Masallı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz masallılılar!
- Hörmətli xanımlar və cənablar!
- Əziz qonaqlar!
İlk növbədə, mən sizin hamınızı Masallı Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikeyi və onun xanımını ürəkdən salamlayıram.
Bildiyiniz kimi, Azərbaycanın idman ictimaiyyəti beynəlxalq idman qurumları ilə çox sıx əlaqədədir. Azərbaycanın Milli Olimpiya Komitəsi uzun illərdir ki, Avropa və beynəlxalq olimpiya komitələri ilə çox sıx əməkdaşlıq edir, birgə tədbirlər keçirilir və Azərbaycan Olimpiya Hərəkatında çox fəal iştirak edir. Təsadüfi deyil ki, beynəlxalq və Avropa olimpiya komitələrinin prezidentləri Azərbaycana səfərlər edir, buradakı vəziyyətlə tanış olurlar. Bizim birgə səylərimiz nəticəsində Azərbaycan qısa müddət ərzində idman ölkəsinə çevrilibdir. Bu gözəl olimpiya kompleksinin tikilib istifadəyə verilməsi bir daha göstərir ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət yetirilir. İdmanın hərtərəfli inkişafı bizim üçün vacibdir və bu məqsədlə, ilk növbədə, idmanın maddi-texniki bazasının yaradılması və möhkəmlənməsi çox böyük əhəmiyyət daşıyır. Sirr deyil ki, əvvəllər Azərbaycanın bölgələrində idmanla məşğul olmaq üçün kifayət qədər imkan yox idi. Vaxtilə tikilmiş idman qurğuları yararsız vəziyyətə düşmüşdü və bizim idmançılarımız məşq etmək, yaxud da yarışlar keçirmək üçün çətinliklərlə üzləşmişdilər. Məhz bunu nəzərə alaraq, 2000-ci ildən Milli Olimpiya Komitəsinin təşəbbüsü və bilavasitə iştirakı ilə Azərbaycanın bölgələrində yeni, müasir olimpiya kompleksləri tikilməyə başlamışdır. İlk kompleksin açılışını biz 2000-ci ildə etdik və onun açılışında Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin indiki prezidenti cənab Jak Roqq iştirak etmişdir. Yəni bu gözəl ənənə davam edir, beynəlxalq olimpiya hərəkatının rəhbərləri ilə çox sıx əməkdaşlığımız var. Eyni zamanda, Azərbaycanın müxtəlif rayonlarında yeni gözəl komplekslərin tikintisi də davam edir.
2000-ci ildən bu günə qədər 11 gözəl, müasir olimpiya kompleksi tikilmişdir. Bundan əlavə, federasiyalar tərəfindən ixtisaslaşdırılmış olimpiya kompleksləri də tikilmişdir və onların da sayı 10-a yaxındır. Hazırda 14 olimpiya kompleksinin tikintisinə başlanmışdır, yaxud da buna hazırlıq işləri gedir. Yəni bizim məqsədimiz - bütün bölgələrdə gözəl, müasir komplekslər tikilməsi artıq reallığa çevrilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox güclü idman potensialı var. Biz istəyirik ki, hər bir insan, xüsusilə gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsun. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Son illər ərzində Azərbaycanda idman bölmələrinə müşahidə olunan kütləvi axın onu göstərir ki, artıq idman cəmiyyətimizin çox önəmli amilinə çevrilibdir.
Bununla bərabər, Bakıda vaxtilə tikilmiş əzəmətli idman qurğularında da yenidənqurma və bərpa işləri aparılır. Bakı İdman Sarayı əsaslı təmir olunubdur. Heydər Əliyev adına İdman-Konsert Kompleksində çox böyük yenidənqurma və bərpa işləri aparılır. Mingəçevirdə beynəlxalq avarçəkmə bazası və mərkəzi yaradılır. O, vaxtilə sovet məkanında yeganə baza idi ki, il ərzində orada təlim-məşq toplanışları keçirilirdi. Biz indi o bazanı faktik olaraq yenidən qururuq. Ancaq bir addım da irəliyə getmişik. İndi həm təlim-məşq toplanışlarının keçirilməsi üçün imkanlar yaradırıq, eyni zamanda, orada ən mötəbər yarışlar, hətta dünya çempionatları da keçirmək mümkün olacaqdır. Bütün bu işlər, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycanın indi iqtisadi imkanları bizə belə şəraiti yaradır. İdman sahəsinə qoyulan vəsait insanların sağlamlığına qoyulan vəsaitdir.
