Con Toşak: “Ümid edirəm sonda hər şey istədiyimiz kimi olacaq” - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak klubun rəsmi saytına müsahibə verib. İdman.com.az saytı xəbər verir ki, uelsli mütəxəssis qarşıdakı matçlar və “Bakı” ilə ölkə kubokunun cavab qarşılaşmasına haqda fikrini açıqlayıb. Toşak əvvəl yarımfinal haqda danışıb.

- Azərbaycan kubokunun finalına vəsiqə qazanmaq yolunda çox ağır bir matça çıxdıq. Komandamın son oyunları məni razı salmasa da “Sumqayıt”la matçda futbolçularım məni az da olsa çıxışları ilə ümidləndirmişdi. Mən onlardan daha da artığını istəyərək “Bakı” ilə cavab qarşılaşmasında meydanda özlərinə inanıb vuruşmalarını istədim. Biz gözəl bilirdik ki, artıq çempionat oyunlarında iddiası qalmayan komanda olaraq ölkə kubokunun finalına vəsiqə qazanmaq komandamız və azarkeşlərimiz üçün nə qədər vacibdir. Bu mənada cavab qarşılaşmasında “Xəzər Lənkəran”lı futbolçuların nəhayət ki, verilən tapşırıqları düzgün yerinə yetirmələri, meydanda özlərinə güvənməklə vuruşmaları öz sözünü dedi. Açığı, mən buna yaxşı mənada təəccübləndim. Amma məni təəccübləndirən ən böyük hadisə azarkeşlərimizin dəstəyi idi. Son oyunlarda tərəfdarları üzdüyümüzdən onların da dəstəyini istədiyimiz kimi hiss etmirdik. Ancaq həmin gün onlar bizi çox vacib oyunda tək buraxmadılar. Mən, “Liverpul”da futbolçu kimi çıxış edərkən azarkeş dəstəyinin nə olduğunu yaxından hiss etmişəm. Sirr deyil ki, “Liverpul” tərəfdarları öz mükəmməl dəstəkləri ilə bütün dünyada seçilirlər. Amma sən demə onlardan geri qalmayan “Xəzər Lənkəran” azarkeşləri də varmış.

- Sizi ən çox tərəfdarların dəstəyi baxımından nə təəccübləndirdi?
- Onlarda qəribə bir sirr vardı. Elə dəstək verirlər ki, futbolçuları irəli atılmağa, qol vurmağa məcbur edirlər. Yəni, arxadan güclü bir fırtına səni rəqib qapısına doğru sürükləyir. Bu futbolçularım kimi məni də çox məmnun etdi. Bir şey də var ki, onların tribunada sayı “Liverpul” tərəfdarlarının sayından az olsa da dəstəyin gücü eyni idi.

- Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın azarkeşlərinə minnətdarlıq etməyiniz, qələbədə onların da payının olduğunu söyləməyiniz yəqin ki, söylədiklərinizə işarə idi.
- Yox, yox. Mən həmin gün, onlar haqqında daha artığını deməklə ənənədən qaça bilməzdim. Yəni ki, yanımda həmkarım da oturmuşdu və biz əsasən matç haqqında danışdıq. Çıxışımın sonunda azarkeşlərimizə minnətdarlıq etsəm də bu ürəyimdəkilərin hamısı deyildi. İndi isə hamısını ümumiləşdirib deyirəm - Siz möhtəşəm idiniz!

- Qarşıda çempionat oyunları və əlbəttə ki, ölkə kubokunun finalı var. Nələr sizi qayğılandırır?
- Məni qayğılandıran əsas məqam zədəli futbolçularla bağlıdır. Dünən komandamızın həkimi bununla bağlı ətraflı raport hazırlayıb. Əsas futbolçularımızdan 5-i hal-hazıda ciddi zədədən əziyyət çəkir. Amma biz irəli baxıb bütün çətinliklərə sinə gərməliyik. Tərəfdarlardan bizə inanmalarını istəyirəm. Artıq futbolçular son oyundakı dəstəkdən sonra çox ayılıblar və anlayırlar ki, belə azarkeşləri üzmək olmaz. Onlar üçün daha artığını etməliyik. Bu gün klub rəhbərliyi də komandaya lazım olan bütün dəstəyi əsirgəmir. Ümid edirəm sonda hər şey bizim hamımızın istədiyi kimi olacaq.

Xəbər 1082 dəfə oxundu.