Çempionlu, yoxsa çempionsuz final?
Aprelin 24-də ölkə kuboku uğrunda futbol klublarının mübarizəsində ilk böyük suala cavab veriləcək və finalçılar bəlli olacaq. İdman.com.az saytı xəbər verir ki, ilk oyunlarda qeydə alınan nəticələr qaliblərin təxmin edilməsi üçün yetərli olmadı. Əksinə, cavab görüşləri ərəfəsində mübarizəyə “Qordi düyünü” vurulub və onu yalnız kəsib açmaq mümkün olacaq.

Birinci görüşlərdə əldə olunan nəticələrdən söz açsaq, prinsip etibarilə komandalar elə də fərqli oyun nümayiş etdirmədilər. Bu isə klubların kubok yarışı ilə ölkə çempionatı arasında fərqli yanaşma tərzini tətbiq edə bilməməsindən irəli gəlir. Bu xüsusda lənkəranlılar daha çox seçilməli idilər. Lakin komandanın oyununda dəyişən hələlik yalnız baş məşqçinin adıdır. Bəzən yeni baş məşqçi ilə komandalar bir qədər yüksək enerjili oyun nümayiş etdirirlər. Lakin Toşakın özü də hələ nə edəcəyini dəqiq bilmir. Prinsipcə, ona verlən «kard-blanş»la, yəqin ki, yeni mövsümə hazırlıq daha çox qabardılır. Çünki Avrokuboklara vəsiqə qazansa, komandadan nəticə tələb olunacaq. Bu isə klubda kiməsə sərf edirmi? Yeganə yol məhz ölkə kubokudur. Ən azı, oyunda bu suala cavab hiss olunmalıdır. Bunun cavabına isə cəmi bir gün qalıb.

Bu mövsümün ən yaxşı və nizamlı oyun göstərən komandası kimi «Qarabağ»ın mövsümdə 4-cü dəfə «Neftçi»ni məğlub etməsinə heç nə mane olmurdu. Komanda buna yaxın idi. Bəzən «ağ-qaralar»ın üstünlüyü təsiri yaransa da, əslində, «Qarabağ» futbol parametrləri ilə daha praqmatik oyunu ilə qələbəyə çox yaxın görünürdü ki, bura da təsadüf hər şeyi alt-üst etdi. Qəribə penalti və ardınca qol dərhal vəziyyəti tam dəyişdi və nəhayət ki, «Neftçi» mövsümdə Ağdam klubunu məyus etməyin yolunu tapdı. Bu isə son günlər mövsüm ətrafında yaranmış gərginliyin bir qədər də kəskinləşməsinə səbəb oldu.

Nəticədə, bu oyuna qədər yalnız vəziyyəti sakit izləyən «Qarabağ» rəhbərliyinin də dili açıldı. Bu durumun bu qədər kəskinləşməsi, təbii ki, komandaların oyununda da əksini tapa və beləcə, mübarizənin də keyfiyyətinə təsir göstərə bilər. Bu isə söz-söhbətlərin ayaq açıb-yeriməsinə səbəb ola bilər və artıq bunun təməli də qoyulub.
Təbii ki, ilk qarşılaşmalardakı nəticələr şərtidir. Hər iki matçda son nöqtə bu gün qoyulacaq və yalnız bundan sonra bəzi məqamlar haqqında konkret söz açmaq olacaq.

Son qeyd ediləsi məqam belədir: istər «Bakı», istərsə də «Xəzər Lənkəran» finalda çempion olacaq komanda ilə üz-üzə gəlmək istəyərlər. Bu halda, oyunun nəticəsindən asılı olmayaraq, onlar Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmış olacaqlar. Hazırda həm «Neftçi», həm də «Qarabağ»ın bu şansı yüksəkdir.

BATI YAR

İlk oyunlar
17 aprel (çərşənbə)

“Neftçi” (Bakı) - “Qarabağ” (Ağdam). 2:1 (Araz Abdullayev, 62-pen., Bahadır Nəsimov, 90//Vüqar Nadirov, 55).

“Bakı” - “Xəzər Lənkəran”. 1:0 (Marius Penya, 82-pen.).

Cavab görüşləri - 24 aprel (çərşənbə)

Final
28 may (çərşənbə axşamı)

Xəbər 962 dəfə oxundu.