Azad Rəhimov Braziliyada rəsmi səfərdədir
21 apreldə Gənclər və idman naziri Azad Rəhimovun Braziliya Federativ Respublikasına səfəri başlayıb. İdman.com.az saytı xəbər verir ki, bir gün sonra o, braziliyalı həmkarı Aldo Rebelo ilə görüşüb. Fikir mübadiləsi zamanı ikitərəfli əlaqələrin hazırki vəziyyəti müzakirə edilib və idman sahəsində əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb.

Bununla yanaşı, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülər hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunub.

Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində Əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.

Sonra, nazir Azad Rəhimov Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüş keçirilib. Görüş zamanı nazir Azad Rəhimov ölkəmizdə paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat verib və iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmin gün nazir “TV Brasil” kanalına müsahibə verib. Müsahibə zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirən Azad Rəhimov, bu ilin may ayında Bakıda Kapoeyra üzrə Dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi olduğunu ifadə edib. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək yay Olimpiya oyunları barədə danışan nazir Azad Rəhimov bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.

Aprelin 23-də nazir A.Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşmüşdür. X.Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında Anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirmişdir. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Nazir A.Rəhimov Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Prezidenti deputat Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə də görüşüb. Toplantıda ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşlərə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da qatılıb.

Nazir Azad Rəhimovun Braziliya səfəri davam edir.

Xəbər 2125 dəfə oxundu.