Milli Olimpiya Komitəsinin 1999-cu ilin yekunlarına həsr olunmuş, II Baş Məclisində MOK prezidenti İlham Əliyevin məruzəsi
- Hörmətli məclis iştirakçıları!
- Hörmətli qonaqlar!
- Xanımlar və cənablar!
Biz bu gün 1997-ci ildən bu yana, ikinci dəfədir ki, Baş Məclisə toplaşmışıq. Şübhə yox ki, məclis 1999-cu ildə görülən işlərə yekun vurmalı və 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarının başlanmasına qədər qalan 8 ayda görüləcək işlərin istiqamətlərini müəyyən etməlidir.
Cəmi 3 gündən sonra 2000-ci ilə qədəm basacağıq. Yola salacağımız il Olimpiya Komitəsi və bütövlükdə respublikanın idman həyatı, o cümlədən Olimpiya Hərəkatı üçün bir çox cəhətdən önəmli olmuşdur. Komitənin builki fəaliyyəti ötən illərlə müqayisədə xeyli irəli getmişdir. Görülən işlər nəinki idman ictimaiyyətinə, bütövlükdə idmanımızın taleyi ilə maraqlananların hamısına bəllidir.
Azərbaycan Olimpiya Hərəkatını dünya miqyasında ön sıralara çıxarmaq, respublikanın bütün mötəbər idman yarışlarında layiqincə təmsil olunmasına imkan yaratmaq bizim ən ümdə vəzifələrimizdir.
Milli Olimpiya Komitəsinin fəaliyyətində beynəlxalq əlaqələr xüsusi yer tutur. Biz beynəlxalq əlaqələrə ciddi yanaşır və onun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparırıq. Ötən ildə olduğu kimi, cari ildə də komitənin rəhbərləri və İcraiyyə Komitəsinin üzvləri Beynəlxalq və Avropa Olimpiya Komitələrinin tədbirlərində fəal iştirak etmişlər.
Qeyd etməliyəm ki, cari ildə beynəlxalq əlaqələrimiz baxımından bir sıra əhəmiyyətli işləri Olimpiya mərkəzi Lozannaya səfər zamanı görə bilmişik. BOK-un prezidenti Xuan Antonio Samarançın şəxsi dəvəti ilə bu ilin sentyabrında gənclər və idman naziri Əbülfəs Qarayevlə birlikdə İsveçrədə rəsmi səfərdə olmuşuq. Cənab Samarançla görüşümdə mən son iki ildə komitəmizin gördüyü işlər haqqında məlumat vermiş, bu barədə rəsmi hesabatımızı ona təqdim etmişəm. Azərbaycanda idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, respublikamızda Olimpiya Hərəkatı haqqında BOK prezidenti ilə ətraflı söhbət etdik. Xuan Antonio Samaranç Azərbaycanda MOK-nun fəaliyyətini çox yüksək qiymətləndirdi.
Bakıda və respublikanın digər şəhər və rayonlarında yeni Olimpiya Komplekslərinin tikintisi haqqında məlumatı isə BOK prezidenti xüsusi maraqla dinlədi. Şübhəsiz ki, görüş zamanı biz çətinlik və problemlərimizdən də bəhs etdik.
Sizə məlumdur ki, ötən il Mingəçevir “Kür” avarçəkmə bazasının bərpası və yenidən qurulması məsələsini qaldırmışdıq. Xuan Antonio Samarançla görüşdə bu işdə BOK-un bizə yardım göstərməsini xahiş etmişdik. Elə həmin il BOK-un eksperti Azərbaycana gəlmiş, “Kür” bazasının vəziyyətini yerində öyrənmiş, bu barədə BOK-da məruzə etmişdi. Bundan sonra bərpa və yenidənqurma üçün layihə işlənib hazırlanmışdı.
Cənab Samarançla budəfəki görüşdə “Kür” bazasının bərpası istiqamətində irəliyə doğru daha bir addım ata bildik. Bazanın bərpası çox əhəmiyyətli məsələdir. “Kür” gələcəkdə beynəlxalq dərəcəli avarçəkmə mərkəzinə çevrilə bilər. Burada təkcə su idman növləri ilə deyil, başqa idman növləri üzrə də təlim-məşq toplanışları, beynəlxalq yarışlar keçirmək imkanı olacaqdır.
