Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illik yubileyi münasibəti ilə “Gülüstan” sarayında keçirilən ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
- Əziz qonaqlar!
- Əziz idmançılar!
Mən sizin hamınızı salamlayır və Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Bu illər ərzində Azərbaycan Milli Olimpiya Komitəsi çox şərəfli bir yol keçmişdir. Biz qarşımıza qoyduğumuz bütün vəzifələri həll etmişik. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir və idmançılarımızın çıxışlarında və Azərbaycanda idman infrastrukturunun gücləndirilməsində biz bunu görürük. İdmançılarımız bizi sevindirir, müxtəlif beynəlxalq yarışlarda doğma vətənimizi çox ləyaqətlə təmsil edir, hər il vətənə yüzlərlə medallar gətirirlər. Təkcə bu il idmançılarımız beynəlxalq yarışlarda 300-dən çox medal qazanmışlar və bunların 127-si qızıl medaldır. 127-si olimpiya idman növlərində qazanılmış medallardır.
Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya idman növləri inkişaf edir. Biz bu idman növləri arasında heç vaxt fərq qoymamışıq. Çünki Azərbaycanda idmanın hər bir növü bizim üçün lazımdır, bizim üçün vacibdir və bütün idman növlərində iştirak edən idmançılar bizim fəxrimizdir. Azərbaycanda idmana bundan sonra da böyük diqqət göstəriləcəkdir. Bu diqqət və qayğı nəticəsində idman infrastrukturu yeniləşir, müasirləşir. Bu məsələyə çox böyük diqqət göstərilir.
Bilirsiniz ki, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-ci ildən başlayaraq bu günə qədər Azərbaycanda, xüsusilə bölgələrdə idman kompleksləri tikilir və ən yüksək səviyyəyə cavab verən komplekslər idmançıların sərəncamına verilmişdir.
Bu günə qədər 13 olimpiya idman kompleksi tikilmişdir və 18 kompleksin tikintisi gedir. Gələcəkdə Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir infrastruktur yaradılacaqdır. Bu komplekslərdə həm yerli idmançılar öz peşəkarlığını artıracaqlar, həm də o rayonlarda yaşayan insanlar komplekslərdən səmərəli istifadə edəcəklər və edirlər. Eyni zamanda, onlarda müxtəlif beynəlxalq yarışlar da keçirilə bilər. Azərbaycanda artıq belə bir təcrübə var. Bölgələrdə yerləşən olimpiya komplekslərində dünya səviyyəli beynəlxalq yarışlar da keçirilir. Bütövlükdə, biz bu sahəyə də böyük diqqət göstəririk.
Azərbaycanda son illər ərzində bir neçə mötəbər beynəlxalq yarış - bədii gimnastika və güləş üzrə Avropa və dünya çempionatları keçirilmişdir. Güləş üzrə dünya çempionatında iştirak etmiş ölkələrin sayı 103-ə çatmışdır və bu, Beynəlxalq Güləş Federasiyası tərəfindən keçirilmiş tədbirlər arasında rekord göstəricidir. Bütün dünyada güləşlə məşğul olan ən güclü idmançılar Azərbaycana toplaşmışdılar və bu çempionat ən yüksək səviyyədə keçmişdir. Yəni, mötəbər beynəlxalq yarışların keçirilməsində bizim çox gözəl təcrübəmiz var.
Biz beynəlxalq əlaqələri genişləndirir və möhkəmləndiririk. Azərbaycan dünya olimpiya hərəkatında özünəlayiq yerini tuta bilmişdir. Avropa Olimpiya Komitəsi çərçivəsində çox fəal işləyir. Müxtəlif ölkələrlə bizim çox səmərəli əməkdaşlığımız var. Müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, prezidentləri Azərbaycana dəfələrlə gəlmiş, vəziyyətlə tanış olmuşlar və bu da bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirir.
Mən xatırlayıram ki, bir neçə il bundan əvvəl Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti cənab Roqq çıxışlarının birində - Avropa Olimpiya Komitəsinin yığıncağında demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti bütün başqa olimpiya komitələri üçün nümunə ola bilər. Bu, bizim işimizə verilən böyük qiymətdir və bildiyiniz kimi, Azərbaycan dünyada artıq özünü idman ölkəsi kimi tanıda bilibdir. Bizim fəaliyyətimiz, idmana göstərilən diqqət və əlbəttə, idmançılarımızın uğurlu çıxışları belə bir nəticəyə gətirib çıxarıbdır.
