaz xətləri çəkilməlidir. Su layihələri icra edilir. Bu yaxınlarda kanalizasiya layihəsinin icrasına başlanacaqdır. İnfrastruktur layihələrinin icrası prioritetdir. Kənd yolları təmir edilir. Vaxtilə rayon sakinləri müraciət etmişdilər. Vəsait ayrıldı, indi bir neçə kəndi birləşdirən yol istifadəyə verilmişdir. O kəndlərdə 13 minə qədər əhali yaşayır. Digər kəndlərə də yollar çəkiləcəkdir. Bütün bu məsələlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulur. Bu da çox vacib məsələdir. İndi hər bir yerdə kənd yollarına böyük vəsait ayrılır ki, biz bu məsələni də həll edək. Ümid edirəm ki, yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yolları yüksək keyfiyyətlə yenidən qurulub istifadəyə veriləcəkdir. Bu yollar əlbəttə ki, ölkəmizin ümumi inkişafına təkan verəcəkdir.

Əlbəttə, kənd yollarının tikintisi mühüm sosial məna daşıyır. Çünki vətəndaşlar normal şəraitdə yaşamalıdırlar. Yəni, Qobustanda demək olar ki, bütün infrastruktur layihələri icra edilir.
Keçən dəfə burada olarkən biz elektrik stansiyasının açılışını qeyd etmişdik. Bu stansiya nəinki Azərbaycanda, bütün bölgədə bərpa olunan enerji istehsal edən birinci hibrid stansiyadır. Orada həm külək, həm günəş qurğuları ilə elektrik enerjisi istehsal olunur. Ümid edirəm ki, gələcəkdə Qobustan rayonunun enerjiyə olan bütün tələbatını bərpa olunan enerji növləri təmin edəcəkdir. Bu, bir pilot layihədir. Əminəm ki, bu layihə uğurlu olacaq və gələcəkdə biz bu təcrübəni başqa rayonlarda da tətbiq edəcəyik.
Bilirəm ki, problemlər də vardır. O problemlər tədricən öz həllini tapır. Məktəblər tikilir, ancaq hələ də qəzalı vəziyyətdə olan məktəblər vardır və onlar da təmir olunmalıdır. Biz mərkəzi rayon xəstəxanasının layihəsinə gərək yenidən baxaq. Çünki vaxtilə qəsəbə xəstəxanası kimi tikilmişdir. Bu məsələyə də baxılacaqdır. Digər kəndlərə gedən yolların tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Yəni, bütün bu işlər nəzərdə tutulur. Nəzərdə tutulmayan işləri biz Dövlət Proqramına əlavə edəcəyik ki, Qobustanın bütün infrastruktur və sosial məsələləri öz həllini tapsın. İşin gedişatı onu göstərir ki, biz buna nail olacağıq. Çünki ölkə üzrə hər bir yerdə, hər bir şəhərdə quruculuq-abadlıq işləri, böyük layihələr icra olunur.
Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik. Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməmişdir. Çünki bizim çox düşünülmüş siyasətimiz vardır. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz vardır. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu.
Biz əlbəttə ki, dünya iqtisadiyyatına inteqrasiya edirik və etmişik. Bazar iqtisadiyyatını tam şəkildə tətbiq etmişik. İqtisadi sahədə bizim tam müstəqil siyasətimiz vardır. Bu siyasət özünü həm iqtisadi islahatlarda göstərir, eyni zamanda, maliyyə-kredit siyasətimiz də tam müstəqildir, milli valyutanın məzənnəsi sabitdir. Bir-iki il bundan əvvəl bölgənin bir çox ölkələrində milli valyuta devalvasiyaya uğramışdır, yəni, qiymətdən düşmüşdür və insanlar bundan böyük əziyyət çəkmişlər. Ancaq Azərbaycanda manatın məzənnəsi gündən-günə güclənir və indi 1 manat 1 avroya bərabərdir. Yəni, bu nailiyyətlərə çatmaq üçün əlbəttə ki, düşünülmüş siyasət və müstəqil xətt olmalıdır. Bax, bunlar Azərbaycanda vardır. Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar vardır və qəbul edilmişdir. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaqdır.
Qobustan rayonunun timsalında, eyni zamanda, biz bir məsələni də qeyd edirik ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir rayonun inkişafı bizim üçün prioritetdir. Qobustan əhali baxımından o qədər də böyük rayon deyildir. Ancaq burada yaşamaq, işləmək üçün bütün şərait yaradılır və bundan sonra da yaradılacaqdır. Belə gözəl idman və gənclər mərkəzləri bunun bariz nümunəsidir. Bu gözəl hadisə və əldə edilmiş uğurlar münasibətilə sizi təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