Lozannada olarkən biz BOK-da bir sıra digər işgüzar görüşlər də keçirdik. Olimpiya həmrəyliyi və MOK-larla əlaqələr şöbəsinin direktoru Pere Miro ilə, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jon Osvaldla, Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Karnelus Makulesku ilə, UEFA-nın baş katibi Herhard Ayqnerlə görüşdük.
Surixdə FİFA-nın prezidenti cənab Blatterlə görüşümüzdə Azərbaycan futbolunun vəziyyəti müzakirə olundu. Sizə məlum olduğu kimi, komitəmiz Avropa Ədalətli Oyunlar Hərəkatının üzvüdür. Nümayəndələrimiz son illərdə təşkilatın, demək olar ki, bütün yığıncaqlarında iştirak etmişlər. Bu ilin iyununda Parisdə Ədalətli Oyunlar Hərəkatının V Baş Assambleyasında Azərbaycanı komitənin vitse-prezidenti və ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev təmsil etmişdir.
Beynəlxalq Olimpiya Komitəsi ilə BMT və onun ixtisaslaşmış qurumları, proqram və komissiyaları arasında əməkdaşlıq son illərdə xeyli genişlənmişdir.
Bu ilin iyulunda Parisdə BOK-la YUNESKO-nun birgə təşkil etdiyi “Təhsil, idman və sülh mədəniyyəti” mövzusunda beynəlxalq konfransda icrakomun üzvü, komitənin mədəniyyət komissiyasının sədri Zərifə xanım Salahova iştirak etmişdir. Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri yalnız komitənin rəhbər işçilərinin səfərləri zəminində inkişaf etmir. Biz bu işə imkan daxilində başqa mütəxəssisləri də cəlb edirik. Olimpiya Komitəsi tərəfindən bir sıra federasiyaların rəhbərlərinin, idman növləri üzrə hakimlərin, veteran idmançıların konqreslərə, seminarlara, hakimliyə və başqa tədbirlərə göndərilməsi həyata keçirilmişdir.
XXVII Yay Olimpiya Oyunları yaxınlaşdıqca ona hazırlıq işləri güclənir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır.
Aprelin 24-də Nazirlər Kabinetində Təşkilat Komitəsi Olimpiya Oyunlarına hazırlıqla əlaqədar geniş müşavirə keçirmişdir.
Təşkilat Komitəsinin iclasında qaldırılan məsələlər əsasında Nazirlər Kabineti XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında xüsusi qərar qəbul etmişdir.
Artıq Sidney Oyunlarına hazırlığın, demək olar ki, sonuncu mərhələsi başlanmışdır. Bu mərhələdə üç əsas istiqamətdə iş aparılmalıdır. Birinci istiqamət Sidney Oyunlarına hazırlığın texniki və təşkilati məsələlərini əhatə edir. İkinci istiqamət lisenziya yarışlarına hazırlaşmaq və bu yarışlarda layiqincə iştirak etmək, üçüncü istiqamət isə lisenziya almış idmançıları Olimpiya yarışlarına hazırlamaqdır.
Azərbaycan Milli Olimpiya Komitəsi ilə Sidney Oyunlarının Təşkilat Komitəsi arasında əldə edilmiş razılığa görə bu il mayın 15-də gənclər və idman naziri Əbülfəs Qarayevlə vitse-prezident Çingiz Hüseynzadə Sidneydə rəsmi səfərdə olmuşlar.
Bu ilin iyununda Avropa Olimpiya Komitəsinin Amsterdamda keçirdiyi baş katiblərin və şef-demissionların seminarında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizi təmsil etmişdir. Sidney Olimpiya Oyunlarına hazırlıq məsələlərinə həsr olunmuş Avropa Olimpiya Komitəsinin bu yaxınlarda Praqada keçirilmiş baş assambleyasında isə Çingiz Hüseynzadə və Ağacan Abiyev iştirak etmişlər. Qeyd edim ki, onlar eyni zamanda Avropa Olimpiya Komitəsinin “Olimpiya Oyunlarına hazırlıq” və “Texniki əməkdaşlıq” komissiyalarının üzvləridir.
