“İnter”in futbolçusu tarixə düşdü
Topaz Premyer Liqasının XXV turu “İnter”in milliləşən legioner futbolçusu Vladimir Levin üçün əlamətdar olub. Klubun adını dəyişdiyi 2004-cü ildən komandanın şərəfini qoruyan ukraynalı Azərbaycan çempionatında 200-cü matçına çıxıb. Bununla da müdafiəçi “İnter”in tarixində 200 oyun keçirən ilk futbolçu olub.

Levin Azərbaycan çempionatlarında 200 matç səddini aşan 3-cü legioner olub. Ona qədər milliləşən əcnəbilər Aleksandr Çertoqanov və Usim Nduka bunu bacarmışdı. Hazırda “Qəbələ”də çıxış edən Çertoqanov çempionatda 205, AZAL-ın müdafiəçisi Nduka isə 204 matça çıxıb. Əcnəbilər arasında oyun sayına görə 3-cü olan Vladimir də Usim kimi bütün matçlarını 1 komandada keçirib. Ukraynalı Azərbaycan çempionatları tarixində 1 klubun heyətində 200 və daha çox oyun keçirən 2-ci legionerdi. Bu 2 əcnəbidən başqa daha 10 futbolçu ölkə çempionatında 1 klubda 200 və daha çox oynayıb. Həmin futbolçular karyerasını bitirmiş yerli oyunçulardı. Komandasına ən azı 200 oyunluq müddətdə sadiq qalan 12 futbolçudan 8-i “Turan”la “Qarabağ”ın payına düşür. Onların hərəsində 4 belə futbolçu var. “Viləş” 2 belə üzvü ilə seçilir. AZAL və “İnter”in rekordçuları isə yalnız bu il siyahıya daxil olub.

Xəbər 843 dəfə oxundu.