Mövsüm aydınlaşma dövrünə qədəm qoyur
Milli futbol çempionatında Premyer Liqa klublarının mübarizəsində həlledici mərhələ başlanır. Komandaları finiş xəttindən cəmi 5 tur ayırır. Final raundunun ikinci dövrəsi çempionluq uğrunda yarışan komandalardan ikisinin dueli ilə başlayacaq və bu qarşılaşmadan başlayaraq, çempionatın əsas suallarına turdan-tura cavab veriləcək. Bir sözlə, hər oyun yekun çözümə doğru bir addım olacaq.

Ötən oyun günlərinə nəzər salanda, artıq ilk yekunu müəyyənləşdirmək olar. 1-ci üçlüyün arxasında qalan 3 komandadan ən yaxşısı liderdən 14, iddiaçılardan 10 xal geri qalır. «İnter» doğma divarlar arasında «Simurq»u məğlub etməklə, turnirdə faktiki mübarizənin sərhəddini əvvəldən də proqnozlaşdırılan çərçivədə müəyyənləşdirib. Rəsmi nəticələrə gəlincə, artıq «Neftçi»yə məğlub olmuş «Qəbələ» bütün mübarizələrdən kənarda qalıb. «Qarabağ»a rəqib olmadığı bir daha sübut edilən «Bakı» isə «İnter»in qazanacağı və ya özünün itirəcəyi ilk xalla medallardan məhrum olacaq.

Nəticələrlə yanaşı, komandaların göstərdiyi oyuna da qiymət vermək olar. Bu günə qədər çempionatın ən xoş təsir bağışlayan heyəti «Qarabağ»dır. Fasilədən sonra ağdamlıların oyununda əsaslı dəyişikliklər hiss olunur. Kollektiv oyun cinahlarla yanaşı, həm də funksional tərzi ilə seçilir. Hələ ki, heç bir klub adi, orta və uzun ötürmələrin dəqiqliyi, səmərəsi ilə «Qarabağ»la nəinki müqayisə oluna bilməz, hətta bu mənada hər hansı uğurundan belə, söz aça bilməz.

«İnter»in ötən mövsümdəki formasından - çox, cari yarışın təsnifat mərhələsindən isə - xeyli aşağı olması da diqqətdən kənar qalmır. Bəzən komanda sanki çempion ola biləcəyinə inanmırmış kimi oynayır. Hərçənd «Qarabağ» oyunu ilə bunun hər vəchlə mümkünlüyünü sübut edir. Əlbəttə, meydandan kənar rəqabətin həmişəki kimi finiş ərəfəsində qızışması vəziyyəti bir qədər ağırlaşdırır. Bu arada «Neftçi»nin baş məşqçisinin açıqlamaları və bunun nəticəsində 10 oyunluq cəza alması və sonradan bunun 3 matça qədər endirilməsi yaranmış durumun aynası sayıla bilər. Əfsus ki, cəzaların bu qədər fərqlə verilməsi hətta federasiya daxilində də yaranmış durumla bağlı konkret fikrin olmamasını və onların da bu təzyiqdən çəkindiklərinin göstəricisi sayıla bilər. Ölkə kubokunda baş verənlər «Qarabağ»ı da ayağa qaldırdı.

Təbii ki, AFFA rəhbərinin də bu məsələyə reaksiya verməsi, bəlkə də, vəziyyətin sabitləşməsinə kömək etdi. Lakin daha bir kəskin bəyanat həm yarışı, həm də təşkilatçıların fəaliyyətini şübhə altına alacaq. Bundan sonra, futbol ictimaiyyətində yaranmış söz-söhbətlərə görə məsuliyyəti kənarda axtarmağa dəyməz. Federasiya bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atmalı və ilk növbədə, öz sıralarında şəffaflığı təmin etməlidir. Yeri gələrsə, şübhəli duruma yol açan səbəbləri aradan qaldırmalıdır.

Bütün diqqət ilk altı klubun mübarizəsinə yönəlmişkən, aşağıda da bəzi məqamlardan söz açmaq lazımdır. Əslində, gərginlik cəmi iki klub arasında gedir. Artıq «Kəpəz»in elitanı tərk eəcəyi rəsmiləşib. AFFA-nın son konfransında Premyer Liqanın formatı ilə bağlı qəbul edilmiş və finiş xəttində cari mövsümün reqlamentini dəyişməsi ilə vəziyyət bir qədər də aydınlaşıb. İndi 11-ci yerin sahibinin də aşağı dəstəyə enəcəyi məlum olub. Bu yerdə qərarlaşmamaq üçün cəmi iki klub - «Turan» və «Sumqayıt» mübarizə aparır. Aşağı dəstədən isə yenə elitaya heç bir komandanın yüksəlmək imkanı yoxdur. Əlbəttə, yarış prinsiplərinin ədalətdən uzaqlaşdırılması ilə yaranmış bu vəziyyət onsuz da inkişaf perspektivləri hələ də müəmmalı görünən klub futbolumuza daha bir zərbə kimi qiymətləndirilə bilər. Yetişən nəslin iki böyük məktəbindən birinin də elitadan silinməsi futbolumuzun xeyrinə olmayan növbəti addıma çevriləcək və bu vəziyyət, ta ki, ölkə çempionatı və onun liqaları ilə bağlı ciddi addımlar atılmayınca davam edəcək.

BATI YAR

Xəbər 1228 dəfə oxundu.