Yunan-Roma güləşi üzrə yarışda finalçılar müəyyənləşib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.
Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə gənc pəhləvanlar mübarizəyə qoşulublar.
Artıq bütün çəki dərəcələri üzrə finalçılar müəyyənləşib. Belə ki, 50 kiloqram çəki dərəcəsində Ramiz Məmmədov türkiyəli Yasin Garadaşlı ilə, 55 kiloqram çəki dərəcəsində Murad Məmmədov Sakit Quliyevlə, 60 kiloqram çəki dərəcəsində rusiyalı Sergey Emelin Elman Muxtarovla, 66 kiloqram çəki dərəcəsində qazaxıstanlı Janibek Kandibayev gürcüstanlı Şmaqi Bolkvadze ilə, 74 kiloqram çəki dərəcəsində gürcüstanlı Laşa Lobadze türkiyəli Furkan Bayrakla, 84 kiloqram çəki dərəcəsində türkiyəli Doğan Göktaş Tural Daşdəmirovla, 96 kiloqram çəki dərəcəsində gürcüstanlı Nukri Perselidze türkiyəli Fatih Başköylə, gürcüstanlı Yakob Kajala türkiyəli Tolga Turanla qarşılaşacaqlar.

Qeyd edək ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri də iştirak edirlər.

Xəbər 812 dəfə oxundu.