Əlbəttə ki, idman infrastrukturunun yaradılması çox böyük əhəmiyyət kəsb edir. Ancaq idmançıların çıxışları, onların uğurlu fəaliyyəti bizim xalqımızı sevindirən ən böyük amillərdir. Ölkəmizin bayrağı beynəlxalq yarışlarda hər dəfə qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşının ürəyi qürur hissi ilə dolur. Bu, Azərbaycanın şöhrətidir, Azərbaycanın qələbəsidir və mən istəyirəm ki, belə qələbələrin sayı çox olsun və ildən-ilə artsın. Biz müstəqil ölkə kimi Olimpiya oyunlarında da çox uğurla iştirak etmişik, çıxış etmişik. Sidney və Afina Olimpiya oyunlarında idmançılarımız 8 medal qazanmışlar. Onlardan 3-ü qızıl medal olmuşdur. Bu, dünya ölkələrinin reytinqi çərçivəsində çox yüksək göstəricidir.
İndi Pekin yay Olimpiya oyunlarına hazırlıq prosesi gedir. Artıq 15 lisenziya qazanılmışdır. Əminəm ki, növbəti mərhələdə bu lisenziyaların sayı kəskin şəkildə artacaqdır. Ümid edirəm ki, bizim idmançılarımız Pekində də öz imkanlarını, peşəkarlığını göstərərək, doğma Vətənə medallar gətirəcəklər.
Azərbaycanda indi idmana göstərilən diqqət çox yüksək səviyyədədir. İdmançıların məişət problemləri öz həllini tapır. Hər ilin yekunlarına görə, 20-dən çox idmançıya mənzillər verilir, idmançılara, idman mütəxəssislərinə, məşqçilərə digər yardımlar göstərilir. Yəni bu, bizim idmana olan münasibətimizin göstəricisidir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda idmana rəhbərlik edən qurumlar bir kollektiv şəklində fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - bütün qurumların işində böyük dərəcədə əlaqələndirmə var və bu da çox müsbət bir haldır. Olimpiya Hərəkatında müəyyən təcrübə toplamış insan kimi deyə bilərəm ki, bəzi ölkələrdə əsas gərginlik məhz nazirliklə olimpiya komitəsi arasında müşahidə olunur. Belə olan halda, əlbəttə ki, idmana o qədər də böyük diqqət göstərilmir. Azərbaycanda son 10 il ərzində idmana cavabdehlik daşıyan bütün qurumlar vahid komanda kimi işləyirlər və bizim uğurlarımızın böyük hissəsi bu amillə bağlıdır.
Biz gələcəyə baxırıq. İdmana bundan sonra da diqqət göstərəcəyik. İdman məqsədlərinə nəzərdə tutulan büdcə xərcləri ildən-ilə artır. Bu bizə imkan verəcək ki, Azərbaycanda ən müasir idman infrastrukturu yaradılsın. Mən artıq qeyd etdim ki, 13 olimpiya kompleksi tikilib, 18-i tikilməkdədir, ondan sonra da tikiləcəkdir. Amma bununla bərabər, bəzi federasiyalar özləri yeni olimpiya komplekslərinin tikilməsi ilə məşğuldur. Artıq belə komplekslər var və indi Azərbaycanda idmanla məşğul olmaq üçün bütün şərait var.
Amma, yenə də deyirəm ki, biz gələcəyə baxmalıyıq. Həm idman infrastrukturunun möhkəmlənməsinə, həm idmançıların təlim-məşq toplanışlarının yüksək səviyyədə keçirilməsinə, peşəkarlıq, hazırlıq səviyyəsinin qaldırılmasına, həm də idman mütəxəssislərinin yetişdirilməsinə, uşaq idmanına, yeniyetmə idmanına daha da böyük diqqət göstərməliyik. Mən çox şadam ki, Azərbaycanda idmançıların çox güclü gənc nəsli yetişir. Azərbaycanda idmançı olmaq indi çox şərəfli bir işdir. Bu, məhz ona görədir ki, cəmiyyətdə idmançılara böyük rəğbət, böyük hörmət var. İndi müxtəlif bölgələrdə, rayonlarda tikilən olimpiya idman komplekslərinə güclü axın var. Uşaqlar, yeniyetmələr idmanla məşğul olurlar. İdmanla məşğul olan insanlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar, pis vərdişlərdən uzaq olurlar. Fiziki cəhətdən güclü insan özünü daha arxayın hiss edir. Əsl idmançı ondan zəif olan adama heç vaxt əl qaldırmaz, əksinə, əgər kiməsə yardım etmək lazım olacaqsa, idmançılar, əlbəttə, ən zəif adamın köməyinə yetişəcəklər.
