«Tour d`Azerbaidjan»ın açılış mərasimi keçirilib
Bu gün Dənizkənarı Milli Parkda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» beynəlxalq velosiped turunun açılış mərasimi və komandaların təqdimatı keçirilib.

İdman.com.az saytı xəbər verir ki, tədirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov veloturun iştirakçılarını salamlayıb, Azərbaycan paytaxtının artıq mühüm bir idman mərkəzinə çevrildiyini, burada hər il çoxlu sayda müxtəlif beynəlxalq yarışların keçirildiyini söyləyib.

Federasiya prezidenti qeyd edib ki, bu gün Azərbaycan dünya ölkələri sırasında təkcə öz iqtisadi uğurları ilə deyil, həm də idman sahəsində göstəriyi nailiyyətlərlə tanınmaqdadır. Ölkə prezidenti, cənab İlham Əliyev ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtda və regionlarda müxtəlif idman qurğuları, olimpiya kompleksləri tikilib istifadəyə verilir, gənclərin idmana cəlb edilməsi üçün məqsədyönlü işlər aparılır.

Qeyd olunub ki, ölkəmiz artıq ikinci ildir ki, beynəlxalq kateqoriyalı velosiped yürüşlərini qəbul edir. Bu il təşkil edilən “TOUR d’AZERBAIDJAN” Bakı şəhərində start götürəcək, ölkənin tarixi və mənzərəli landşaftları ilə zəngin olan yeddi rayonunun ərazisində keçiriləcəkdir. F.Məmmədov veloturun böyük bir idman bayramı olmaqla yanaşı, ölkəmizdə velosiped idmanının inkişafına yeni bir təkan verəcəyini deyib.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də çıxış ediblər.
Sonra «Tour d`Azerbaidjan»da iştirak edəcək komandaların təqdimatı keçirilmişdir. Təmsil etdikləri ölkələrin dövlət bayraqları altında meydana daxil olan komandalar və onların üzvləri ictimaiyyətə təqdim edilmişdir. Veloturda ümumilikdə 24 komanda çıxış edəcək ki, bunların da 17-si kontinental, 5-i milli komandalardır. Hər komandanın tərkibində 6 velosipedçi yarışacaqdır. Bütövlükdə velotura 41 ölkədən velosipedçi qatılır.

Açılış mərasiminə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Beynəlxalq Velosipedçilər İttifaqının, ölkəmizin müxtəlif idman federasiyalarının nümayəndələri, velosiped idmanı həvəskarları qatılıblar.

Daha sonra tədbir geniş konsert proqramı ilə davam edib. Əvvəlcə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin, sonra populyar türk müğənnisi Mustafa Cəcəlinin canlı çıxışları olub. Yekunda Azərbaycan incəsənət ustalarının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konserti baş tutub.

Xəbər 883 dəfə oxundu.