Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik yubiley mərasimində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əiyevin çıxışı
- Hörmətli xanımlar və cənablar!
- Əziz qonaqlar!
Bu gün Azərbaycanın idman həyatında əlamətdar bir gündür. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası öz yubileyini keçirir.
Bu münasibətlə mən Milli Olimpiya Komitəsi adından Akademiyanın bütün kollektivini təbrik edirəm.
Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycanda bütün zamanlarda idmanımızın inkişafında çox böyük rol oynamışdır. Xüsusilə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu rol daha önəmli, daha böyük olmuşdur.
Burada təhsil alan, Akademiyanın məzunları olan idmançılar keçmişdə SSRİ-nin yığma komandalarında çıxış edirdilər. İndi isə, ölkəmiz müstəqil olandan sonra, burada təhsil alan insanlar müstəqil Azərbaycan dövlətinin şöhrətini qoruyurlar, yüksəldirlər. Mən deyərdim ki, bu işin öhdəsindən çox böyük məharətlə gələ bilirlər.
Azərbaycan idmançıları son dörd il ərzində beynəlxalq yarışlarda 630 medal qazana bilmişlər. Bu, çox böyük nəticədir. Bu medalların əksəriyyətini burada təhsil alan tələbələr, Akademiyanın məzunları qazanmışlar.
Ölkəmiz beynəlxalq idman aləmində öz layiqli yerini tutmuşdur. Azərbaycan idmanının dünyada böyük hörməti vardır. Biz müxtəlif beynəlxalq yarışlarda və tədbirlərdə dəfələrlə bunun şahidi olmuşuq. Ağacan müəllimlə birlikdə biz dəfələrlə Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin tədbirlərində iştirak etmişik. Hər dəfə görürdük ki, Azərbaycan idmanına nə qədər böyük hörmət var. Əlbəttə, bu hörmət öz-özünə yaranmır, görülən işlərin nəticəsidir. Mən xatırlayıram, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Samarançla görüşümdə ona görülən işlər, öz planlarımız haqqında danışanda deyirdim: Biz əlimizdən gələni edirik ki, idmançıların şəraiti yaxşılaşsın, beynəlxalq yarışlarda onların iştirakını təmin edək. Cənab Samaranç dedi ki, bunların hamısı yaxşıdır. Amma Olimpiya Komitəsi üçün, hər bir ölkə üçün ən böyük mükafat və nəticə Olimpiya oyunlarının medallarıdır.
Mən çox şadam və xoşbəxtəm. Sidneydə qazanılmış medallar hesab edirəm ki, bütün Azərbaycan xalqına məxsusdur. Bu qələbə təkcə idmançıların, onların məşqçilərinin, idmana rəhbərlik edən şəxslərin yox, bütün Azərbaycan xalqının qələbəsi idi. O, unudulmaz günləri və anları biz Ağacan müəllimlə birlikdə keçirmişik, vətənə böyük qələbələrlə qayıtmışıq.
Azərbaycanda artıq müxtəlif beynəlxalq yarışların keçirilməsi də mümükun olmuşdur. Ağacan müəllimin gərgin, məqsədyönlü fəaliyyəti nəticəsində dünyada ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir. Bu çempionat çox uğurlu keçirilmiş, çox gözəl təşkil olunmuşdu. Məhz buna görə Beynəlxalq Boks Federasiyası belə qərar qəbul etdi ki, 2001-ci ildə, yəni bu ilin oktyabrında yeniyetmələr arasında boks üzrə dünya çempionatı keçiriləcəkdir. 2002-ci ildə yaşlılar arasında sərbəst güləş üzrə Avropa çempionatı keçiriləcəkdir. Bütün bu tədbirlərin Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizim fəaliyyətimizə verilən çox yüksək, böyük qiymətdir.
Bildiyiniz kimi, dünən ilk dəfə olaraq Azərbaycanda - Bakıda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Bu tədbirdə iştirak edən insanlar bu gün burada bizimlə birlikdədirlər.
Əziz dostlar mən sizin hamınıza gələcək fəaliyyətinizdə uğurlar diləmək istəyirəm. Mən istəyirəm ki, Azərbaycanın idmançıları müxtəlif beynəlxalq yarışlarda həmişə qələbə qazansınlar. Mən istəyirəm ki, Azərbaycanın, müstəqil dövlətimizin bayrağı həmişə qaldırılsın. Mən istəyirəm ki, bizim dövlət himnimiz səsləndirilsin. Əminəm ki, həmişə də belə olacaqdır. Azərbaycan idmançıları, xalqımızın vətənpərvər övladları daim qələbə qazanacaq, öz doğma xalqını daim qələbələrlə sevindirəcəklər.
Sağ olun.

7 aprel 2001-ci il

Xəbər 2846 dəfə oxundu.