Biz indi böyük planlar qururuq. Ən önəmlisi isə, Azərbaycan artıq özünü o qədər arxayın, o qədər inamlı hiss edir ki, bildiyimiz kimi, 2016-cı ildə Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi haqqında rəsmi müraciət göndərmişik. Azərbaycanın paytaxtı yeddi ən inkişaf etmiş şəhərlərin arasındadır və biz bununla, bir tərəfdən, onu göstəririk ki, ölkəmizdə idmana çox böyük diqqət göstərilir və idmanın inkişafına çalışacağıq. Digər tərəfdən, bu, onu göstərir ki, gənc müstəqil dövlət, cəmi 16 il müstəqil dövlət kimi yaşayan Azərbaycan artıq özünü o qədər güclü hesab edir ki, Olimpiya oyunları kimi dünya miqyaslı beynəlxalq yarışların keçirilməsinə də cəhd edir. Bu, ölkəmizin gücünü, artan imkanlarımızı göstərir. Azərbaycan müstəqillik əldə edəndə həm iqtisadi, həm siyasi cəhətdən, həm də sosial məsələlərin kəskinləşməsi baxımından ən ağır vəziyyətdə olan ölkə idi. Tənəzzül, böhran və xaosun hökm sürdüyü o günləri hamımız yaxşı xatırlayırıq. Ancaq ötən illər ərzində Azərbaycan nəinki o ağır, çətin günlərin acı nəticələrini arxada qoyub, həm də inkişaf edir. Bu gün bizim inkişafımız o dərəcəyə çatıb ki, Olimpiya oyunları da keçirməyə hazırıq. Biz bunu nəinki 2016-cı ildə, hətta 2012-ci ildə də keçirməyə hazırıq. Amma 2012-ci ildə artıq başqa yerdə keçiriləcəkdir. Ola bilsin ki, 2016-cı ildə Azərbaycan bu məqsədə çatmayacaq, çünki Olimpiya oyunlarının tarixi onu göstərir ki, ilk dəfə müraciət edən şəhər heç vaxt mükafatlandırılmır. Ancaq şübhə etmirəm ki, 2016-cı ildə olmasa da, 2020-ci ildə biz ən layiqli namizədlərdən biri olacağıq. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.
Mən bu gün bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini təbrik etmək istəyirəm. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, mənim də həyatımın 10 ili idmanla bağlıdır. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilərkən idmançılara və bütün idman ictimaiyyətinə söz vermişdim ki, mən əlimdən gələni edəcəyəm ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idmançıların problemləri həll olunsun, Azərbaycan güclü idman dövlətinə çevrilsin. Mən çox şadam ki, qarşıya qoyduğumuz bütün vəzifələr öz həllini tapıbdır. Elə bir məqam yoxdur ki, biz indi deyək ki, buna nail ola bilməmişik. İdmançılar yaxşı bilirlər ki, dünya, Avropa çempionatlarında, müxtəlif yarışlarda, əlbəttə, qələbə də olur, məğlubiyyət də olur. Bundan heç kim sığortalanmamışdır. Amma əsas odur ki, Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılar öz peşəkarlığını artırırlar, Azərbaycan sözün əsl mənasında idman dövlətinə çevrilibdir.
Mən bütün idmançıları, bütün dostlarımı, bütün əməkdaşları, yəni həmkarlarımı bu gözəl bayram münasibətilə bir daha təbrik etmək istəyirəm. Bütün qonaqları bir daha salamlamaq istəyirəm. Mən bu gün bayramda iştirak etmək üçün Azərbaycana gəlmiş bütün qonaqları qəbul etdim, onlar çox gözəl ürək sözlərini dedilər.
Bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edirəm və idmançılara gələcək qələbələr arzulayıram.
Sağ olun!

26 oktyabr 2007-ci il

Xəbər 2760 dəfə oxundu.