Fomenko Ukrayna mətbuatında
«İnter»in ukraynalı hücumçusu Yuri Fomenko öz ölkəsinin mətbuatı tərəfindən də diqqət mərkəzində saxlanılır. Bank klubunun şərəfini qoruyan futbolçu haqqında məqalə dərc edib: «Azərbaycan Premyer Liqasında çıxış edən «Qellios» (Xarkov) klubunun sabiq hücumçusu Yuri Fomenkonun işləri pis getmir. Hazırda futbolçumuz Azərbaycanın ən iddialı komandalarından olan «İnter»in formasını geyinir. Hücumçu bu kluba qış transfer pəncərəsində Cənubi Qafqaz ölkəsinin ortabab klublarından sayılan «Kəpəz»dən keçmişdi. Hazırda Azərbaycan çempionatında «pley-off» mərhələsinin görüşləri keçirilir və bütün klublar iki qrupa bölünüb. Bakının «İnter» klubu 1-6 yerlər uğrunda mübarizə aparır və final mərhələsinin 4 turundan sonra bu komanda 47 xalla 3-cü pillədədi. Həlledici mərhələnin 4-cü turunda «bankirlər» səfərdə əsas rəqiblərindən biri olan «Qarabağ»a 2:3 hesabıyla məğlub oldu. Bu matçda da fərqlənən Fomenko final mərhələsində vurduğu qolların sayını 3-ə çatdırdı və bu nəticəylə hücumçu «Qarabağ»ın braziliyalı futbolçusu Riçardla birgə «pley-off»un ən sərrast futbolçular siyahısına başçılıq edir. Hər iki oyunçunun aktivində 3 qol var».

Xəbər 844 dəfə oxundu.