Gənclər və İdman Nazirliyi Real Madrid Fondu ilə Əməkdaşlıq müqaviləsi imzaladı
29 Aprel 2013-cü il tarixində saat 13:00-da İspaniya Krallığının Madrid şəhərində Santiaqo Bernabeo satidonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu (“Fundación Real Madrid”) arasında Əməkdaşlıq Müqaviləsi imzalandı.

2013-2017-ci illəri əhatə edən bu əməkdaşlığın əsas məqsədi “Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihə çərçivəsində Azərbaycanda sosial futbol məktəbinin yaradılmasıdır. Layihənin ilkin mərhələsində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər Fubtol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

İmzalama mərasimində Azərbaycan nümayəndə heyətinin üzvləri gənclər və idman nazirinin müavini cənab İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri cənab Mirkamil Rəhimov, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri cənab Mehman Kərimov, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri cənab Altay Əfəndiyev, İspaniya Krallığı tərəfdən Realmadrid Fondunun İcraçı Vitse-prezidenti cənab Enrike Sançez, Fondun Baş Direktoru cənab Xulio Qonzales Ronko, Beynəlxalq əlaqələr üzrə məsul şəxs xanım Rosa Ronkal, həmçinin digər qonaqlar və çoxsaylı media mənsubları iştirak edirdi.

Mərasimi giriş sözü ilə Realmadrid Fondunun İcraçı Vitse-prezidenti cənab Enrike Sançez açdı. Qonaqları salamladıqdan sonra o, tədbirin səbəbini izah etdi. Tərəflər arasında Əməkdaşlıq Müqaviləsinin Protokolu imzalandıqdan sonra cənab Sançez Realmadrid Fondunun beynəlxalq layihələrindən, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışdı. Çıxışının sonunda Avropada 8-ci məktəbin Azərbaycanda açılmasının Realmadrid Fondu üçün şərəf olduğunu vurğulayan cənab Sançez, sosial futbol məktəbinin işinə uğurlar arzuladı.

Sonra çıxış edən nazir müavini cənab İsmayılov Azərbaycan hökumətinin idman, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən və 21 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışdı. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasına xidmət edən bu əməkdaşlığı nazir müavini futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addım kimi qiymətləndirdi. Cənab İsmayılovun sözlərinə görə Realmadrid Fondunun sosial idman modeli əsasında yaradılacaq sosial futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşə yönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək, valideynllik üzrə treninq və seminarlar təşkil ediləcəkdir.

Çıxışının sonunda cənab İsmayılov tarixi əhəmiyyətə malik belə bir əməkdaşlığın ərsəyə gəlməsində zəhməti olan Realmadrid Fondu, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi, həmçinin bütün qurumlara və şəxslərə dərin təşəkkürünü bildirdi.

İmzalama mərasimi hədiyyə mübadiləsi və xatirə şəkli çəkdirməklə yekunlaşdı.

Xəbər 1765 dəfə oxundu.