X X X

Prezident İlham Əliyevə qobustanlıların ən xoş arzularını çatdıran rayon sakini Babək ALIBABAYEV dedi:
-Möhtərəm cənab Prezident, rayonumuza xoş gəlmisiniz!
İcazə verin, Qobustan ictimaiyyəti və idmançıları adından Sizi salamlayım.
Bu gün istifadəyə verilən bu möhtəşəm idman kompleksi bizə çox böyük bir hədiyyədir. Səkkiz-on il bundan qabaq bütün Azərbaycan gəncləri kimi, belə bir kompleksin olmasını yalnız arzu edə bilərdik. İndi isə belə mərkəzlər respublikamızın hər yerində tikilir. Bu möhtəşəm kompleksə görə gənclərimizin, idmançılarımızın dərin minnətdarlığını Sizə çatdırıram. Sizin rəhbərliyinizlə ölkəmizdə idman gündən-günə inkişaf edir. İdmanın maddi-texniki bazası güclənir, uğurlarımız artır. Məhz bunun nəticəsində elə bir mötəbər idman tədbiri yoxdur ki, orada Azərbaycanın himni səslənməsin, bayrağımız yüksəlməsin.
Azərbaycan həm də dünyada mötəbər tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir. Avropa Oyunlarının 2015-ci ildə tarixdə ilk dəfə ölkəmizdə keçiriləcəyi bizə qürur verir. Bu, Sizin misilsiz əməyinizin nəticəsidir, cənab Prezident!
Qobustan idmançıları respublika yarışlarında uğurla çıxış etmişlər. Düzdür, rayonumuzda Olimpiya, Avropa, dünya çempionları yoxdur. Lakin Sizin bu gün bizə bəxş etdiyiniz bu möhtəşəm kompleks Qobustan idmanında bir məşəl olacaqdır. Bu məşəli bizə Siz verdiniz, cənab Prezident. Sizi əmin edirik ki, bu kompleksdə yeni Olimpiya, dünya çempionları yetişəcəkdir.
Bu gün Gənclər Mərkəzi də istifadəyə verilir.
Möhtərəm cənab Prezident!
Siz ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirirsiniz. İnsanlarımızın yaxşı yaşaması, işləməsi, onların rahat istirahəti üçün hər cür şərait yaradılır. Qobustan da bu inkişafdan kənarda qalmamışdır. 2007-ci ildə Sizin Qobustana ilk gəlişiniz rayonumuzda yeni bir inkişaf mərhələsi oldu. Susuz səhranı xatırladan bu yerlərdə indi Qobustan şəhəri saldınız. Şəhərimiz gündən-günə abadlaşır, gözəlləşir. Bu, təkcə şəhərlərimizlə əhatə olunmur. Ən ucqar kəndlərimizdə belə bu gün asfalt işləri görülür, qaz, su çəkilir. Ümumiyyətlə, insanları narahat edən bütün problemlər öz həllini tapır. Qobustanlılar bunu görür və yüksək qiymətləndirirlər.
Bütün bunlara görə Sizə və Mehriban xanıma rayonumuzun ictimaiyyəti adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Bu gün Azərbaycan Respublikasında gənclərimiz üçün hər bir şərait yaradılmışdır. Onlar diqqət və qayğı ilə əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki, ölkəsini, dövlətini sevən, onunla fəxr edən gənc bir nəsil yetişir. Bu gənc nəsil bu gününü, sabahını, gələcəyini yalnız və yalnız Sizinlə görür. Sizə möhkəm cansağlığı, uzun ömür diləyir və bildiririk ki, Azərbaycan gəncliyi, Azərbaycan idmançıları daim Sizinlədir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər 4533 dəfə oxundu.