Yeniyetmələrin I Respublika Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
- Möhtərəm cənab prezident!
- Hörmətli mərasim iştirakçıları!
- Əziz qonaqlar!
Bu gün biz böyük və möhtəşəm mərasim - Yeniyetmələrin Respublika Oyunlarının açılışı münasibətilə bu stadiona toplaşmışıq. Yeniyetmələrin Respublika Oyunları ölkəmizin idman tarixində əlamətdar hadisədir.
Suveren Azərbaycanın yeniyetmə idmançıları üçün ilk dəfə olaraq Respublika səviyyəli yarışlar təşkil edilmişdir. Bu yarışların təşkili və keçirilməsində Milli Olimpiya Komitəsilə yanaşı, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqı Konfederasiyası da iştirak etmişdir.
Mən inanıram ki, bu yarışların iştirakçıları arasında gələcəyin dünya və olimpiya çempionları vardır. Tarixi təcrübə və faktlar göstərir ki, Azərbaycanda həmişə gözəl idman ənənəsi, yüksək nəticələr qazanmağa qadir sağlam, güclü idmançılar, yaxşı idman potensialı olmuşdur. Biz bununla fəxr edə bilərik.
Ölkəmizdə idmanın, demək olar ki, bütün növləri yayılmışdır. Ayrı-ayrı növlər üzrə beynəlxalq səviyyəli, dünya və qitə miqyaslı yarışlarda idmançılarımız öz sözlərini demiş, uğurlar qazanmışlar. Lakin son on ildə baş vermiş hadisələr, yaşadığımız keçid mərhələsi həyatımızın bütün sahələrinə olduğu kimi, idmana da öz təsirini göstərmişdir.
Ötən ilin sonunda idman federasiyalarının rəhbərləri ilə görüşdə mən belə bir qənaətə gəldim ki, bütün idman növləri üzrə ümumi vəziyyət ciddi şəkildə öyrənilməli və mövcud problemlər aşkara çıxarılmalıdır.
Azərbaycanda dövlətin idmana qayğısı günbəgün artır. Ölkə prezidentinin Sidney Olimpiya Oyunlarına hazırlıqla bağlı sərəncamının bu sahədəki bir çox problemlərin həllinə təkan verəcəyi bizdə heç bir şübhə doğurmur.
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi Azərbaycan idmanının və Respublika Olimpiya Hərəkatının inkişafı uğrunda əlindən gələni edir. Milli Olimpiya Komitəsi respublikanın perspektivli idmançıları və onların məşqçiləri üçün xüsusi təqaüd təsis etmişdir. Mötəbər yarışlarda Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuş və yüksək nəticələr göstərmiş idmançılarımız - Olimpiya və dünya çempionlarımız da unudulmamışdır. Onlar da Komitənin xüsusi təqaüdlərini alırlar.
Biz Azərbaycan idmanının maddi-texniki bazasını gücləndirmək, ayrı-ayrı idman növləri üçün avadanlıqların əldə olunması, idman obyektlərinin bərpası, idmançıların beynəlxalq yarışlarda iştirakı istiqamətində işlər həyata keçirmək, üçün xüsusi proqramlar hazırlamışıq.
Olimpiya hərəkatının inkişafı, onun təbliği sahəsində görəcəyimiz işlər hələ çoxdur. Biz artıq Sidney Olimpiya Oyunlarının nəfəsini duymağa başlamışıq. Sidney olimpiadasında iştirak edəcək idmançılarımızın yüksək yerlər qazanması üçün gərgin işləmək lazımdır. Bu baxımdan yeniyetmələr və gənclər arasında idmanın inkişaf etdirilməsi, onun tələb olunan səviyyəyə qaldırılması istiqamətində keçmiş təcrübənin müsbət cəhətlərini də əməli işimizdə tətbiq etməliyik. Nəzərə almaq lazımdır ki, bizim orta ixtisas, peşə məktəblərimizin böyük əksəriyyətində müəyyən səviyyəli idman zalları var. Mən belə hesab edirəm ki, bu zallardan səmərəli istifadə olunmalıdır. Bacarıqlı məşqçiləri işə cəlb etməklə idman bölmələri yaradılmalı, onların fasiləsiz fəaliyyəti təmin edilməlidir. Mən hamını Azərbaycan idmanının, bədən tərbiyəsinin, Olimpiya hərəkatının inkişafına kömək etməyə çağırıram.
Əziz yarış iştirakçıları!
Siz yəqin bilirsiniz ki, yeniyetmələrin respublika oyunlarının qalibləri bu yaxınlarda - iyul ayında Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə və milli Olimpiya komitələrinin fəal iştirakı ilə keçiriləcək Ümumdünya Yeniyetmələr Oyunlarında iştirak edəcəklər. Moskva Oyunları sizin qarşınızda duran ilk böyük imtahanlardan biri olacaqdır. Siz bu yarışlarda müstəqil Azərbaycanı təmsil edəcək, onun idman şərəfini qoruyacaqsınız. Ona görə də indi nəyə qadir olduğunuzu göstərməli, öz qüvvə və imkanlarınızı nümayiş etdirməlisiniz.
İdman mübarizədir. Aydındır ki, yarışda hamı birinci yeri tuta bilməz. Qalibləri yüksək mükafatlar və daha məsul turnirlərdə iştirak gözləyir. Yeniyetmələr Oyunlarının digər iştirakçıları, indi mükafata layiq yer tuta bilməyənlər isə ruhdan düşməməli, gələcək yarışlara daha yaxşı hazırlaşmalıdırlar. Sizin hər birinizin mübariz ruhda tərbiyə olunması bizim istəyimizdir. Əminəm ki, bu işdə Sizə idman çox şey verəcəkdir. Mübarizə aparmaq, qələbə çalmaq, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün daim çalışmaq sizin əsas vəzifəniz olmalıdır. Vətənə bu cür övladlar lazımdır. Vətən bu cür övladları ilə daim ucalır.
İndi bütün dünya Azərbaycana hörmətlə yanaşır, onun siyasətini dəstəkləyir, ərazi bütövlüyünü tanıyır. Son beş ildə Azərbaycanın imici xeyli artmışdır. Biz həm iqtisadi inkişafda, həm də siyasi həyatımızda uğurlar əldə etmişik. Bildiyiniz kimi, idman dövlətlərarası əlaqələrimizin çox vacib bir sahəsidir. İdmançılarımızın nailiyyətləri Azərbaycan bayrağını daha yüksəkliklərə qaldıracaq, bütün dünyaya göstərəcəklər ki, Azərbaycan oğulları, qızları nəyə qadirdirlər.
Sizin hamınızı, xüsusən də yarışlarn final mərhələsinə vəsiqə almış oğlan və qızları, onların məşqçilərini ürəkdən təbrik edirəm. Yeniyetmələrin Respublika Oyunlarının final mərhələsinin təntənəli açılışı günündə sizə qarşıdakı final yarışlarında uğurlar, yüksək nəticələr, möhkəm iradə və qələbə əzmi arzulayıram.
Qoy həmişə güclü qalib gəlsin.

16 may 1998-ci il

Xəbər 3091 dəfə oxundu.