XIII Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
- Əziz idmançılar!
Mən sizin hamınızı Pekin Paralimpiya Oyunlarında qazanılmış böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu qələbə tarixi bir nailiyyətdir. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, bizim paralimpiyaçılarımız 10 medal qazanmışlar. Onlardan 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc medaldır. Bu, çox böyük nailiyyətdir, çox böyük qələbədir. Bu onu göstərir ki, bizim idmançılarımız çox yüksək peşəkarlığa malikdirlər, onlarda ruh yüksəkliyi vardır. Baxmayaraq ki, Paralimpiya Oyunları çox çətin bir yarışdır, onlar yüksək nəticələr göstərməklə həm öz imkanlarını bütün dünyaya sübut etmişlər, həm də Azərbaycanın şöhrətini yüksəklərə qaldırmışlar.
Biz bir müddət bundan əvvəl sizinlə Sumqayıtda yeni tikilmiş Paralimpiya İdman Kompleksində görüşmüşdük, sizi Oyunlara yola salırdıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə sizin yarışlarınızı gözləyirdi. Bu ümidlər həyatda öz əksini tapdı. Sizin hər bir qələbəniz Azərbaycanda, Azərbaycan xalqı tərəfindən çox böyük sevinclə qarşılanırdı. Çünki hər bir qələbəniz Azərbaycanın idman imkanlarını bir daha göstərir, idman potensialını göstərir və Azərbaycanın doğrudan da idman dövləti olduğunu bir daha sübut edir.
Bizim olimpiya oyunlarında çıxışımız çox yaxşı olubdur və bir neçə medallar qazanılmışdır. Bu gün biz paralimpiyaçıları qeyd edirik, sizin uğurlarınıza sevinirik. Bildiyiniz kimi, bütövlükdə Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Yeni idmançılar öz bacarıqlarını göstərirlər. İdmanla məşğul olmaq üçün yeni imkanlar yaradılır. Bax, son günlər ərzində Azərbaycanın müxtəlif yerlərində iki yeni olimpiya idman kompleksi açılmışdır. Növbəti idman komplekslərinin açılışı gözlənilir. Artıq bu gün bizim Paralimpiya İdman Kompleksimiz var və əminəm ki, siz o imkanlardan səmərəli istifadə edəcəksiniz. Artıq sizin öz idman bazanız var. Ümid edirəm ki, bu, gələcək qələbələrin qazanılması üçün sizə daha yaxşı imkan yaradacaqdır.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Bütün idmançıları, məşqçiləri, Milli Paralimpiya Komitəsinin rəhbərlərini, üzvlərini, qələbənin qazanılmasında iştirakı olan bütün insanları bu yüksək nəticə münasibətilə təbrik edirəm. Bu, sizin qələbənizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanda idmanın inkişafının göstəricisi və təntənəsidir.
Mən əminəm ki, bu uğur sizi yeni qələbələrə çatmağa sövq edəcək, sizə əlavə stimul verəcək, sizə əlavə qüvvə verəcəkdir. Əminəm ki, bütün paralimpiyaçılar, onların məşqçiləri və Milli Paralimpiya Komitəsinin üzvləri səylə çalışacaq, idmançılarımız gələcək yarışlarda da çox yüksək peşəkarlıqla çıxış edəcək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.
İndi isə mən istərdim ki, sizə dövlətin mükafatlarını təqdim edim. Bildiyiniz kimi, Paralimpiya Oyunları ərəfəsində mən idmançıların mükafatlandırılması ilə əlaqədar Sərəncam imzalamışam. İndi isə çox böyük məmnunluq hissi ilə bu mükafatları sizə təqdim edəcəyəm.

22 sentyabr 2008-ci il

Xəbər 1431 dəfə oxundu.