Zaqallo qəzaya düşüb
Braziliya yığmasının keçmiş baş məşqçisi Mario Zaqallo avtomobil qəzasına düşüb. 81 yaşlı mütəxəssis hadisədə yüngül xəsarət alıb. İdman.com.az saytı xəbər verir ki, Zaqallo avtomobilin idarəsini itirib və maşınını Rio de Janeyro ətrafında bir dirəyə çırpıb.

Qəzadan sonra o, şəhər xəstəxanalarından birinə çatdırılıb, lakin tezliklə evə buraxılıb. Mario Zaqallo 4 dəfə futbol üzrə dünya çempionu olmuş yeganə insandı. İki dəfə o, bu uğura futbolçu kimi imza atıb (1958 və 1962-ci illərdə), iki dəfə də Braziliya yığmasını baş məşqçi kimi zirvəyə yüksəldib (1970, 1994).

Beləliklə, braziliyalıların 5 dünya çempionluğundan yalnız 2002-ci ildə Yaponiya və Cənubi Koreya arenalarındakı zəfəri Zaqallonun iştirakı olmadan baş tutub. Hazırda o, ölkəsinin yığmasında məsləhətçi və əlaqələndirici kimi çalışır.

Xəbər 936 dəfə oxundu.