Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
Bu gün biz, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını keçiririk. Eyni zamanda, MOK-un fəaliyyətinə daim dəstək verən Olimpiya idman növləri üzrə federasiyaların rəhbərlərini də buraya dəvət etmişik. Hesab edirəm ki, gündəliklə tanışsınız. Bu gün biz ilin yekunları haqqında müzakirələr aparacağıq. Düzdür, il ərzində mütəmadi qaydada əldə olunan uğurlar haqqında fikir mübadiləsi aparmışıq, nəticələri müzakirə etmişik, problemlərin həlli ilə məşğul olmuşuq, amma hesab edirəm ki, ümumi yekun kimi bu gün bunu daha geniş şəkildə müzakirə etməliyik. Eyni zamanda, qarşıdan gələn Afina Yay Olimpiya Oyunlarına hazırlıq ilə bağlı problemlərin müzakirəsinə ehtiyac vardır. Çünki 2003-cü il bu mənada həlledici il olacaqdır. Hesab edirəm ki, biz bu gün 2003-cü ildə görüləcək işlər haqqında daha da geniş söhbət aparmalıyıq. Həmçinin burada idmançıları, məşqçiləri, idman mütəxəssislərini hədiyyələrlə təltif etmək istəyirik. Bilirsiniz ki, il ərzində beynəlxalq yarışlarda qələbə qazanmış idmançılarla elə bu binada müntəzəm keçirilən görüşlərdə onlar Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılmışlar. Eyni zamanda, hesab etdik ki, ilin sonunda, yeni il ərəfəsində biz idmançılara daha dəyərli mükafatlar verməliyik. İl ərzində bizə çoxlu müraciətlər olmuşdur. Deyə bilərəm ki, biz bu müraciətlərin hamısını təmin etdik. Müraciətlərin çoxusunda idmançıların, məşqçilərin, idman mütəxəssislərinin yaşayış şəraitinin yaxşılaşdırılması məsələsi qoyulmuşdu. Milli Olimpiya Komitəsi Gənclər İdman və Turizm Nazirliyi ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi və bizim müraciətimizə əsasən bu gün biz bu missiyanı yerinə yetirə bilərik. Ona görə də gəlin bu iclası xoş missiya ilə başlayaq, mükafatları verək, təltif olunanları təbrik edək.
***

