Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Möhtərəm cənab prezident!
- Hörmətli xanımlar və cənablar!
- Əziz dostlar!
Bu gün Azərbaycanın idman həyatında çox əlamətdar bir gündür. Bu gün Naxçıvanda yeni, müasir, dünya standartlarına cavab verən Olimpiya Kompleksi açılır. Bu münasibətlə mən sizin hamınızı təbrik edirəm.
Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. Müxtəlif idman növlərində bizim böyük uğurlarımız vardır. Son beş il ərzində bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda - Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında 800-dən çox medal qazanmışlar. O cümlədən 291 qızıl medal. Bu, çox böyük uğur, çox böyük qələbədir.
Bu onu göstərir ki, Azərbaycan həqiqi mənada idman ölkəsidir. Azərbaycanda idman potensialı çox yüksək səviyyədədir. Azərbaycanda beynəlxalq yarışlar, ənənəvi turnirlər keçirilir. Dünya və Avropa çempionatları keçirilir. Bu onu göstərir ki, beynəlxalq idman ictimaiyyəti tərəfindən bizə qarşı hörmət çox böyükdür, inam və etimad çox yüksək səviyyədədir. Azərbaycan idmançıları dünyada öz layiqli yerlərini tuta biliblər və bu qələbələrin, bu uğurların arasında ən yaddaqalan, ən parlaq qələbəni idmançılarımız Sidney Yay Olimpiya Oyunlarında qazanıblar.
Biz uşaq və yeniyetmə idmanına da böyük əhəmiyyət veririk. Çünki uşaq və yeniyetmə idmanı olmayan yerdə, ümumiyyətlə, idman inkişaf edə bilmir, idmanın gələcəyi olmur. Çox sevindirici haldır ki, bizdə uşaqlar da, yeniyetmələr də idmana böyük maraq göstərirlər, idman bölmələrinə gəlirlər. Deyə bilərəm ki, Sidney Olimpiya Oyunlarından sonra idman bölmələrinə axın çox böyük olubdur. Yeniyetmələr arasında dünya çempionatı, Avropa çempionatı da Bakıda keçirilmişdir.
Milli Olimpiya Komitəsinin fəaliyyətinin digər istiqaməti ondan ibarətdir ki, biz istəyirik Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alsın, gənclər idmanla məşğul olsunlar. Çünki idmanla məşğul olan hər bir insan həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olur. Bizə isə sağlam gənclər, sağlam millət, sağlam yeni nəsil lazımdır.
Məhz idmanın kütləviliyini təmin etmək üçün Milli Olimpiya Komitəsinin qərarına əsasən, Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir, dünya standartlarına cavab verən idman kompleksləri tikilib və bundan sonra da tikiləcəkdir.
Təsadüfi deyil ki, Bakıdan sonra birinci idman kompleksi Naxçıvanda tikilib və bu gün biz onun açılışında iştirak edirik. Bu ona görə təsadüfi deyil ki, Naxçıvan Azərbaycanın qədim torpağıdır. Naxçıvan qədim tarixə, mədəniyyətə malik bir diyardır. Naxçıvan Muxtar Respublikası və Naxçıvan şəhəri Azərbaycan xalqına Heydər Əliyev kimi böyük bir şəxsiyyəti bəxş edibdir.
Bizim bütün uğurlarımız, qələbələrimiz cənab prezidentin adı ilə bağlıdır. İdmançılar cənab prezidentin qayğısını daim hiss edirlər. Deyə bilərəm ki, əgər prezidentin bu diqqət və qayğısı olmasaydı, biz bu böyük nailiyyətlərə çata bilməzdik. Bu böyük nailiyyətləri əldə edə bilməzdik.
Əziz dostlar, bu kompleksin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim müxtəlif federasiyalar öz yarışlarını məhz bu kompleksdə keçirəcəklər. Bir də onu demək istəyirəm ki, mən əminəm, bu kompleksdə məşq edəcək və yarışacaq gənclər, idmançılar Azərbaycanın idman şöhrətini daim yüksək saxlayacaqlar, doğma xalqımıza daha böyük qələbələr gətirəcəklər.

15 iyun 2002-ci il

Xəbər 2317 dəfə oxundu.