Azərbaycan, eyni zamanda, bir sıra beynəlxalq yarışların keçirilməsi üçün də çox tanınan ölkələrdən birinə çevrilibdir. Artıq bir neçə ildir ki, Azərbaycanda beynəlxalq yarışlar təşkil olunur və bu il güləş üzrə dünya çempionatı, bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir. Olimpiya oyunlarına lisenziya verən iki turnir keçiriləcəkdir. 2004-cü il Olimpiya Oyunları ərəfəsində üç lisenziya turniri keçirilmişdir. Yəni bütün bunlar Azərbaycanın idman gücünü göstərir: bir tərəfdən, beynəlxalq idman qurumları ilə səmərəli əməkdaşlığımız, digər tərəfdən, maddi-texniki bazanın möhkəmləndirilməsi və gözəl, əzəmətli komplekslərin tikintisi. Siz də görürsünüz ki, bu kompleks, eyni zamanda, memarlıq abidəsidir. Bizim məqsədimiz sadəcə, idmanla məşğul olmaq üçün bir salon, yaxud da ki, bina tikmək deyildir. Biz istəyirik ki, bunu ən yüksək səviyyədə, dünyada olan ən yüksək səviyyədə edək. Özü də təkcə Bakıda yox, Azərbaycanın müxtəlif rayonlarında tikilən bu komplekslər məhz bu standartlara cavab verir.
Bunlar Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Sosial sahəyə diqqət də həmçinin. Son 3 il ərzində Azərbaycanda təxminən 800 məktəb tikilibdir. Məktəb tikintisi gələcək nəslə olan dəstəkdir. Bilik, savad, elm - bizim gənclərimiz həm əqli, həm də fiziki cəhətdən hazırlıqlı, güclü olmalıdırlar. Onlar gözəl şəraitdə həm oxumalıdırlar, həm də idmanla məşğul olmalıdırlar. İnsanların sağlamlığı üçün indi Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir diaqnostika və müalicə kompleksləri tikilir. Bunu da biz edirik ki, insanlara ən yüksək tibbi xidmət göstərilsin. Qonşu şəhərdə, Lənkəranda ən müasir diaqnostika və müalicə mərkəzi yaradılıbdır və artıq orada açıq ürək üzərində əməliyyatlar aparılır. Masallılılar da o imkanlardan istifadə edəcəklər. İndi biz hər bir bölgədə belə müalicə-diaqnostika kompleksləri yaradırıq ki, yaxın rayonlarda yaşayanlar da ondan istifadə edə bilsinlər.
Amma vaxt gələcək, hər bir rayonda belə gözəl müalicə mərkəzləri tikiləcəkdir. Yəni biz bu məsələyə kompleks şəkildə yanaşırıq. O cümlədən idmanın inkişafı həm ölkəmizin imicinə çox böyük töhfədir, Azərbaycanı dünyada tanıdır, eyni zamanda, millətimizin sağlamlığı üçün də çox lazımdır və bu iki amil burada birləşir.
İdmanın inkişafı, eyni zamanda, idmançıların uğurları ilə ölçülür. Mən çox şadam ki, Azərbaycan idmançıları ölkəmizin idman şöhrətini çox uca tutur, beynəlxalq yarışlarda - dünya, olimpiya, Avropa yarışlarında Azərbaycanı ləyaqətlə təmsil edirlər. 2004-cü ilin yay Olimpiya Oyunlarında bizim idmançılarımız beş medal qazanmışlar. Bu, çox böyük göstəricidir. Eyni zamanda, dünya və Avropa çempionatlarında da çox uğurla çıxış edirlər.
