XXIX Yay Olimpiya Oyunları çərçivəsində, Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş “Azərbaycan günü” mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
- Əziz dostlar!
İlk növbədə, mən bizim bu gecəmizə təşrif gətirdiyinizə görə sizin hamınıza təşəkkür etmək istərdim. Bu gün biz Pekində “Azərbaycan günü” keçiririk. Bu gün biz mədəniyyətimiz, tariximiz və idman tariximiz haqqında kiçik bir təqdimat etmək istəyirik.
Müstəqil ölkə kimi Azərbaycan artıq dördüncü dəfədir ki, Olimpiya oyunlarında iştirak edir. İndiyədək bizim iştirakımız uğurlu olub, hər növbəti Olimpiya oyunlarında əvvəlkindən daha çox medal qazanmışıq. Ümid edirəm ki, bu yaxşı ənənə davam edəcəkdir.
Ümumiyyətlə, biz idmanın inkişafına çox diqqət yetiririk, belə ki, idman bizim ictimai həyatımızın vacib bir amilidir. Olimpiya hərəkatının inkişafına böyük diqqət yetirilir. Azərbaycan regionumuzda və bütün dünyada Olimpiya Hərəkatında əhəmiyyətli rol oynayır və Olimpiya ideallarını tam bölüşür.
Olimpiya oyunları, sadəcə, dünyanın əsas idman hadisəsi deyil, eyni zamanda, bu Oyunlar qlobal miqyasda ən əhəmiyyətli hadisədir. Olimpiya oyunları, sadəcə, idman və yarışma deyil, eyni zamanda, dostluq, tərəfdaşlıq və qarşılıqlı dəstək deməkdir və təbii ki, bu, idmançılar üçün yaddaqalan nümunədir. Əminəm ki, onlar bunu bütün həyatı boyu xatırlayacaqlar. Onların öz qabiliyyətini nümayiş etdirmək, öz ölkələrinin idman şərəfini qorumaq və eyni zamanda, əminəm ki, burada dostlar qazanmaq imkanı olacaqdır.
Biz Azərbaycanda idmançıları dəstəkləməyə çalışırıq, dövlət və hökümət idmanın inkişafında əhəmiyyətli rol oynayır. Ölkəmizdə çoxlu yeni olimpiya kompleksləri yaradılıbdır. Son səkkiz il ərzində ölkənin müxtəlif yerlərində 13 böyük idman kompleksi yaradılıb və daha 23-də tikinti işləri gedir. Bizim üçün çox əhəmiyyətlidir ki, Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin prezidentləri və Olimpiya Hərəkatının yüksək rütbəli rəsmiləri bu komplekslərin bəzilərinin açılış mərasimlərində iştirak ediblər.
Əlbəttlə, biz idmançılarımızın Olimpiya oyunlarında yaxşı nəticələr göstərəcəklərinə ümid edirik. Amma, eyni zamanda, bizim idmanın inkişafı ilə bağlı öhdəliklərimiz daha geniş məna daşıyır. Biz gənclərin və uşaqların idman yarışlarında fəal iştirak etmələrini, onların sağlam və yaxşı fiziki formada olmalarını istəyirik. Yaxşı nəticələrlə yanaşı, biz gənc nəslin sağlam olmasına və ölkəmizin gələcəkdə inkişaf etməsi üçün mühüm vəzifələri yerinə yetirməyə hazır olmasına nail olmalıyıq.
Biz ümid edirik ki, bu oyunlar bütün iştirakçılar üçün uğurlu olacaqdır. Mən bütün komandalara, bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, idmançılar arasında yaranacaq dostluq və tərəfdaşlıq ruhu dünyada sülhün bərqərar olmasına kömək edəcəkdir.
İdman, dostluq, ünsiyyət, tərəfdaşlıq - bütün bunlar regionlarda və bütün dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdir. Bu mənada Azərbaycan çox əhəmiyyətli rol oynayır. Qeyd etdiyim kimi, Azərbaycan müstəqil bir dövlət kimi gənc, lakin böyük mədəniyyətə, tarixə və ənənələrə, eləcə də idman ənənələrinə malik bir ölkədir.
Bütün idmançılara uğurlar arzulayıram və bizim bu gecəmizə təşrif gətirdiyinizə görə bir daha hamınıza təşəkkür edirəm. Bütün ölkələrə və ölkələrinizin insanlarına müvəffəqiyyət və xoşbəxtlik arzulamaq istərdim.
Sağ olun!

10 avqust 2008-ci il

Xəbər 2805 dəfə oxundu.