“Bavariya” doğma meydanda “Barselona”nı qəbul edib
Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunu keçirilib. “Bavariya” doğma meydanda “Barselona”nı qəbul edib.

Oyundan əvvəl futbolçular və məşqçilər tərəfindən verilən açıqlamalar hər iki komandanın idddialı olduğundan xəbər verirdi. Lakin 90 dəqiqənin sonunda Münhen təmsilçisinin bu oyunda daha güclü olduğu bilindi.

Hesab matçın 25-ci dəqiqəsində açıldı. Dantenin ötürməsini Tomas Müller qola çevirdi – 1:0. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissəyə də aktiv başlayan almanlar 49-cu dəqiqədə ikinci dəfə sevindi. Mario Qomez adını tabloya yazdıran Müllerin ötürdüyü topu tora qovuşdurdu. Görüşün 73-cü dəqiqəsində Aryen Robben kataloniyalıları üçüncü dəfə məyus etdi – 3:0. Lakin qola doymayan Heynkesin yetirmələri “Barselona”nı arzularını puç etdi. 82-ci dəqiqədə Müller Valdesin qoruduğu qapıya yol tapa bildi – 4:0. Qarşılaşma bu hesabla da başa çatdı. Görüşdə qonaqlar ev sahiblərindən yalnız sarı vərəqə sayına görə üstün oldu – 3:4.

Qeyd edək ki, cavab oyunu mayın 1-i Bakı vaxtilə saat 23:45-də “Nou Kamp” stadionunda keçiriləcək.

“Bavariya” – “Barselona” 4:0
Qollar: Tomas Müller, 25, 82. Mario Qomez, 49. Aryen Robben, 73.

Xəbər 981 dəfə oxundu.