İspaniyanın “Atletiko” klubu artıq Bakıdadı
İspaniyanın “Atletiko” klubu artıq Bakıdadı. Madrid təmsilçisi La Liqanın son turunda “Real”a qaşrı keçirilən derbi matçından dərhal sonra Azərbaycana səfərə çıxıb.

Ötən gecə madridlilər Bakıya çatıblar. “Bakı” futbol klubunun dəvəti ilə 3 gün ərzində Odlar Yurdunun qonağı olacaq “Atletiko”nu gətirən və üzərində “Land of Azerbaijan” yazısı həkk olunan təyyarəni aeroportun önünə toplaşmış minlərlə insan qarşılayıb. Ulduz komandanın üzvləri hava limanından məskunlaşdığı Marriot otelinə yollanıb.

29 aprel tarixinin səhərini şəhər gəzintisinə ayıran ispan qonaqlar nahardan sonra "Bakı"nın təlim-məşq bazasında planlaşdırılan avtoqraf parti və fotosessiyaya qatılacaqlar. Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə baş məşqçi Dieqo Simeone, Arda Turan və Radamel Falkao çıxacaqlar.

İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko” aprelin 30-da isə "Bakı"nın ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19:00-dan start götürəcək konsert proqramı ilə başlayacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.

Xəbər 814 dəfə oxundu.