Bodibildinq üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
- Əziz xanımlar və cənablar!
- Əziz qonaqlar!
Bu gün Azərbaycanın müasir idman tarixində çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda bodibildinq üzrə Avropa çempionatı keçirilir. Mən sizin hamınızı, o cümlədən bu yarışlarda iştirak etmək üçün Azərbaycana gəlmiş 21 ölkəni təmsil edən bütün idmançıları və qonaqları səmimi qəlbdən təbrik edirəm.
Belə mötəbər yarışların Bakıda keçirilməsi bizi çox sevindirir. Bu, beynəlxalq və Avropa idman qurumları tərəfindən bizə göstərilən çox böyük inam, çox böyük etimaddır. Bizim fəaliyyətmizə verilən çox böyük qiymətdir. Azərbaycan idmanı artıq beynəlxalq idman aləmində öz layiqli yerini tuta bilmişdir. Və hesab edirəm ki, bu çempionatın məhz Azərbaycanda keçirilməsi bunun əyani sübutudur. Azərbaycanda müxtəlif Avropa və dünya səviyyəli yarışlar, çempionatlar keçirilir və gələcəkdə də keçiriləcəkdir. Artıq ölkəmizdə yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir. Bu ilin payızında yeniyetmələr arasında boks üzrə dünya çempionatı keçiriləcəkdir. 2002-ci ildə yaşlılar arasında sərbəst güləş üzrə Avropa çempionatı keçiriləcəkdir. Bu onu göstərir ki, Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilir. Və əlbəttə ki, bu bizi çox sevindirir. Hesab edirəm ki, hər bir yarışdan sonra idman bölmələrində məşğul olanların sayı artır. Bu, çox böyük hadisədir. Və hesab edirəm ki, bu çempionatdan sonra da Azərbaycanda bodibildinqlə məşğul olmaq istəyən insanların sayı artacaqdır. Bə`zən bizə, Milli Olimpiya Komitəsinə sual verirlər ki, qeyri-olimpiya idman növlərinə sizin münasibətiniz necədir? Mən dəfələrlə demişəm, indi bir daha deyirəm ki, biz Azərbaycanda hər bir idman növünün inkişafını istəyirik. Biz idmançılar arasında heç bir fərq qoymuruq. Olimpiya və yaxud qeyri-olimpiya idman növlərinin hər biri bizim üçün əzizdir. Hər bir idmançı bizim üçün dəyərlidir, hər bir idmançının qələbəsi bizim üçün vacibdir. Və hesab edirəm ki, bu gün də bu, əyani şəkildə sübut edilir.
Azərbaycan idmançıları Sidneydəki qələbəmizdən sonra Avropanın və dünyanın idman zirvələrini fəth etməyə davam edirlər. Bilirsiniz ki, bu yaxınlarda bizim idmançılarımız çox böyük nailiyyətlər əldə ediblər. Ağırlıqqaldırma üzrə Avropa çempionatında bizim üç idmançımız vətənə medallarla qayıdıblar. Dünən biz Milli Olimpiya Komitəsində onları bu qələbə münasibətilə təbrik etmişik. Mən istəyirəm ki, biz hamımız bir daha onları təbrik edək, onlara yeni-yeni uğurlar arzulayaq. Üç idmançı ilə təmsil olunan Azərbaycan vətənə üç medal gətirmişdir. Bir qızıl, bir gümüş və bir bürünc medal. Hesab edirəm ki, bundan sonra da müxtəlif beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Afinada keçiriləcək Olimpiadada da Azərbaycanın Dövlət bayrağı qalxacaq, Azərbaycanın dövlət himni səslənəcək. Əziz dostlar, mən sizi bir daha ürəkdən salamlayıram və bu çempionatda iştirak edən idmançılara uğurlar, qələbələr arzulayıram. Sağ olun.

6 may 2001-ci il

Xəbər 2789 dəfə oxundu.