Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar!
- Əziz idmançılar!
- Əziz dostlar!
Bu gözəl kompleksin açılışı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Azərbaycanda idman inkişaf edir. İdmana göstərilən qayğı yüksək səviyyədədir. Bu qayğının nəticəsində idmançılarımız beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edirlər. Azərbaycan idmançıları dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında yüksək nəticələr göstərərək, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırlar. O cümlədən stend atıcılığı idman növündə Azərbaycanın çox gözəl nəticələri vardır.
Zemfira Meftahəddinova 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya oyunlarında çempion olubdur. Bundan əlavə, o, dünya kubokunun sahibidir və dünya rekordçusudur. Biz əminik ki, 2004-cü ildə Afinada keçiriləcək Yay Olimpiya Oyunlarında da Zemfira Azərbaycanı ləyaqətlə təmsil edəcəkdir.
Uzun illərdir ki, stend atıcılığı ilə məşğul olan idmançılarımızın Azərbaycanda məşq etmək üçün imkanları olmamışdır. Buna görə də onlar məcbur olub təlim-məşq toplanışlarını xaricdə keçiriblər. Əlbəttə, bu, əlavə əziyyət idi, əlavə çətinliklər yaradırdı. Ona görə Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə belə bir gözəl kompleks yarandı. Bu kompleks həm idmançılarımıza xidmət edəcək, eyni zamanda Bakı şəhərinin sakinləri üçün də açıq olacaqdır. Burada sərbəst şəkildə hər bir vətəndaş öz asudə vaxtını keçirə bilər.
Bu gün Azərbaycanda idman qurğularının sayı getdikcə artır. Azərbaycanın müxtəlif bölgələrində idmanın maddi-texniki bazası yaradılır. Eyni zamanda Bakı şəhərində də idman komplekslərinin sayı artır. Çox məmnunam ki, Milli Olimpiya Komitəsinin təşəbbüsünə qoşularaq, federasiyalar da müvafiq idman qurğuları yaradırlar. Ağırlıqqaldırma Federasiyası, Voleybol Federasiyası, Həndbol Federasiyası, Otüstü Hokkey Federasiyası, Taekvondo Federasiyası özləri üçün Bakıda müvafiq qurğular, komplekslər yaradırlar. Çox müsbət haldır ki, bütün yeni yaradılan idman obyektləri ən yüksək standartlara cavab verir. O cümlədən bu gün açdığımız bu kompleks.
Bunun inşasında yerli mütəxəssislər, şirkətlər iştirak ediblər. Bu da çox sevindirici haldır. Azərbaycanın tikinti sahəsində də gözəl təcrübə toplanır, bizim inşaatçılarımız belə komplekslərin yüksək səviyyədə tikilməsini təmin edirlər.
Bu kompleks Milli Olimpiya Komitəsinin və Gənclər, İdman və Turizm Nazirliyinin birgə əsəridir. İşin inşaat tərəfinə nazirlik cavabdehlik daşıyıb, avadanlığın alınmasını isə Milli Olimpiya Komitəsi təmin edibdir. Deyə bilərəm ki, hər iki sahədə yaxşı işlər görülübdür. Bu, həm memarlıq baxımından çox gözəl binadır, eyni zamanda ən müasir avadanlıqla təchiz olunubdur. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmana rəhbərlik edən qurumların arasında işbirliyi var, əməkdaşlıq var. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, federasiyalar, idman cəmiyyətləri - biz hamımız vahid bir komanda kimi fəaliyyət göstəririk. Mən əminəm ki, məhz bu birgə fəaliyyətin nəticəsində Azərbaycan idmanda böyük uğurlar əldə edə bilibdir.
Biz çox maraqlıyıq ki, Azərbaycanda beynəlxalq yarışlar keçirilsin. Artıq bir neçə mötəbər yarış keçirilibdir. Dünya, Avropa çempionatları, Afina Olimpiadasına hazırlıq mərhələsində seçmə turnirləri də Azərbaycanda keçiriləcəkdir. Azərbaycanda üç lisenziya turniri olacaqdır. Deyə bilərəm ki, respublikamız yeganə ölkədir ki, burada üç lisenziya turniri keçiriləcəkdir. Bunlar boks, voleybol və taekvondo üzrə turnirlərdir. Biz müvafiq beynəlxalq federasiyalara bu barədə təkliflərlə müraciət etmişdik və çox şadıq ki, bizim müraciətimiz cavabsız qalmadı. Məhz ona görə cavabsız qalmadı ki, biz beynəlxalq idman qurumları ilə çox sıx əlaqələr yarada bilmişik. Əlbəttə, Azərbaycan idmanında əldə olunan nailiyyətlər, yüksək səviyyədə keçirilən beynəlxalq yarışlar, beynəlxalq idman təşkilatları üçün də sirr deyil və onlar bütün bu amilləri nəzərə alaraq, bu turnirlərin məhz ölkəmizdə keçirilməsi haqqında qərar qəbul etdilər. Şübhəsiz ki, bizim idmançılarımıza burada çıxış etmək daha da əlverişli olacaqdır. Mən əminəm ki, 2004-cü ildə keçiriləcək Afina Yay Olimpiya Oyunlarında da idmançılarımız doğma Azərbaycanımızı layiqincə təmsil edəcəklər.
İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdman o ölkədə inkişaf edir ki, orada sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq var. Bütün bu amillər Azərbaycanda mövcuddur. Bunların Azərbaycanda mövcud olmasının səbəbkarı möhtərəm cənab prezident Heydər Əliyevdir. Məhz onun Azərbaycanda apardığı siyasətin nəticəsində sabitlik yaranıb, ölkəmiz iqtisadi cəhətdən inkişaf edir və bu bizə imkan verir ki, bütün sahələrdə uğurlar qazanaq. Əlbəttə, cənab prezident tərəfindən idmançılarımıza, ümumiyyətlə, idmanın inkişafına bu qayğı, diqqət göstərilməsəydi, biz bu uğurları əldə edə bilməzdik. Bütün bu amillər - həm dövlət tərəfindən göstərilən diqqət, həm idmançılarımıza yaradılan gözəl şərait, məşqçilərimizin məqsədyönlü, peşəkar fəaliyyəti sayəsində bu uğurları qazanmışıq.
Bu da böyük bir hadisədir. İdman, sadəcə olaraq, idman deyildir. Bu, hər bir ölkə üçün çox önəmli amildir, önəmli bir atributdur. Müstəqilliyimizi əks etdirən bir sahədir. Çünki ölkələr ancaq idman yarışlarında bir-biriləri ilə mübarizə aparırlar. Məsələn, Sidney Olimpiya oyunlarının nəticələri bizi ona görə sevindirir ki, Azərbaycan 199 ölkə arasında 34-cü yeri tuta bilibdir. Mən gələcəyə çox nikbinliklə baxıram və əminəm ki, qarşıdan gələn olimpiadada Azərbaycanın reytinqi daha yüksək ola bilər. Bunu deməyə əsas da var. Çünki ötən olimpiadadan keçən üç ildə bir neçə idman növündə böyüklər arasında bizim dünya çempionlarımız vardır. Əlbəttə, onlar olimpiya oyunlarında da medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycan gələcəkdə idman sahəsində daha da sürətlə inkişaf edəcəkdir. Biz bir məsələyə də daim diqqət göstəririk. Bu da uşaqların, yeniyetmələrin idmanla məşğul olmasıdır. Bu, həm onların fiziki sağlamlığı nöqteyi-nəzərindən önəmlidir, eyni zamanda idmanın davamlı inkişafını təmin etmək üçün yeni gənc nəsil yetişməlidir. Azərbaycan o ölkələrdəndir ki, məhz yerli kadrlara arxalanır. İndi bizdə yeniyetmələr, gənclər arasında çox güclü idmançılar var. Onlar 4-5 ildən sonra Azərbaycanın idman şərəfini dünyada qoruyacaqlar.
Bir sözlə, bu proses gedir. İdman Azərbaycanda kütləvi xarakter alır. İdmanla məşğul olmaq istəyənlərin sayı artır. Bunu Bakıda müşahidə edirik. Ən önəmlisi isə odur ki, Azərbaycanın müxtəlif bölgələrində də müşahidə edirik. Çünki keçmişdə Bakıda kifayət qədər idman obyektləri var idi. Amma rayonlarda olan obyektlərin əksər hissəsi dağıdılmışdı. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi məhz rayonlarda yeni, müasir idman bazalarını yaradır. Çünki idmanla məşğul olmaq üçün Bakıda şərait varsa, deməli, Azərbaycanın hər bir bölgəsində bu şərait olmalıdır. Azərbaycan hərtərəfli, dinamik inkişaf etməlidir. Azərbaycanın bölgələri inkişaf etməlidir və bu da bizim ölkəmizi gücləndirəcəkdir.
Mən əminəm ki, burada məşq edəcək idmançılarımız Zemfiranın yolunu təkrarlamaq istəyəcəklər. Zemfira, doğrudan da, çox görkəmli idmançıdır. Sözün əsl mənasında, idmançıdır. Həm idmançı kimi çox güclüdür, həm də insan kimi çox yaxşı insandır. Mənim ona çox böyük hörmətim var. Onun məşqçisi Hafiz Cəfərov da keçmişdə SSRİ milli komandasının baş məşqçisi idi. Mən eşitmişdim ki, bir müddət Azərbaycanda bu idman növünə biganə münasibət olan zaman Hafiz müəllimə xaricdən təkliflər gəlmişdi. Onu dəvət edirdilər. Çünki o, dünya səviyyəli mütəxəssisdir.
Amma çox şadam ki, Hafiz müəllim Azərbaycanda qaldı. Onun Azərbaycanda qalması ona gətirib çıxardı ki, ölkəmiz Sidney Yay Olimpiya oyunlarında ilk qızıl medalı məhz bu idman növündə qazandı. Mən bilirəm ki, indi yeni nəsil yetişir. Əminəm ki, bu stend fəaliyyətə başlayandan sonra bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı artacaqdır. Bu da öz növbəsində Azərbaycanda yeni istedadları üzə çıxaracaqdır. Mən əminəm ki, burada məşq edən gənclər Azərbaycanın idman şöhrətini daim uca tutacaq, doğma Vətənimizə yeni qələbələr gətirəcəklər.
Ümumiyyətlə, idmançılarımıza minnətdaram ki, onlar Azərbaycanın Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən siyasəti dəstəkləyirlər. Bu, bizim üçün çox vacibdir. Çünki biz ümumi iş görürük. Bu işdə təkcə rəhbərlik nailiyyətlər əldə edə bilməz. Rəhbərliyin vəzifəsi ondan ibarətdir ki, idmançılara şərait yaratsın, onların beynəlxalq yarışlarda iştirakını təmin etsin. İdmançıların isə vəzifəsi odur ki, məşqlərə, yarışlara ciddi yanaşsınlar, ölkəmizi ləyaqətlə təmsil etsinlər. Bu iki amil Azərbaycanda var və bizim uğurlarımızın əsl səbəbi də bunların olmasıdır.
Əziz idmançılar!
Əziz Binəqədi rayonu sakinləri!
Mən sizin hamınızı bu gözəl, əzəmətli, dünya standartlarına cavab verən yeni idman kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

8 oktyabr 2003-cü il

Xəbər 3887 dəfə oxundu.