Boksçumuz Polşada 2-ci yer tutub
Polşa paytaxtında Feliks Stammın xatirəsinə boks üzrə ənənəvi turnirə yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsində qadınlar da mübarizə aparıb.

Varşavada 22 ölkənin nümayəndələri güclərini sınayıb ki, onların arasında Avstraliya, Braziliya, Yeni Zelandiya, Qazaxıstan kimi qeyri Avropa dövlətləri də olub. Rəqabətə milli komandamızın üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyevna (60 kq) da çıxış ediblər.

Alekseyevna finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Belə ki, boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Beləliklə, milli komandamızın üzvü 2-ci yerlə kifayətlənib. Qeyd edək ki, Polşada təlim-məşq toplanışı zamanı digər boksçularımız sparinq-döyüşlərdə iştirak ediblər. Anna Əlimərdanova (60 kq) İtaliya və Monqolustandan olan rəqiblərini məğlub edib.

Anaxanım Ağayeva (51 kq) isə macar və finlandiyalı idmançılar üzərində qələbə qazanıb. Qadınlardan ibarət millimiz mayın 12-də Qazaxıstana yollanaraq, orada yerli komanda ilə yanaşı, Ukrayna, Rusiya və Hindistan idmançıları ilə təlim-məşq toplanışında iştirak edəcəklər.

Xəbər 867 dəfə oxundu.