Bu səfərlər çox səmərəli olmuş və onun nəticələri haqqında bu gün burada məlumat veriləcək.
İkinci istiqamət üzərində xüsusilə dayanmaq istəyirəm.
Atlantada keçirilmiş XXVI Yay Olimpiya Oyunlarında Azərbaycan 23 idmançı ilə təmsil olunmuşdu. Bu, ilk dəfə Olimpiya Oyunlarında iştirak edən ölkəmiz üçün yaxşı göstərici idi. İndi dörd il arxada qalmışdır. Bəs Sidneydə ölkəmiz necə təmsil olunacaqdır? Bu sual bizi həmişə düşündürmüş, konkret tədbirlər planı hazırlayıb həyata keçirməyimizə səbəb olmuşdur. Sidney Oyunlarına səkkiz aydan az qalır. Bu günədək idmançılarımız on iki lisenziya qazana bilmişlər.
Hesab edirəm ki, idman mütəxəssislərimiz, federasiya rəhbərləri, yığma komandanın məşqçiləri lisenziya ilə bağlı məsələlərə bir daha baxmalı, konkret qərarlar qəbul etməlidirlər.
Əminəm ki, Sidneydə keçiriləcək Olimpiadada Azərbaycan idmançıları Atlantaya nisbətən daha geniş tərkibdə iştirak edəcəklər.
1998-ci ilin yanvarından başlayaraq respublikamızı mötəbər beynəlxalq yarışlarda layiqincə təmsil etmiş perspektivli idmançıları və onların məşqçilərini maddi cəhətdən stimullaşdırmaq məqsədilə Olimpiya Komitəsi “Olimpiya təqaüdləri” haqqında əsasnamə təsdiq etdi və üç kateqoriya üzrə 36 idmançıya və onların məşqçilərinə təqaüd verməyə başladı. Biz hər il təqaüd alan idmançıların sayını və təqaüdün miqdarını artırırıq. Azərbaycan idmanının inkişafında xüsusi xidmətləri olmuş görkəmli idmançılara da İcraiyyə Komitəsinin qərarı ilə daimi Olimpiya təqaüdü təyin edilmişdir. Bu təqaüdü indi 10 görkəmli idmançımız Rəfiqə Şabanova, Lüdmila Şubina, Nazim Hüseynov, Məhəddin Allahverdiyev, Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Ziba Ələsgərova, Muxtar Dadaşov və Ələkbər Məmmədov alırlar.
Sidney Olimpiadasına lisenziya almış idmançılarımızın hər birinə ayda iki milyon manat məbləğində Olimpiya təqaüdü təyin etmişik. Bütün bunlar bizim Beynəlxalq Olimpiya Komitəsindən aldığımız təqaüddən əlavədir.
Hesab edirəm ki, Sidney Olimpiadasına hazırlıq üzrə Dövlət Təşkilat Komitəsi, Respublika Gənclər və İdman Nazirliyi ilə birlikdə Milli Olimpiya Komitəsi idmançılarımızın Sidneydə uğurla çıxış etməsi, Azərbaycanın idman şərəfinin ləyaqətlə qorunması üçün bütün imkanlardan istifadə edəcək, xalqımızın ümidlərini doğruldacaqdır.
Hörmətli məclis iştirakçıları!
Milli Olimpiya Komitəsinin fəaliyyətinin bir istiqaməti də Olimpiya Hərəkatının respublikamızda geniş yayılması ilə bağlıdır.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafında başlıca vasitələrdən biri uşaqların və yeniyetmələrin daha mütəşəkkil və ardıcıl şəkildə idmana cəlb edilməsidir. 1998-ci ildə yeniyetmələrin ilk Respublika Oyunları yüksək səviyyədə keçirildi. Elə həmin il idmançılarımız Moskvada Yeniyetmələrin Ümumdünya oyunlarında böyük tərkibdə iştirak etdilər. Bundan sonra isə yeniyetmələrimizin 1999-cu ildə Danimarkada keçiriləcək Avropa Olimpiya Günlərinə hazırlaşması üçün konkret tədbirlər planı işləyib hazırlandı. Yeniyetmə idmançıların təlim-məşq toplanışları, onlar arasında ayrı-ayrı növlər üzrə respublika birincilikləri keçirildi. Sizə məlumdur ki, Avropa Yeniyetmələrinin Olimpiya Günləri artıq beşinci dəfədir ki, keçirilir. Qeyd etməliyəm ki, bu Avropa Olimpiya Komitəsinin həyata keçirdiyi ən iri idman tədbiridir.
