Yeniyetmələrin II Respublika Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
- Möhtərəm cənab prezident!
- Əziz yeniyetmələr, xanımlar və cənablar!
Bu gün biz Azərbaycanda baş verən növbəti bir idman bayramına - Yeniyetmələrin ikinci Ümumrespublika Oyunlarının açılış mərasiminə toplaşmışıq. Bu bayram münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Yeniyetmələrin ikinci Respublika Oyunları Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Milli Olimpiya Komitəsinin birgə tədbiridir. İki il bundan əvvəl - 1998-ci ildə Azərbaycanda Yeniyetmələrin birinci Ümumrespublika Oyunları keçirilmişdir. O vaxt başlıca məqsəd gənc idmançılarımızı Ümumdünya Oyunlarına hazırlamaq idi. Mən deyə bilərəm ki, biz buna nail ola bildik və gənc idmançılarımız Azərbaycanı Yeniyetmələrin Ümumdünya Oyunlarında ləyaqətlə təmsil etmişlər. Ondan sonra görəndə ki, bu oyunlar Azərbaycanda idmanın inkişafına böyük təkan verir, biz qərara gəldik ki, bu oyunları ənənəyə çevirək və artıq ikinci dəfədir ki, bu oyunlar keçirilir. Bu, o deməkdir ki, bu ənənə yaşayır və bundan sonra da yaşayacaqdır.
Biz idmançılarımıza öz qayğımızı heç vaxt əsirgəməmişik, onlara hər zaman kömək etməyə çalışmışıq və buna nail oluruq. Çünki biz hesab edirik ki, idman ölkəmizin siyasətinin ayrılmaz bir hissəsidir. İdmanla məşğul olan insan həm güclü olur, həm də onda ruh yüksəkliyi olur.
Bizim tərəfimizdən ararılan işlər Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilir. Bu da bizi çox sevindirir. Deməli, biz düz yoldayıq.
1999-cu ildə Azərbaycanın idman tarixində ilk dəfə olaraq ölkəmizdə yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir. Bizim idmançılarımız o yarışlarda yüksək nəticələr əldə etmişlər. Eyni zamanda biz öz təşkilatçılıq qabiliyyətimizi də nümayiş etdirə bildik. O yarışları izləyənlər, biz hamımız böyük iftixar hissi duyurduq. Çünki çempionat zamanı Azərbaycanın dövlət himni dörd dəfə səsləndi, idmançılarımızın qələbəsi şərəfinə Azərbaycanın milli bayrağı dörd dəfə qaldırıldı.
Biz istəyirik ki, dünyanın hər bir yerində, hər bir idman meydançasında Azərbaycanın dövlət himni səslənsin, Azərbaycan milli bayrağı qaldırılsın.
O çempionatı yüksək səviyyədə təşkil etdiyimizə görə Beynəlxalq Boks Federasiyası qərar qəbul etdi ki, yeniyetmələr arasında boks üzrə birinci dünya çempionatı da məhz Azərbaycanda keçirilsin. Bu, çox böyük nailiyyətdir.
Çox sevindirici haldır ki, son zamanlar ölkəmizdə idmana maraq, idmanla məşğul olmaq istəyənlərin sayı get-gedə artır. Biz səbəbi ilk növbədə bunda görürük ki, dövlət tərəfindən idmana olan qayğı yüksək səviyyədədir. Milli Olimpiya Komitəsi də öz tərəfindən əlindən gələni edir. Artıq üçüncü ildir ki, Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın ən görkəmli, ən güclü idmançılarına xüsusi Olimpiya təqaüdləri verilir. Biz istəyirik ki, idmanla məşğul olmaq istəyənlərin sayı daha da artsın. Milli Olimpiya Komitəsi hazırda öz idman obyektlərinin tikilməsi ilə məşğuldur. Biz qərar qəbul etmişik və artıq Bakıda, Naxçıvanda və Gəncədə yeni, ən müasir tələblərə cavab verən iki zaldan ibarət idman kompleksləri tikilməkdədir. Əminəm ki, yaxın gələcəkdə biz bu idman komplekslərinin açılış mərasimlərinə toplaşacağıq.
Bu gün burada Azərbaycanın müxtəlif bölgələrindən gənc idmançılarımız toplaşmışlar. Bu fürsətdən istifadə edərək bəyan etmək istəyirəm ki, hazırda Milli Olimpiya Komitəsi xüsusi bir proqram üzərində işləyir. Bu geniş miqyaslı proqram nəzərdə tutur ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir standartlara uyğun idman kompleksləri tikilsin və biz buna nail olacağıq. Çünki vaxtilə Azərbaycanın bir sıra görkəmli idmançıları öz ilk uğurlarını, ilk addımlarını məhz rayon idman seksiyalarında atmışlar. Biz istəyirik ki, bu ənənəni bərpa edək. Bəli, bizə medallar lazımdır. Bizə Olimpiya medalları lazımdır, dünya və Avropa çempionatlarının medalları lazımdır. Amma bununla yanaşı və deyə bilərəm ki, ilk növbədə bizə sağlam gənclər, sağlam millət lazımdır.
Bu il müstəqil Azərbaycan dövləti ikinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edəcəkdir. 1996-cı ildə Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası bir gümüş medal əldə edə bilib. Əminəm ki, 2000-ci ildə keçiriləcək Olimpiya oyunlarında medalların sayı daha da çox olacaqdır. Bizim milli komandamız bu yarışlarda daha geniş tərkibdə çıxış edəcək və biz hamımız arzulayırıq ki, onlar vətənə medallarla qayıtsınlar, Azərbaycanın idman şöhrətini ucaltsınlar. Sidneydə yarışacaq idmançılarımıza tövsiyyəm budur ki, bir an da yaddan çıxarmasınlar ki, onların uğurları, onların əldə edəcəyi medallar təkcə özlərinə yox, həm də bütün Azərbaycan xalqına məxsusdur. Onların qələbəsi, Azərbaycanın qələbəsi olacaqdır.
Əziz yeniyetmələr!
Sizin çoxunuz üçün bu oyunlar ilk böyük sınaqdır. Mən sizin hamınıza qələbə sevinci arzulayıram. Güclü olun, mübariz olun. Qələbə uğrunda, məqsədə çatmaq uğrunda axıradək mübarizə aparın. İdmanı sevin. Çünki idman sizə həm sağlam və güclü olmaqda, həm də mübariz ruhda böyüməkdə həmişə kömək edəcəkdir. Mən sizin hamınızı bir daha təbrik edirəm, hamınıza uğurlar, qələbələr arzu edirəm. Sağ olun!

12 may 2000-ci il

Xəbər 2520 dəfə oxundu.