AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri qalmaqallı «Neftçi» – «Qarabağ» oyunu ilə bağlı sərt qərarlar qəbul edib.

Hər iki klub 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.

Oyunun 21 və 25-ci dəqiqələrində «Qarabağ», 16, 42 və 72-ci dəqiqələrində isə «Neftçi» azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər iki klub 2000 manat cərimə edilib.

Oyunun 44-cü dəqiqəsində «Neftçi»nin futbolçusu İqor Mitreski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığından 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.

Qarşılaşmanın fasiləsi zamanı «Neftçi»nin məşqçisi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimələnib.

Mətbuat konfransında «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyinə görə 10 oyunluq cəzalandırılıb, klub 20.000 manat cərimə edilib. Premyer Liqada mövsümün sonuna 7 tur qaldığından Hacıyev komandaya rəhbərlik etmək üçün gələn miövsümü gözləməli olacaq.

Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi «Neftçi» 5000 manat cərimə olunub.

Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün «Bakcell Arena»nın rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə ediləcək.

Hakimlərin idarəçiliyinə isə Hakimlər Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi tapşırılıb.

Xəbər 881 dəfə oxundu.