Dünya futbolunu sarsıdacaq transferlər
İngiltərə Premyer Liqasında tarixinin 20-ci çempionluğunu qazanan «Mançester Yunayted»in növbəti hədəfi Çempionlar Liqasını qazanmaqdı. Mançester təmsilçisi bu məqsədlə heyətinə daha bir neçə ulduz futbolçu qatmağı planlaşdırır.

Yay transfer pəncərəsinin açılmasını gözləyən «qırmızı şeytanlar» heyətindəki 3 ulduzu yola salıb, 3 superstarla anlaşmaq niyyətindədi. Bəs Premyer Liqa çemionu kimlərlə vidalaşacaq?

Aleks Ferqyuson portuqaliyalı Nani, heyətə düşməkdə çətinlik çəkən Andersonla yanaşı, Ueyn Runini də itirəcək. Amma sonuncu baş məşqçini qane etmədiyindən yox, PSJ-nin hədəfində olduğundan komandanı tərk edəcək. Olduqca böyük məğbəğdə təklif alan Runinin növbəti dayanacağı böyük ehtimalla Paris olacaq. «Mançester Yunayted» ondan qazanacağı pulu yeni transferlərə sərf etmək istəyir.

Bəs Ferqyusonun Premyer Liqada görmək istədiyi futbolçular kimlərdi? İlk isim Kriştiano Ronaldodu. Mançester təmsilçisi 94 milyon avroya «Real»a satdığı portuqaliyalı superstarı geri qaytarmaq istəyir və bu barədə müzakirələr bir neçə aydı davam edir. Ronaldonu «evə» qaytarmaq üçün İngiltərə nəhəngi bütün fədakarlıqları edəcək. Təkcə futbolçu və klubu razılıq versin…

«Mançester Yunayted»in hədəfindəki ikinci isim «Atletiko»nun qol maşını Radamel Falkaodu. «Qırmızı şeytanlar» «Çelsi», «Mançester Siti», «Real», PSJ kimi nəhənglərin hədəfində olan kolumbiyalı üçün də böyük məbləğdən keçməli olacaqlar.

Və Dortmund «Borussiya»sının Robert Levandovski. Ferqyusonun hədəfində olan polşalı ulduz özü də «Mançester Yunayted»də oynamaq istədiyini bildirib.

Bu üç ulduz üçün tam 140 milyon avroluq büdcə ayırmaq istəyən «Mançester Yunayted» transferlər gerçəkləşərsə son illərin ən güclü komandalarından birinə və bəlkə də birincisinə çeviriləcək.

Xəbər 853 dəfə oxundu.