«Synergy Baku Cycling Project»in təqdimatı oldu
1-5 mayda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə «Tour d`Azerbaidjan» beynəlxalq velosiped turniri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, bu gün «Yaxt Klub»da adı çəkilən yarışda ölkəmizi təmsil edəcək «Synergy Baku Cycling Project» komandasının təqdimatı oldu.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, ölkəmizdə bu idman növünün inkişaf etdirilməsindən danışdı. Bildirdi ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın bütün sahələrinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində velosiped idmanı da son vaxtlar öz dirçəliş dövrünə qədəm qoyub.

Son bir ildə federasiya tərəfindən velosiped idmanının tanınması, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və təbliğat istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Həmin bu işlərin sırasında ölkəmizin ilk peşəkar velosiped komandasının - «Synergy Baku Cycling Project»in yaradılması xüsusi yer tutur.

Qeyd edək ki, Azərbaycan klubunun heyətinə Elçin Əsədov, Samir Cəbrayılov, Devid Klark, Dan Kraven, Con Ebsen, Tural İsgəndərov, Aqşin Teymur İsmayılov, Anuar Manna, Devid McCann, Konnor McKonvey, Ruslan Mustafayev, Elvin Nağıyev, Kirill Pozdnyakov, Riko Rogers, Kristof Şvayzer, Oleksandr Surutkoviç daxildirlər. Baş məşqçi İngiltərənin «Sky» komandasında böyük təcrübə yığmış Jeremi Hantdır.

Kamran HACI

Xəbər 965 dəfə oxundu.