Yeniyetmələr arasında boks üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
- Hörmətli qonaqlar!
- Əziz yarış iştirakçıları!
Bu gün biz bu gözəl idman sarayında yeniyetmələr arasında boks üzrə Avropa çempionatının açılış mərasiminə toplaşmışıq. Bu hadisə ilə bağlı mən sizin hamınızı ürəkdən təbrik edirəm, salamlayıram, xaricdən gələn qonaqlara “Xoş gəlmisiniz” deyirəm.
Azərbaycanda keçirilən Avropa çempionatı ölkəmizin istər ictimai-siyasi, istərsə də idman həyatında baş verən çox əhəmiyyətli və əlamətdar bir hadisədir. Bu, bizi çox sevindirir və fəxr edirik ki, çempionat Azərbaycanda keçirilir. Anlayırıq ki, bu, bizə göstərilən böyük etimadın nümayişidir. Eyni zamanda Azərbaycanda son vaxtlar idmanın sürətlə inkişaf etdirilməsi, ölkəmizdə idmana, idmançılara göstərilən qayğı, yaradılan şərait, idmançılarımızın beynəlxalq yarışlarda uğurla çıxış etməsi artıq bütün idman aləminə bəllidir. Bu amillər başqa amillərlə yanaşı, imkan vermişdir ki, Avropa çempionatı məhz Azərbaycanda keçirilsin.
Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 8 il bundan öncə ölkəmiz öz dövlət müstəqilliyini bərpa edə bilmişdir. Bu qısa müddətdə böyük uğurlar, nailiyyətlər əldə olunubdur.
Azərbaycanda gedən demokratikləşdirmə prosesləri aparılan, “Açıq qapı” siyasəti, iqtisadi islahatlar, ölkəmizin iqtisadiyyatına böyük həcmdə xarici investisiyalar gətirilməsi imkan vermişdir ki, respublikamız dünya ölkələri arasında özünün layiqli yerini tuta bilsin.
Avropa çempionatının Azərbaycanda keçirilməsi onu göstərir ki, artıq Azərbaycanın idman aləmində də öz layiqli yeri vardır.
Bu gün bizimlə birlikdə bu mərasimdə Avropa Boks Assosiasiyasının prezidenti cənab Emil Jeçev də iştirak edir. Cənab Jeçev məhşur boksçu, məşqçi və hakim olmuşdur. 25 ilə yaxındır ki, akademik Jeçev Avropa Boks Assosiasiyasına rəhbərlik edir və onun xidmətləri danılmazdır. Mən çox şadam ki, bu gün cənab Jeçev bizim qonağımızdır.
Fürsətdən istifadə edib, çempionatın hazırlanması ilə, təşkilat məsələləri ilə məşğul olan bütün insanlara öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, çempionat çox yüksək səviyyədə hazırlanmışdır və yüksək səviyyədə də keçiriləcəkdir.
Milli Olimpiya Komitəsi Bakıda və Azərbaycanın digər şəhərlərində yeni, müasir standartlara uyğun olan idman komplekslərinin tikintisinə tezliklə başlayacaqdır. Gələcəkdə nəinki Bakıda, Azərbaycanın digər şəhərlərində də belə yüksək səviyyəli idman yarışlarının keçirilməsi mümkün olacaqdır.
Mən iszin hamınızı bir daha salamlayıram, idmançılara uğurlar diləyirəm, bütün yarış iştirakçılarına qələbələr arzulayıram. Qoy güclü qalib gəlsin! Sağ olun.

1 avqust 1999-cu il

Xəbər 3047 dəfə oxundu.