Baş məşqçi istefaya göndərilib
Təxminən bir ay əvvəl Gürcüstanın paytaxtı Tiflisdə keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərin cəmi iki bürünc medal qazanması Azərbaycan Güləş Federasiyasının rəhbərliyində ciddi narazılıq yaratmışdı. Konkret olaraq, baş katib Əjdər Cəfərov əsas günahkar qismində dağıstanlı baş məşqçini gördüyünü açıqlamışdı.
Artıq bu məsələ həll olunub. Milli komandanın baş məşqçisi Saypulla Absaidov istefaya göndərilib. Bunu əlaqə saxladığımız federasiyanın baş katibi Əjdər Cəfərov da təsdiqlədi: “Avropa çempionatında xüsusən, sərbəst güləş millimizin zəif çıxışı rəhbərliyi narazı salmışdı. Bu üzdən artıq yeni məşqçilərlə danışıqlara başlamışıq. Hətta məşqçilərdən biri gürcüstanlı dünya və Avropa çempionu artıq Bakıdadı. Baş məşqçinin Gürcüstandan olub-olmayacığını deyə bilmərəm. Hələ ki, bir neçə variantımız var və danışıq gedir. Qısa zamanda yeni baş məşqçinin adını açıqlayacağıq”.

Xəbər 767 dəfə oxundu.