Burada bir neçə təklif səsləndi. Buna görə çox sağ olun. Hesab edirəm ki, Olimpiya Komitəsi Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə bu təklifləri nəzərdən keçirəcəkdir. İppodrom məsələsinə gəlincə, ippodrom idman üçün nəzərdə tutulub və əlbəttə bu məsələ öz ədalətli həllini tapmalıdır. Son zamanlar atçılıqla bağlı ölkəmizdə bir neçə tədbirlər keçirilib. Hətta bu yaxınlarda burada beynəlxalq turnir də oldu. Sevinirəm ki, bu idman növü yaşayır və inkişaf edir. Ənənə olsa da, atçılıqda böyük uğurlar qazanılmayıb. Amma son dövrdə hiss olunur ki, inkişaf var, yeni klublar təsis olunub, yeni atlar gətirilib və s. Milli Olimpiya Komitəsi də bu sahədə öz köməyini göstərməyə hazırdır. Siz təkliflərinizi konkretləşdirin və bizə rəsmi qaydada müraciət edin. Atçılıq dünyada sayılan, gözəl idman növüdür. Hesab edirəm ki, bizim idmançılarımızın beynəlxalq yarışlarda iştirak etmələri üçün hər cür imkan vardır. Taekvondo üzrə lisenziya turnirinin keçirilməsi üçün də işlər aparılır. Bir müddət əvvəl, Avropa Taekvondo Federasiyasının prezidenti Bakıya gəlmişdi. Bu barədə ona müraciət etdik. Məsələ burasındadır ki, lisenziya yarışlarını keçirmək üçün bir neçə ölkə öz namizədliyini verib. Bu idman növündə də lisenziya yarışlarının sayı çox deyil. Aldığımız məlumata görə, bəzi ölkələr artıq öz namizədliklərini geri götürüblər və bu bizim şansımızı daha da artırıb.
Stolüstü Tennis Federasiyasının prezidentinin təklifi ilə bağlı münasibətimi bildirmək istəyirəm. Mən də hesab edirəm ki, qadınların idmana cəlb olunmasına diqqət göstərməliyik. Beynəlxalq Olimpiya Komitəsinin belə bir tövsiyəsi olmuşdu. Cənab Xuan Antonio Samaranç bildirmişdi ki, onların siyasəti qadınların önə çəkilməsini, onlar üçün şərait yaradılmasını əsas tutur. Qadınların həm idmanda, həm də idmana rəhbərlik edən qurumlarda təmsil olunmasına şərait yaradılır. Bizim İcraiyyə Komitəsinin üç qadın üzvü var və mən istərdim ki, daha da çox olsun. Amma bəzi idman növləri var ki, orada qadınların iştirakı o qədər də məqsədəuyğun deyil. Əlbəttə, idman idmançıdan fədakarlıq tələb edir. Çox hallarda idmançı zədə də alır, sağlamlığını da itirir. Ümumiyyətlə, idman sağlamlıq üçün çox xeyirlidir. Gərək, qadınlar onlara yaraşan idman növləri ilə məşğul olsunlar. Üzgüçülük, gimnastika, voleybol, həndbol, basketbol, futbol, şahmat, otüstü hokkey və stolüstü tennis idman növlərində çıxış etmək daha məqsədəuyğun olardı. Bu növlərdə ölkəmizi layiqincə təmsil edən idmançılarımız var. Biz bunun üçün lazımi şərait yaradırıq. Qadınların idmanda böyük rolu vardır. Mən bir daha bildirirəm ki, biz Azərbaycanda komanda oyun növlərinin inkişaf etməsini istəyirik. Fərdi oyun növlərində uğurlarımız vardır və Afina Olimpiya Oyunları bunu bir daha təsdiq edəcəkdir. Düşünürəm ki, bizim nəticələrimiz daha da yüksək olacaqdır. Ümumiyyətlə, təkcə Olimpiya oyunlarında yox, dünya, Avropa çempionatlarında qazanılan uğurlar da elə-belə, asanlıqla başa gəlmir. Amma qazanılan uğurları gərək həmişə qiymətləndirək və qiymətləndiririk. İdmanın komanda növləri tamaşaçı auditoriyasını daha çox cəlb edir. Çox istərdim ki, Azərbaycanda bu sahədə yüksək nəticələr qazanılsın. Bizim voleybol komandamızın nailiyyəti var. Voleybolçularımız Avropa Top-komanda kubokunun qalibi olmuşdur.
Bir sözlə, Azərbaycanda idman inkişaf edir, gözəl nəticələrimiz vardır. Mən İcraiyyə Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Burada görkəmli idman xadimləri, idmançılar, məşqçilər, ziyalılar təmsil olunur. İcraiyyə Komitəsinin hər bir üzvü böyük iş görür, Azərbaycanı ləyaqətlə təmsil edir və böyük şəxsi nüfuza malikdir. Mən onlara öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, gələcəkdə də belə davam edəcəkdir.
Biz idmanı daha da inkişaf etdirmək, idmançılara lazımi şərait yaratmaq üçün gərək federasiyaları gücləndirək. Çox şadam ki, federasiyaların rəhbərliyinə seçilən insanlar idmanı sevirlər və onların arasında sağlam rəqabət gedir. Bu da çox yaxşıdır. Bütün bunlar onu göstərir ki, biz düz yoldayıq. Dəvət etdiyimiz mütəxəssislər çox böyük həvəslə, maraqla və peşəkarlıqla işləyirlər. Əgər biz işlərimizi gələcəkdə də bu istiqamətdə davam etdirsək, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, federasiyalar, klublar, bütün idman ictimaiyyəti bundan da böyük qələbələrin, uğurların sahibi olacaqdır. Sizə bir daha öz təşəkkürümü bildirir, hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Növbəti ildə sizə fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik, səadət arzulayıram.

27 dekabr 2002-ci il

Xəbər 2676 dəfə oxundu.