«Xəzər Lənkəran»da ilk
Alvaro Silva «Xəzər Lənkəran»ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Premyer Liqanın XXIV turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi komandanın heyətində qol sevinci yaşamamışdı.

Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu olub. Bu 81 oyunçudan başqa daha 7 rəqib futbolçu öz qapısına qol vurub.

«Xəzər Lənkəran»ın qol vuran oyunçularına gəlincə, onların 29-u yerli, 52-si əcnəbidi. Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edirdi: Rumıniya – 12, Braziliya – 8, Türkiyə – 5, Bolqarıstan – 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya – hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan – hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə oldu.
Qeyd edək ki, «Xəzər Lənkəran»da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.

Xəbər 771 dəfə oxundu.