Fasiləyə qonaq komanda lider kimi çıxdı
Kişi otüstü hokkeyçilərin yüksək dəstəsində yarışan komandaların açıq Azərbaycan çempionatında ötən həftə bir neçə turun oyunları keçirilib və ilk dövrəyə yekun vurulub. Aprelin 1-də İlk görüşdə meydana Rusiya Azov şəhərinin təmsilçisi «XK Tana» Bakının «Atasport» komandasına 4:1 hesabı ilə qalib gəlib. «Akkord» (Bakı) –«Şahdağ» (Qusar) matçında şirkət təmsilçiləri də eyni hesablı qələbə qazanıb. 2 gün sonra «XK Tana» «Şahdağ»ın qapısından 11 cavabsız top keçirib. Digər matçda «Akkord» un 8 qoluna «Gənclik» (Sumqayıt) 2 qolla cavab verə bilib. Rusiya təmsilçiləri aprelin 4-də sumqayıtlıları 6:3 hesabı ilə üstələyiblər. «Atasport»la «Akkord»un qarşılaşmasında rəqiblər meydanı qolsuz heç-heçə ilə tərk ediblər. Şənbə günü azovlular «Akkord»la 2:2 hesablı heç-heçə oynayıblar. «Atasport» Sumqayıt təmsilçilərini 14:1 hesabı ilə məğlubiyyətə uğradıb.

İlk dövrənin dünən keçirilmiş son turunda "XK Tana" və “Atasport” komandalarının görüşündə güman etmək olardı ki, ötən mövsümün gümüş mükafatçıları ilk oyundakı 1:4 hesablı məğlubiyyətin əvəzini çıxa biləcəklər. Bununla da Bakı təmsılçisi həm özünün, həm də “Akkord”un “Tana” klubundan irəli çıxmasına imkan yarada bilərdi. Təəssüf ki, Rusiya hokkeyçiləri 4:2 hesabı ilə qalib gələrək yarış cədvəlində rəqibləri üçün əlçatmaz olublar. Daha sonra meydana “Akkord” və “Şahdağ” komandaları çıxıblar. Heyətində müxtəlif səbəblərdən bir-neçə aparıcı oyunçusu çıxış etməyən Qusar təmsilçisi bu dəfə də məğlubiyyətdən yaxa qurtara bilməyib - 2:6. “XK Tana” ilk dövrənin yekununda xal ehtiyatını 19-a çatdıraraq fasiləyə lider kimi çıxıb. Rəqibindən 1 xal geri qalan “Akkord” 2-ci pillədədir. Ehtiyatda “Şahdağ” komandası ilə 1 oyunu qalan (həmin matç sabah keçiriləcək) “Atasport” 11 xalla 3-cü yerdə qərarlaşıb. Qusar hokkeyçiləri 3 xalla 4-cü, yalnız topların sayına görə “Şahdağ”dan geri qalan “Gənclik” sonuncu - 5-ci yerdədir.

Qadınların çempionatında növbəti turun oyunları bazar günü keçirilib. «Atasport-2» (Bakı) – «Sumqayıt» matçında paytaxt hokkeyçiləri rəqiblərini böyük hesabla məğlubiyyətə uğradıblar - 5:0. İlk 2 turda ölkə çempionatının gümüş mükafatçısı “Atasport-2” və “Sumqayıt” komandaları üzərindəki qələbələr sayəsində yarış cədvəlində liderliyi ələ alan Qusarın «Samur» komandası bu dəfə uğursuzluğa düçar olub. Ölkə çempionu «Bakı» şimal təmsilçisinə 8:3 hesabı ilə qalib gəlib. Hazırda «Bakı» 2 oyuna 6 xalla turnir cədvəlinə başçılıq edir. «Samur» eyni sayda xalı 3 oyuna toplayıb. «Atasport-2» keçirdiyi hər 2 oyundan, «Sumqayıt» isə 3 matçdan əliboş ayrılaraq xal qrafasına heç nə yaza bilməyiblər.

Xəbər 1091 dəfə oxundu.