Goranboy şəhərində Mərkəzi Stadionun təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli idmançılar!
Sizin hamınızı ürəkdən salamlayıram. Mən bu gün sizin yanınıza gəlmişəm. Çox şadam ki, biz yenidən birlikdəyik.
Üç il bundan əvvəl, 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Goranboy rayonunda olanda burada görülən işlərlə yaxından maraqlandı və çox razı qaldı. Bu gün də mən görürəm ki, Goranboy inkişaf edir. Burada yeni müəssisələr yaranır, abadlıq işləri gedir, rayonda ictimai-siyasi vəziyyət çox yaxşıdır, əhval-ruhiyyə yaxşıdır. Baxmayaraq ki, hava bir az imkan vermir ki, daha da yaxından ünsiyyətdə olaq, amma bununla belə, burada yığışmış insanlar bir daha öz duyğularını, öz hisslərini ifadə edirlər.
Mən çox şadam ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Goranboy da inkişaf edir. Goranboy Azərbaycanın qədim torpağıdır, tarixi yerdir. Biz hamımız çalışmalıyıq ki, burada quruculuq, abadlıq işləri daha da sürətlə getsin. Regional inkişaf proqramı burada icra olunur və proqram çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetiriləcəkdir. Mən bu gün icra hakimiyyətinin başçısı ilə söhbətimdə qeyd elədim ki, burada mövcud olan bütün problemlər, məsələlər öz həllini tapmalıdır. Bəzi problemlər yerindəcə həll oluna bilər, bəzilərini isə biz Bakıda həll edəcəyik. İcra hakimiyyətinin başçısı mənə rəsmi məktubla müraciət edəcək və bütün məsələlər öz həllini tapmalıdır.
Mən bundan sonra da Azərbaycanın hər bir bölgəsinə kömək göstərəcəyəm. Mən istəyirəm ki, Azərbaycanın bölgələri inkişaf etsin. Hər bir rayon inkişaf etsin, insanlar daha yaxşı yaşasınlar. Paytaxtla rayonlar arasında fərq azalsın və bəlkə də bir gün tamamilə aradan götürülsün. Yoxsulluq aradan götürülsün, işsizliyə son qoyulsun. Sülh olsun, əmin-amanlıq olsun, rifah olsun, insanlar yaxşı yaşasınlar, uşaqlarımız yaxşı tərbiyə alsınlar. İdmançılarımız Azərbaycanın bayrağını daim yüksəklərdə tutsunlar, Azərbaycanın idman şöhrətini ucaltsınlar.
Bir sözlə, biz hamımız istəyirik ki, ölkəmiz öz mövqelərini daha da gücləndirsin. Dünyada öz yerini möhkəmləndirsin, regionda öz liderlik mövqelərini saxlasın. Bunu etmək üçün hər bir imkan var, bütün şərait var. İqtisadi inkişaf sürətlə gedir. Bu il Azərbaycan iqtisadi inkişafın sürəti baxımından dünyada birinci ölkə olacaqdır.
Bu yaxınlarda istismara verəcəyimiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəmizin iqtisadiyyatının, infrastrukturun, bölgələrin inkişafına böyük imkan yaranacaqdır. Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Azərbaycanın hər bir vətəndaşı bu fürsətdən istifadə etməlidir, bu imkanlardan bəhrələnməlidir. Bunu etmək üçün gərək hamımız - həm hökumət, yerlərdə icra orqanları, həm sahibkarlar, həm də vətəndaşlar birlikdə çalışaq. Bizim məqsədimiz, amalımız birdir. Doğma Vətənimizi daha da gücləndirmək, Azərbaycanın mövqelərini möhkəmləndirməkdir.
Əlbəttə, bizim qarşımızda duran ən başlıca vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz buna çalışırıq, bütün imkanlardan istifadə edirik. Siyasi, diplomatik və sair addımlar atılır və son zamanlar müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycanın haqq səsi eşidilir. Azərbaycanın mövqeyi dəstəklənir və beynəlxalq ictimaiyyət də bunu artıq açıq-aydın dərk edir və ən önəmlisi də odur ki, bu mövqeyi qəbul edir. Biz bu səyləri davam etdirəcək və bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda, ikitərəfli danışıqlarda öz mövqeyimizdən çəkilməyəcəyik. Çünki bizim mövqeyimiz ədalətlidir və beynəlxalq hüquq normalarına əsaslanır.
Amma eyni zamanda, biz onu da bilməliyik ki, yalnız güclü ölkə öz istədiyinə nail ola, öz maraqlarını təmin edə bilər. Ona görə biz güclü olmalıyıq, heç kimin yardımına arxalanmamalıyıq, heç kimin köməyinə ümid etməməliyik. Bizim gücümüz var. Azərbaycan xalqı güclü xalqdır. Azərbaycan torpağı zəngin torpaqdır. Bizim çox güclü kadr potensialımız, təbii ehtiyatlarımız var. Vətənpərvərlik var. Bütün bu amilləri səfərbər edərək, biz gərək güclənək.
Buna görə də bizim iqtisadi inkişaf proqramlarımız həyata keçirilir, regional proqramlar həyata keçirilir, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilir. Bütün bunlar Azərbaycanı gücləndirəcək, Azərbaycanda güclü iqtisadi potensial yaradacaq və nəticədə bizim ölkəmiz bölgədə daha da güclü olacaqdır.
Biz ordu quruculuğuna da böyük diqqət göstəririk və bunu davam etdirəcəyik. Bu il orduya ayrılan xərclər 36 faiz artıbdır. Bu yaxınlarda büdcəyə yeni dəyişikliklər ediləcəkdir. Mən göstəriş vermişəm ki, ordu xərclərinə yenidən baxılsın və lazımi səviyyədə artırılsın. Biz ordumuzu daha da gücləndirməliyik və düşmənlər bilməlidirlər ki, Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri istənilən vaxt yerinə yetirə bilər.
Bir sözlə, Azərbaycan uğurla inkişaf edəcəkdir. Bunun üçün gərək biz bir olaq. Cəmiyyətdə birlik olmalıdır. Bizim bir məqsədimiz, bir amalımız var: torpaqlarımızı qaytarmaq, ərazi bütölüyümüzü bərpa etmək və Azərbaycan xalqını daha yaxşı şəraitlə təmin etmək.
Mən sizin hamınıza bütün bu işlərdə uğurlar arzulayıram. Arzu edirəm ki, Goranboy rayonu daha da gözəlləşsin, abadlaşsın, burada quruculuq işləri daha da sürətlə getsin. Mən burada görülən işlərdən çox razıyam. Tanışam, bilirəm ki, işlər burada yaxşı gedir. Yerli icra orqanları da işləyir. Sizi Milli Məclisdə təmsil edən deputat çox gözəl işləyir. Bir sözlə, burada gedən proseslər məni çox qane edir. Ona görə mən bu gün gəlmişəm ki, sizinlə birlikdə olam və sizə öz dərin məhəbbətimi, dərin hörmətimi ifadə edim. Sizi əmin edim ki, mən Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün, iqtisadi potensialının güclənməsi üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm, həmişə sizinlə birlikdə olacağam. Bizim gələcəkdə görəcəyimiz işlər imkan verəcək ki, Azərbaycan daha da möhkəmlənsin, qüdrətli olsun, müstəqilliyimiz əbədi, dönməz olsun.
Sizi bir daha salamlayıram, bağrıma basıram.
Sağ olun, təşəkkür edirəm.

19 may 2005-ci il

Xəbər 2333 dəfə oxundu.