Yarışlarda ölkəmizi təmsil edən idmançılardan cüdoçularımız daha uğurlu nəticə göstərə bildilər. Yeniyetmə cüdoçularımızdan Kifayət Qasımova, Tural Abbasov, Turan Musayev, Nurəddin Səlimov Danimarkadan ölkəmizə dörd bürünc medal gətirdilər.
Olimpiya Hərəkatı ilə bağlı bir sıra tədbirlərin hər il keçirilməsi artıq ənənə şəklini almışdır. “Olimpiya Qaçış Günü” belə tədbirlərdən biridir. 1999-cu ildə Azərbaycanda bu tədbir hər il olduğu kimi yüksək səviyyədə keçirilmişdir.
Bu ilin avqustunda Bakıda yeniyetmə boksçuların Avropa çempionatı keçirildi. Bizim çoxumuz hələ də bu çempionatın qəlbimizdə oyatdığı xoş hisslərin təsiri altındayıq. Əl Oyunları İdman Sarayında boş yer tapmaq mümkün deyildi. Son on ildə respublikamızda belə böyük tamaşaçı auditoriyası toplayan yarışlar, demək olar ki, olmamışdır. Bu çempionatda Azərbaycan milli komandasının üzvləri qələbələr qazana bildilər. Yeniyetmə boksçularımız çempionatda 4 qızıl, 1 gümüş 4 və bürünc medal aldılar. Bu böyük nailiyyətdir. Komandamız çempionatda tam tərkibdə çıxış etdi, yarışlarda iştirak etməyən boksçularımız bütün görüşləri izləyə bildilər, idmançılarımızın, məşqçilərimizin, hakimlərimizin təcrübə və ustalıqlarını artırması üçün əlavə imkanlar yarandı, boks üçün bir sıra avadanlıq və ləvazimatlar ölkəyə gətirildi, 25 dövlətdən gəlmiş idmançılar, hakimlər, qonaqlar Vətənimizlə yaxından tanış oldular, buradan öz ölkələrinə xoş təəssüratlar apardılar, mötəbər yarışları yüksək səviyyədə təşkil etmək və keçirmək bacarığımız sübut olundu. Bildiyiniz kimi, Bakıda Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti Ənvər Çoudrinin şərəfinə beynəlxalq turnirin keçirilməsi ənənə şəklini almışdır. Bu il həmin turnir dördüncü dəfə boks həvəskarlarını şəhərimizə toplamışdır. Turnirdə on bir ölkənin boksçuları iştirak etmişlər. Azərbaycan boksçuları bu dəfə də böyük uğurla çıxış etmişlər. Onlar komanda hesabında birinci yeri tutmuşlar. Bizim dünya həvəskar boks federasiyasının prezidenti doktor Ənvər Çoudri ilə görüşümüzdə Azərbaycan boksunun vəziyyəti və onun gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi oldu.
2001-ci ildə ilk dəfə keçiriləcək boks üzrə yeniyetmələr arasında dünya çempionatı Bakıda olacaqdır. Bu, bizə göstərilən böyük hörmətin və inamın nümayişidir.
Bu çempionat Azərbaycan boksu və idmanı tarixində baş verən ən əlamətdar hadisələrdən biri olacaqdır. Belə güman edirəm ki, bundan sonra başqa federasiyalar da geri qalmamalıdırlar. Çalışmalıdırlar ki, öz idman növləri üzrə gələcəkdə keçiriləcək dünya və Avropa yarışlarını Azərbaycana, Bakıya gətirsinlər.
Milli Olimpiya Komitəsi respublikada yalnız olimpiya idman növlərinə deyil, qeyri-olimpiya növlərinə də diqqət və qayğı göstərir. Biz respublikamızda idmanın bütün növlərinin inkişaf etdirilməsinə çalışırıq və imkan daxilində köməyimizi heç bir idman növündən əsirgəmirik.
