«Tour d`Azerbaidjan»da hansı komandalar favorit sayılır?
Sahib Ələkbərov: «Synergy Baku Cycling Project» böyük ümid vəd edir

Bu gün «Hilton» mehmanxanasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» veloturunun mətbuat konfransı təşkil olundu. İdman.com.az saytı xəbər verir ki, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov dedi ki, 1-5 mayda ölkəmizdə keçiriləcək bu yarışa böyük maraq var:

- Təkcə «Youtube» videoportalında bu yarışın reklam çarxını izləyənlərin sayı 900.000-ni ötüb. «Tour d`Azerbaidjan»da səviyyəli velosipedçilər iştirakı rəqabətin gərgin keçəcəyindən xəbər verir. Bizim də öz iddiamız var. Düzdür, «Synergy Baku Cycling Project» yeni yaranmış komandadır. Amma ötən 4 ay ərzində onların müxtəlif beynəlxalq yarışlarda göstərdiyi nəticələr, bizə «Tour d`Azerbaidjan»a ümidlə baxmağa əsas verir. Hər kollektivdə 6 idmançı yer alacaq. 2.2 dərəcəli bu yarışda titullu velosipedçilər də mübarizə aparacaq.
Yarış peşəkar statusda olduğu üçün, burada yollar da çox enişli-yoxuşlu olacaq. Dağlıq ərazidə yerləşən Pirqulu məhz buna görə marşruta daxil edilib.

Veloturun direktoru Albrext Röder bildirdi ki, Azərbaycana 41 ölkənin idmançısı gəlib və rəqabətin gərgin keçəcəyinə baxmayaraq, komandamız iddialılar sırasındadır:

- «Tour d`Azerbaidjan»da 20-yə yaxın kollektiv eyni səviyyədədir. Avstraliyadan olan 2 idmançı bu il Minskdə keçirilmiş trek proqramı üzrə dünya çempionatında 1-ci yer tutublar. Almaniya və Türkiyə milli komandaları çox güclüdür. Niderland, Lüksenburq və Qazaxıstanın klubları lider hesab olunurlar. Amma «Synergy Baku Cycling Project»i də zəif saymaq olmaz. Bu kollektivin bir üzvü hansısa mərhələnin qalibi ola bilər. Həm də nəzərə almaq lazımdır ki, Bakı komandası ev sahibidir. Burada azarkeş dəstəyi də böyük rol oynayacaq. «Synergy Baku Cycling Project» düz yollarda favorit hesab edilir. Ona görə, zənnimcə, 1, 3 və 5-ci mərhələdə yerli komanda üzvlərindən uğurlu nəticə qazanan olacaq.

Bir məqamı da əlavə etmək istərdim. «Tour d`Azerbaidjan» komanda yarışı olduğundan, burada hansı idmançının öndə olmasını baş məşqçi qərar verir. Bu üzdən də, tez-tez taktikada dəyişiklik olur. Yürüş zamanı velosipedçilər bir-birlərini işarələrlə anlayırlar. Bakı klubu yeni yaranıb. Bunu da nəzərə almaq lazımdır.
Qeyd edim ki, bu gün «Hilton» mehmanxanasında saat 12:00-da «Eurosport»un mütəxəssisləri KİV üçün məşğələdə keçəcək. Yarışı adı çəkilən telekanala yanaşı, «Eurosport-2» və «Euronyus» da geniş işıqlandıracaq.

Veloturun rəsmi açılışı və iştirakçı komandaların təqdimatı aprel ayının 30-da Dənizkənarı Milli Parkda baş tutacaq.

Kaman HACI

Xəbər 1221 dəfə oxundu.