Qəbələdə rayon birinciliyi keçirilib
Apreli 6-da Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə XI sinif şagirdləri arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi yarışı keçrilib.

Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq və rayon çempionunu aşkar etməkdən ibarət olub.

Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə keçirilən yarışda rayonun tam orta məktəblərinin 12 komandası iştirak edib. Komandanın tərkibi 5 idmançı və 1 məşqçidən ibarət olmaqla, yarışın yekununa əsasən ən çox xal toplamış komanda qalib hesab olunub.

Yekun nəticələrə görə birinciyə Əmirvan, ikinciyə Soltannuxa, üçüncü yerə Qəmərvan kənd tam orta məktəbin komandası layiq görülüblər.

Sonda qalib komandalar Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 935 dəfə oxundu.