Bunun nəticəsidir ki, ilin yekunlarına görə Azərbaycan idmançıları müxtəlif miqyaslı çempionatlarda 166, o cümlədən Olimpiya növləri üzrə 50 medal qazanmışlar.
Qeyri-olimpiya növlərində də uğurlarımız böyükdür. Bu il Azərbaycanın karate üzrə milli yığma komandası İsveçin Eslov şəhərində uşaqlar və yeniyetmələr arasında karate üzrə dünya kuboku uğrunda yarışda 8 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmışdır.
Qeyri-olimpiya idman növlərindən biri də alpinizmdir. Sizə məlumdur ki, Cənubi Qafqaz Alpinizm Federasiyalarının birgə təşəbbüsü ilə “Qafqaz-99” komandası yaradılmışdır. Komandanın heyətinə Azərbaycandan, tanınmış alpinistimiz Saridan Mursaqulov daxil edilmişdir.
Onun qarşısında qoyulmuş əsas məqsəd Azərbaycan Respublikasının bayrağını dünyanın ən yüksək zirvəsinə qaldırmaq idi. Bizim alpinistimizin ekspedisiyada iştirak etməsi ilə bağlı problemlər Milli Olimpiya Komitəsi tərəfindən həll olunmuşdu.
Bu ilin yazında Azərbaycan bayrağı ilk dəfə dünyanın ən uca zirvəsində - Everestdə dalğalanmışdır.
Son illər bütün dünyada “Master Ralli” avtomobil yarışları böyük maraq doğurur.
1999-cu ildəki “Master Ralli” avtoyürüşü üçün Moskva-İstanbul marşrutu seçilmişdi. Bu marşrut Azərbaycan ərazisindən keçməli idi. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət edilmişdi. Dövlət başçımız yürüş iştirakçılarının ölkəmizin ərazisinə daxil olmasına, onların burada yarışı davam etdirmələrinə razılıq vermişdir və yürüşün uğurla keçirilməsinə lazımi şərait yaratmışdır.
Rallinin gedişi dünyanın 90 ölkəsinə translyasiya olunmuşdur.
Bu il Olimpiya Komitəsinin həyatında daha bir yenilik baş verdi. Biz Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya, İncəsənət və İdman-2000” devizi altında keçirdiyi beynəlxalq müsabiqəyə qoşularaq ilk dəfə olaraq Azərbaycanda idman mövzusunda rəsm və heykəltəraşlıq əsərlərinin baxış - müsabiqəsini təşkil etdik.
Maraqlıdır ki, respublikanın bir çox rəssam və heykəltəraşları baxış-müsabiqə haqqında respublika mətbuatında elanlar getdikdən dərhal sonra böyük fəallıqla bizim təşəbbüsə qoşuldular. Bu il noyabrın 5-də müsabiqəyə təqdim olunmuş əsərlərə Mədəniyyət Nazirliyinin İçərişəhərdəki Bədii sərgi salonunda böyük ictimaiyyətin iştirakilə yekun baxışı keçirildi.
Bu gün siz həmin əsərlərlə tanış ola bilərsiniz. Bütün əsərlər, burada foyedə nümayiş olunur.
Bir mühüm məsələ üzərində ayrıca dayanmaq istəyirəm.
Olimpiya Komitəsi 7 ildir ki, fəaliyyət göstərir. Buna baxmayaraq, hələ də onun öz mülkiyyəti yoxdur. Komitə özünün inzibati binası olmadığına görə bu müddət ərzində üç dəfə iş yerini dəyişmişdir. Bu vəziyyət bir tərəfdən, Komitənin fəaliyyətinə mənfi təsir göstərmişsə, digər tərəfdən, həm respublikanın özündə, həm də beynəlxalq aləmdə onun nüfuzuna xələl gətirmişdir. Eyni zamanda bir məsələ də ciddi narahatlıq doğururdu. Başqa ölkələrdən fərqli olaraq, indiyə qədər Olimpiya Komitəsinin heç bir idman bazası yoxdur. Odur ki, biz həm respublikanın müasir tələblərə cavab verən idman bazalarına olan təlabatını ödəmək, həm də komitənin öz obyektlərini yaratmaq üçün Bakıda və respublikanın başqa böyük şəhərlərində - Gəncədə və Naxçıvanda hər biri iki idman zalından ibarət Olimpiya kompleksi tikməyi qərara aldıq.
