"Qarabağ" avrokuboklara vəsiqəni təmin etdi
"Qarabağ" Premyer Liqanın final mərhələsinin 6-cı turunda "Qəbələ"nin qonağı olub.

Cari mövsüm çempionluq uğrunda mübarizə aparan komanda şimala tək hədəflə yollanıb: 3 xalla ardıcıl 5-ci qalibiyyət. 3 gün bundan öncə ölkə kubokunun yarımifinal maçına çıxan "Qarabağ"ın start heyətində heç bir dəyişiklik yox idi. Teli və Aqollinin yoxluğunda müdafiədə yenə də Bədavi və İlqar qərarlaşıb və komanda rəqibi üzərində 2:0 hesablı qələbəyə sevinib. Bu qələbə bir sıra məqamlarla yadda qalıb.

"Qarabağ" bu qələbəylə Qəbələdəki 5 illik qələbəsizlik seriyasına son qoyub. "Qarabağ" sonuncu dəfə 2008-ci ilk dövrəsində adıçəkilən rayonda baş tutan oyunda qələbə qazana bilib.

Komanda bu 3 xalı eyni zamanda ardıcıl 5-ci olmaqla seriyanın davam etməsi anlamına gəlib. Final mərhələsinin ilk turunda "Simurq"a səfərdə məğlub olan komanda ardınca qələbə seriyasına başlayıb: "Qəbələ" 1:0, "Neftçi" 2:1, "İnter" 3:2, "Bakı" 1:0, "Qəbələ" 2:0. Bu "altılıq" sistemi tətbiq olunduğu çempionatlarda qeydə alınmış yeganə seriyadı. İndiyə kimi final mərhələsindəki ilk "altılıq"da heç bir klub ardıcıl 5 qələbə qazana bilməyib.

"Qarabağ" bu qələbəylə 2-ci sırada bir qədər möhkəmlənərək liderlə 3 xallıq fərqin böyüməsinə imkan verməyib. Əvəzində 4-cü pillədə qərarlaşmış "Simurq"dan 14 xal uzaqlaşaraq həm ilk 3-lükdə yerini təmin edib və həm də avrokuboklara vəsiqəni təmin edib.

Xəbər 811 dəfə oxundu.