Hər il Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda yüzlərlə medal qazanırlar. Bu da Azərbaycanın idman gücünü göstərir. İdmançılara olan diqqət, idmançılara olan hörmət, onların nailiyyətlərinin qiymətləndirilməsi, tanınmış idmançılara cəmiyyətdə olan münasibət uşaqlarda stimul doğurur. Görəndə ki, idmançı Azərbaycanda çox böyük hörmətə layiq bir insandır, onlar da idman bölmələrinə daha da böyük ürəklə və həvəslə gedirlər. Yəni bu işlər bir-biri ilə sıx bağlıdır.
Əlbəttə ki, Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti və ölkə prezidenti kimi mən çox böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan, sözün əsl mənasında, idman ölkəsidir. Biz bundan sonra da bütün bu sahədəki işlərimizi çox böyük səmərə ilə aparacağıq, Azərbaycanın idman şöhrətini qaldıracağıq və elə edəcəyik ki, hər bir yerdə idmanla məşğul olmaq üçün imkanlar olsun.
Mən bizim üçün yeni olan bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan 2016-cı ildə yay Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi üçün rəsmi qaydada müraciət etmişdir. Deyə bilərəm ki, bu, postsovet məkanında yay Olimpiya oyunlarının keçirilməsi üçün ilk belə bir müraciətdir. Mən onu deyə bilərəm ki, bir neçə il bundan əvvəl, bəlkə də, heç kimin ağlına da gəlməzdi ki, biz belə bir təşəbbüslə çıxış edərik. Ancaq bu gün Azərbaycanın həm idman potensialı, həm idmanın maddi-texniki bazası, idmançılarımızın nailiyyətləri, eyni zamanda, ölkəmizin maddi imkanları belə qərarın qəbul olunmasında ən başlıca rol oynamışdır. Yəni, bizim ölkəmiz Olimpiya oyunlarını keçirməyə hazırdır, buna qadirdir və bütün imkanlar var. Mən ümid edirəm ki, beynəlxalq idman qurumları bizim müraciətimizə diqqətlə yanaşacaqdır. Onu da başa düşürük ki, adətən, ilk dəfə edilən müraciət təmin olunmur. Yəni, bilirsiniz, Olimpiya oyunlarını keçirmək istəyən çoxlu ölkələr var, şəhərlər var, hansılar ki, artıq bir neçə dəfə belə müraciətlər etmişlər, ancaq buna nail ola bilməmişlər. Yəni biz bu məsələyə real yanaşmalıyıq. Amma biz Azərbaycanda nəinki 2016-cı ildə, indi Olimpiya oyunlarını ən yüksək səviyyədə keçirməyə qadirik. Bu, ölkəmizin potensialını, bizim iqtisadi gücümüzü göstərir. Sirr deyil ki, Azərbaycan son üç il ərzində dünya miqyasında iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkədir. Bizim iqtisadi artımın dünyada analoqu yoxdur. 2005, 2006-cı illərdə, 26 və 35 faiz olmuşdur. Bu il də iqtisadiyyatımız təxminən həmin səviyyədə artacaqdır. Bölgələrimiz inkişaf edir, iş yerləri açılır, yeni müəssisələr yaradılır. Hər bir bölgənin problemi diqqət mərkəzindədir, o cümlədən Masallıda da inkişaf üçün lazımi tədbirlər görülür. Ümid edirəm ki, Masallıda gedən quruculuq-abadlıq işlərinin nəticələri yaxın zamanlarda özünü göstərəcəkdir. Rayonun çox böyük potensialı var və ümidvaram ki, bu potensialdan tam şəkildə istifadə edəcəyik.
Olimpiya kompleksinin açılışı əlbəttə ki, özlüyündə böyük hadisədir. Bununla bərabər, mən buna geniş səpkidə rayonların inkişafı kontekstində baxıram. Mənim məqsədim Azərbaycanda hər bir rayonun inkişaf etməsidir. Hər bir rayonda inkişaf səviyyəsi Avropa səviyyəsində, dünya səviyyəsində olmalıdır. Azərbaycan xalqı buna layiqdir və biz birgə səylərlə buna nail olacağıq.
Əziz dostlar, mən sizi bu gözəl gündə, bu gözəl kompleksin açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, masallılılara bütün işlərdə uğurlar arzulayıram.
Sağ olun!

9 aprel 2007-ci il

Xəbər 1486 dəfə oxundu.