İnzibati binanın və idman komplekslərinin layihələrini hazırlamaq üçün bizim tərəfdən ümumrespublika müsabiqəsi elan olundu. Yaxşı haldır ki, bu müsabiqəyə respublikanın aparıcı layihə və elmi-tədqiqat institutları ilə yanaşı, xarici firmalar da qoşuldular. Bundan sonra Olimpiya Komitəsi layihələri qiymətləndirmək və qalibləri müəyyən etmək üçün Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Dövlət Layihə İnstitutu və Bakı Baş Memarlıq və Şəhərsalma İdarəsinin mütəxəssislərindən ibarət münsiflər heyəti yaratdı.
Biz tikinti ilə bağlı işlərimizin birinci mərhələsini bu yaxınlarda başa çatdırdıq. Münsiflər heyəti qalibləri müəyyən etdi.
Qeyd edim ki, hər iki layihə yüksək peşəkarlıqla, Avropa standartlarına uyğun səviyyədə hazırlanmışdır. İdman zallarının və inzibati binanın maketləri bu gün burada foyedə nümayiş etdirilir.
Güman edirəm ki, hər üç şəhərdə tikiləcək bu möhtəşəm idman kompleksləri gələcək Olimpiyaçıların hazırlanmasında mühüm rol oynayacaq.
Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu sahədə bizim planlarımız böyükdür. Biz gələcəkdə respublikanın digər rayonlarında həmin obyektlərin tikintisini davam etdirəcəyik.
Milli Olimpiya Komitəsinin fəaliyyətində informasiya işinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Biz bunu ilk gündən nəzərə almışdıq. MOK-un aparatında analitik informasiya və nəşriyyat qrupu yaradılmışdır.
Biz MOK-un informasiya fəaliyyətinin bir neçə əsas istiqamətini təyin etmişik. Bu xidmət sahəsi komitə ilə respublika kütləvi informasiya vasitələri arasında əlaqələri tənzimləməli, işimiz barədə məlumatların yayılmasını təmin etməlidir. Qrup beynəlxalq idman təşkilatlarının mətbuat orqanları ilə əlaqələr yaratmalı, Milli Olimpiya Komitəsinin aylıq bülleteninin nəşr etdirilməsi istiqamətində iş görməlidir.
Mənə elə gəlir ki, bu sahədə xeyli iş görülmüş, bir sıra uğurlar əldə olunmuşdur.
Komitənin respublikada keçirdiyi bütün tədbirlərin hamısına radio, televiziyanın, qəzet və jurnalların əməkdaşları dəvət edilmişdir.
Artıq ikinci ildir ki, “Olimpiya” jurnalı çap olunur. Jurnal əsas nəşr orqanımızdır. Komitə onun Beynəlxalq Olimpiya və idman təşkilatlarına, demək olar ki, bütün Milli Olimpiya Komitələrinə göndərilməsini təmin etmişdir.
Ötənilki hesabat məruzəmdə mən Komitənin aylıq bülleteninin nəşr olunacağını qeyd etmişdim. 1999-cu ilin yanvarından başlayaraq bülleten ardıcıl çap edilmişdir.
MOK-da Olimpiya Hərəkatı, Olimpizm və Azərbaycan olimpiyaçıları ilə bağlı kitabların nəşri istiqamətində hazırlıq işləri aparılır.
Milli Olimpiya Komitəsi müvafiq dövlət və idman təşkilatları ilə çox səmərəli əməkdaşlıq edir. İşimizi respublikanın Gənclər və İdman Nazirliyi ilə idman növləri üzrə milli federasiyalarla, idman cəmiyyətləri və klubları ilə sıx əlaqədə qurmağa nail olmuşuq. Əldə olunan təcrübə göstərir ki, biz düz yoldayıq və güman edirəm ki, işimizi bundan sonra da qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirəcəyik.
Çıxışımın sonunda icazə verin Sizi qarşıdan gələn yeni il münasibətilə təbrik edim. Sizin hamınıza cansağlığı, işinizdə uğurlar arzulayıram.
Sağ olun.

28 dekabr 1999-cu il

Xəbər 2712 dəfə oxundu.