Futbolun inkişafı formadan deyil, görülməli işin məzmunundan asılıdır
Mart ayı ərzində milli futbol çempionatının yüksək dəstəsində başlıca hadisələr əsasən meydandan kənarda baş verdi. AFFA konfransı çempionatın gələnilki mövsümünün formatını, nəticədə, reqlamentini, qaydalarını dəyişdi. Klublar da yerində saymadılar. «Xəzər Lənkəran»da sonu nə qədər çəkəcəyi məlum olmayan Con Toşak dövrü başlandı. «Qəbələ»də, böyük nailiyyətlər əldə etməliymiş kimi, Ramiz Məmmədov növbəti dəfə sükandan uzaqlaşdırdı.

Bu mövzulara, xüsusən çempionatın formatı ətrafında söhbətə başlamazdan əvvəl, ötən turlarda əldə olunan nəticələrə nəzər salaq.

Çempionluq yarışı yeni vüsətlə qızışır. Mübarizənin 3 klub arasında gedəcəyi əvvəldən təxmin olunurdusa, indi qətiləşməkdədir. İlk 3 pillədə yerləşən klublarda oyun sabitliyinin olmaması indidən mülahizələr irəli sürməyə imkan vermir. Elə ilk final turunda «Simurq»a yenilən «Qarabağ» hazırda zirvədə olmaq üçün ən yaxşı fürsəti əldən verdi. Halbuki bu gün üçün məhz ağdamlılar bütün rəqibləri arasında ən “bişmiş” oyun nümayiş etdirirlər. Komanda nəinki quruculuqda, həm də oyun idarəçiliyində optimal oyun göstərir. Bu mənada topun bir cinahdan digərinə yönləndirilməsində ən yaxşı faiz göstəricisinə malik olan ağdamlılar, matçı istənilən axara yönəltmək imkanına malikdirlər. Belə bir şəraitdə bəzən müşahidə olunan ruh düşkünlüyünü, səriştəsizliyi heç anlamaq olmur.

«İnter»in çatışmazlığı formalaşdırılmış oyunçu ehtiyatından bəzən səriştəsizcəsinə istifadə etməsidir. Komanda özünə lazım olan andan yaxşı bəhrələnsə də, ötənilkinə nəzərən, futbolçuların hazırlığı, taktiki və texniki imkanları qəfil enişə yönəlib. Səbəb aydındır: müəyyən mərhələdə zirvəyə çatan komanda oyunçu potensialını daha da irəli aparmaq üçün transferlərin səviyyəsini artırmalı idi.

«Neftçi» yerli bazarda lazım olan oyunçuları alsa da, «İnter»in aqibəti ilə üzləşdi. Bəlkə də «beynəlmiləlçilər»i anlamaq olar. Lakin Avropa Liqasına vəsiqə qazanmış bir komandanın transfer bazarında yerində sayıb, sonra geriyə addım atması, sadəcə, funksionerlik və idarəetmə səbatsızlığının göstəricisidir.

Çempionatda aydın olan bir məsələ indidən bəllidir: ilk üçlükdə «Bakı» və «Qəbələ»nin yeri yoxdur. AFFA-nın yeni qərarına əsasən, indi çempionat üçün hesablarını yenidən qurmalı olan eniş qrupunun komandalarından yalnız «Kəpəz»in şansını bitmiş saymaq olar. Əlbəttə, AzAL-la «Xəzər Lənkəran»ın da elə bir qorxusu yoxdur. Lakin onlar da sayıqlığı əldən verməməlidirlər.

Söz yox, AFFA konfransının çempionatın formatı ilə bağlı qəfil qərarı barədə də fikir söyləmək lazımdır. İlk növbədə, belə tələsik qərarın səbəbini bu dəfə də anlamaq olmadı. Bu qərar bir sonrakı mövsüm üçün verilə bilərdi. Qərar eniş zolağında olan və yüksəlmək imkanına malik komandaların hüquqlarının tapdalanması kimi də qiymətləndirilə bilər. 4-dövrəlik dairəvi sistem barəsində əvvəllər də söz açılmışdı. Lakin assosiasiya hər dəfə bu fikirlərin üzərindən faydasız kimi xətt çəkmişdi. Hərçənd bu addım 3 il bundan əvvəl atılmalı, ardınca lazım olan digər qərarlar da verilməliydi. Təəssüf ki, nə o oldu, nə də bu.

Artıq ikinci ildir aşağı diviziondan yuxarı dəstəyə heç bir klub yüksəlmir. Nə AFFA-nı, nə də PFL-i bu məsələ və ya onun yarada biləcəyi problemlər elə bil maraqlandırmır. Bütün bunları saymaqda əsas məqsəd heç də federasiyanı tənqid etmək deyil. Onsuz da AFFA-da doğru-dürüst qərarlar çox nadir hallarda verilir.

Səhvlər nədən formalaşır? Birincisi ondan ki, federasiyanın bir iş planı yoxdur. Federasiya var, müəyyən qaydalar var, hərəkət və fəaliyyət üçün əsaslar var və inzibati adlandırılan binaya toplaşmış insanlar da buna uyğun çalışırlar.

İkincisi, verilən qərarın səbəb və məqsədi elan edilməlidir. Məqsəd güclü çempionatdır. Amma belə qərarlarla çempionatın və ya futbolun səviyyəsini qaldırmaq mümkündürmü? Beləysə, buna Şotlandiyada niyə nail ola bilmirlər? Yüz belə qərar verilsə də, hər hansısa uğura yetişmək mümkün olmayacaq. Uğur üçün fəaliyyət, inkişaf , perspektiv və s. planlar lazımdır. Verilən qərarı cəmiyyət üçün izah edə bilməsələr də, özləri üçün aydın təsəvvür etməlidirlər. Lakin bu da hiss olunmur. Klubların sayının azalması ilə problemlər heç də azalmayacaq, əksinə, klub futbolu daha böyük zərbə alacaq. Çünki AFFA hələ də aşağı dəstələri formalaşdırıb, oradakı mübarizəni stimullaşdıra bilmir.

AFFA futbolumuzun inkişafını istəyirsə, başqa addımlar atmalıdır. Futbolun inkişafı bu gün regionların sosial-iqtisadi inkişafının təməlində dayanır və AFFA bundan məharətlə istifadə edə bilər. Bunun üçün istək, bir az bacarıq və futbolu bilmək yetər.
İlk növbədə, regionlarda onsuz da zəif olan klub futbolu bazasını möhkəmləndirməyə çalışılmalıdır. Uşaq futbolunun inkişafına təkan verilməlidir. Kadrlar, məşqçilər hazırlanmalıdır. Yerli səviyyəli hakimləri yetişdirlməlidir. Futbol savadsızlığı, məlumatsızlığının qarşısı alınmalıdır.

Bu addımların atılması çox sadə, bəsit qərarlardan ibarətdir və onların icrası da böyük səy tələb etmir. Bu barədə fikirləşmək zamanı da yetişib. Futbolun inkişafı formadan deyil, görülməli işin məzmun, mahiyyət və məqsədindən asılıdır.

Xəbər 1197 dəfə oxundu.