Sahib Ələkbərov: “Bu qələbələr Heydər Əliyevin 90 illik yubileyinə ən böyük hədiyyədir” - MÜSAHİBƏ
«Synergy Baku Cycling Project» mütəxəssislərin ehtimallarını doğrultdu. Komandamız “Tour d’Azerbaidjan” veloyürüşündə uğurlu çıxışını davam etdirir. Artıq ümumi nəticələri qənaətbəxş saymaq olar. Elə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da nikbin fikirdədir. «İdman» qəzeti və idman.com.az saytına müsahibəsində o, yarışın arxada qalan hissəsi haqqında danışdı:

- Artıq 3 mərhələ arxada qaldı. Bu günə qədər təşkilatçılıqla bağlı görülən işlərə beynəlxalq federasiyanın fikri nə olub?
- “Tour d’Azerbaidjan” çox yüksək səviyyədə təşkil edilib. Azərbaycanın şəhər və rayonlarından keçdikcə, yerli icra hakimiyyətləri və polis əməkdaşlarının iştirakçılar üçün hər şeyi necə gözəl təşkil etdiyinin şahidi oluruq. Bütün bu rayonlarda əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Azarkeşlərin velosiped yarışını necə sevinclə izlədiyini sözlə ifadə etmək də çətindir. Havadan vertolyotla bunu izləmək daha yaxşıdır. Bu dəfə yarışa olan maraq ötən il ilə müqayisədə xeyli artıb. İndi tamaşaçılar arasında nənələr və babaları da görürük. Keçən səfər yarışı izləyənlər sırasında yerli velosipedçilər azlıq təşkil edirdi. Bu dəfə mənzərə tamam başqa idi. Oğuzda idmançılara ayrılmış yolla paralel, onların sayı qədər yerli velosipedçi şütüyürdü. Çox gözəl görüntü idi. Bu, ölkəmizdə velosiped idmanına marağın artmasını göstərir. İnanırıq ki, bu yarış idman növünün inkişafına təkan olacaq.

- Sahib müəllim, yarışın gedişatı ilə bağlı fikriniz də maraqlı olardı.
- Gərginlik yenə davam edir. Bu mərhələdə 8 velosipedçi öndə idi. Amma finişə yaxın paletonun digər iddiaçıları da onlara yaxınlaşdılar. 3-cü raund olduqca gərgin mübarizə şəraitində keçdi. Çox sevinirik ki, bizim “Synergy Baku” üzvü Kristof Şvaytser yenə fərqlənənlər sırasındadır. O, bu dəfə 3-cü yeri tutdu.

- 3 mərhələnin yekununa əsasən “Synergy Baku”nun çıxışını necə qiymətləndirirsiniz?
- Yaxşı yadımdadır, yarışdan öncə təşkil olunmuş mətbuat konfransında, siz mənə komandamızın nəticə baxımından hansı perspektivləri gördüyüm ilə bağlı sual vermişdiniz. O vaxt bu fikir ürəyimizdən keçsə də, açıq proqnoz vermək istəmirdim. Demişdik ki, biz onlardan hələ nəticə gözləmirik. Çünki komanda 4 aydır yaranıb. Amma velosipedçilərimizin qazandığı uğurlar gözlədiyimizdən də artıq oldu. Hər 3 mərhələdə idmançılarımız fəxri kürsüyə çıxdılar. Bu gün bizim sevinməyə haqqımız var. “Synergy Baku” komandası Azərbaycanı ləyaqətlə təmsil edir. Hesab edirəm ki, bu qələbələr ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə ən böyük hədiyyədir.

Kamran HACI

Xəbər 1208 dəfə oxundu.