XXVII Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idmançılarının Bakı Əyləncə Mərkəzində mükafatlandırılması mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
- Xanımlar və cənablar!
- Əziz idmançılar!
Mən sizin hamınızı bu gözəl salonda salamlayıram, sizə “xoş gəlmisiniz!” deyirəm.
Əziz dostlar, oktyabrın 18-də ölkəmizin başçısı cənab prezidentin idmançılarımızla, olimpiya oyunlarında iştirak edən idmançılar, məşqçilərlə və nümayəndə heyətinin bütün üzvləri ilə görüşü olmuşdur. Dövlətimizin başçısı Azərbaycanın Sidneydə əldə etdiyi nəticələri çox yüksək qiymətləndirmiş və bu, onun verdiyi fərmanda öz əksini tapmışdır. Görkəmli idmançılarımız Namiq Abdullayev, Zemfira Meftahədtinova, Vüqar Ələkbərov və onların məşqçiləri yüksək dövlət nişanları ilə - orden və medlla təltif olundular. Bu münasibətlə mən Milli Olimpiya Komitəsi və idman ictimaiyyəti adından onları bir daha təbrik edirəm.
O görüşün məhz oktyabrın 18-də keçirilməsi təsadüfi deyildi. Çünki həmin gün, Azərbaycanın dövlət müstəqilliyi günüdür. İdmançılarımız Sidneydə əldə etdikləri qələbə ilə bizim müstəqilliyimizi daha da möhkəmləndirdilər. Onlar bütün dünyaya sübut etdilər ki, Azərbaycan idmançıları, ölkəmizin vətəndaşları nəyə qadirdirlər. Sidneydə Azərbaycanın bayrağı qaldırıldı, ölkəmizin dövlət himni səsləndirildi. Bunu bizim idmançılarımız etdilər.
Əziz dostlar, bu günlərdə müxtəlif rayon və şəhərlərdə mənim çoxsaylı görüşlərim olmuşdur. Bütün bu görüşlərdə insanlar mənə yaxınlaşır və bu qələbə münasibətilə məni təbrik edirdilər. Eyni zamanda məndən xahiş edirdilər ki, onların təbriklərini idmançılarımıza çatdırım. Mən də bu şərərfli missiyanı indi yerinə yetirirəm. Əziz idmançılar, Bərdədən, Gəncədən, Əli Bayramlıdan, Kürdəmirdən, Mingəçevirdən sizə təbriklər gətirmişəm və əminəm ki, Azərbaycanın hər bir vətəndaşı bu təbriklərə qoşulur.
Siz xalqımıza, millətimizə sevinc, bayram gətirmisiniz. Minlərlə Azərbaycan vətəndaşı küçələrdə əllərində bayraq sizin qələbənizi qeyd edirdi. Düzdür, elələri də vardı ki, buna o qədər də sevinmirdi və bu barədə mən artiq demişəm. Görünür ki, bu qələbəmiz onların siyasi planları ilə uzlaşmırdı. Amma bu gün onlar haqqında bir söz demək istəmirəm. Bu gün bayramdır. Həqiqətən son illər ərzində Azərbaycanda idman sahəsində böyük inkişaf müşahidə olunur. Bu inkişafa təkan verən və bunu həyata keçirən ölkəmizin başçısı Heydər Əliyevdir. Onun qayğısı və diqqəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz bayrağını ucalda bilmişdir. O qayğıya və diqqətə görə bu gün bütün idmançılarımız adından ölkəmizin başçısına minnətdarlığımızı bildirmək istəyirəm.
Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə əlindən gələni etməyə çalışır və edir. Gördüyümüz işlər də az deyildir. Biz idmançılarımızın gözəl şəraiti olmasını istəyirdik və hesab edirəm ki, buna nail olmuşuq. İstəyirdik ki, onlar beynəlxalq yarışlarda iştirak etsinlər, onların məşqləri daha səmərəli keçsin. Hesab edirəm ki, bizim hamımız - idmançılar, idmana rəhbərlik edən şəxslər, ölkəmizin başçısı bu qələbəni daha əziz etmişik. Bu qələbə bütün müştərək səylərin məntiqi nəticəsidir.
Azərbaycanda indi idmana həqiqətən böyük axın vardır. İdmanla məşğul olmaq istəyənlərin sayı gündən-günə artır. İdmanla məşğul olmaq üçün biz öz tərəfimizdən onlara yeni şərait yaradırıq. Oktyabrın 21-də Bakıda Milli Olimpiya Komitəsi tərəfindən tikilmiş və idmançılarımızın sərəncamına verilmiş yeni olimpiya kompleksinin açılışında biz hamımız bir yerdə idik. Siz özünüz gördünüz ki, bu, ən yüksək dünya standartlarına cavab verən bir kompleksdir. O kompleksin açılışında bizimlə bərabər Avropa Olimpiya Komitəsinin prezidenti cənab Roq da iştirak etmiş və nitq söyləmiş, Azərbaycanın Milli Olimpiya Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Bu bizi çox sevindirir. Biz bu sahədə fəaliyyətimizi davam etdiririk.
Naxçıvan şəhərində yeni, iki salondan ibarət idman kompleksinin tikintisinə artıq başlanıbdır. Bu ayın 27-də mən özüm Gəncə şəhərində olarkən orada tikiləcək yeni, iki salondan ibarət müasir, gözəl idman kompleksinin təməl daşını qoydum və inşaatçılardan da xahiş etdim ki, onu tezliklə tikib istifadəyə versinlər.
Bizim planlarımız böyükdür. Ümumiyyətlə, biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün şərait yaradılsın və o şərait yüksək standartlara cavab versin. Biz bu proqramı həyata keçirəcəyik. Siz, əziz idmançılar, çempionlar, hesab edirəm ki, gənc nəsil üçün, uşaqlar üçün örnək olmalısınız. Onlar sizə, sizin qələbələrinizə baxıb idman bölmələrinə gəlməlidirlər və əminəm ki, gələcəklər.
Xanımlar və cənablar!
Əziz dostlar, əziz idmançılar!
Sidneydə biz 15 gün bir yerdə idik. Bu 15 gün ərzində kədərli günlərimiz də, sevincli günlərimiz də olubdur. O müddət ərzində biz sanki bir ailə idik. Hamımız bütün yarışları izləyirdik, çox böyük həyəcan içində idik. İnanırdıq ki, Azərbaycan idmançıları vətənə qələbə ilə qayıdacaqlar. Mən Sidneydə yaşadığım o qələbəni, xoşbəxt anları bir də yaşamaq istəyirəm. Hesab edirəm ki, siz də bunu istəyirsiniz. Mən əminəm ki, bu, belə də olacaqdır.
Olimpiada artıq tarixdə qaldı. Azərbaycan bu tarixi qızıl hərflərlə yazıbdır. Əminəm ki, 2004-cü ildə Afina şəhərində keçiriləcək olimpiadada da Azərbaycan böyük uğurlar əldə edəcək, ölkəmizin bayrağı qaldırılacaq, respublikamızın dövlət himni səslənəcəkdir. Biz vətənə yenə də qələbə ilə qayıdacağıq.
Mən sizin hamınızı bir daha təbrik edirəm, can sağlığı arzulayıram. Qələbə həmişə, həmişə bizimlə olacaqdır. Sağ olun.

29 oktyabr 2000-ci il

Xəbər 2864 dəfə oxundu.