Sabirabad şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasim iştirakçıları ilə görüş zamanı nitqi
- Mən Olimpiya İdman Komleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Biz üç il bundan əvvəl bu kompleksin təməlini bərabər qoyduq. Bu gün isə bu gözəl binalar tikilib, istifadəyə verilir. Həm üzgüçülük hovuzu, həm idman zalları, həm də açıq meydançalar, mehmanxana - yəni bu ərazidə böyük idman, əyləncə və turizm mərkəzi yaradılıbdır. Çox şadam ki, biz bu gözəl kompleksin açılışını bərabər qeyd edirik. Əminəm ki, bu kompleksdən həm idmançılar, uşaqlar, yeniyetmələr istifadə edəcəklər, həm də yaşlı nəsil istifadə edə bilər. Burada insanların sağlamlığını möhkəmləndirməsi üçün bütün şərait var. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

* * *
Mən də bundan sonra əlimdən gələni edəcəyəm ki, Azərbaycan daha da çiçəklənsin, daha da inkişaf etsin və biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çataq. Bunu etmək üçün bütün imkanlar var. Siz ulu öndər Heydər Əliyevin Sabirabada, sabirabadlılara olan münasibətini qeyd etdiniz. Bu, həqiqətən, belə idi. Mən onun səfərlərini xatırlayıram. Bəzi hallarda məni də özü ilə gətirərdi Sabirabada. Sabirabadın inkişafına onun çox böyük töhfəsi olmuşdur.
Bu gün Sabirabad yeni dövrünü yaşayır. Mən üç il bundan əvvəl gəlmişdim, bu kompleksin təməlinin qoyulmasında iştirak edirdik. Bu üç il ərzində çox böyük dəyişikliklər olub, çox böyük quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər, yeni müəssisələr tikilir, iş yerləri açılır, şəhər abadlaşır. Doğrudan da, abadlıq şəhərə yenidən qayıdır. Necə ki, 1970-ci illərdə Sabirabad çox böyük inkişaf yolu keçmişdi və burada həm sənayenin, həm kənd təsərrüfatının inkişafı, həm də sosial obyektlərin tikintisi geniş vüsət almışdı. İndi yenidən o həyata dönür.
Hamımız yaxşı xatırlayırıq ki, ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra burada işlər yavaş-yavaş tənəzzülə doğru getməyə başladı və nəticədə də Azərbaycan müstəqilliyi əldə edəndə ən ağır vəziyyətdə olan ölkə idi. Həm daxili çəkişmələr, həm böhranlı vəziyyət, iqtisadi böhran, sənaye faktik olaraq dayanmışdı - o günləri hamımız yaxşı xatırlayırıq. Ümumiyyətlə, Azərbaycanın müstəqil yaşaması məsələsi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya biləcək, yoxsa yox - 1990-cı illərin əvvəllərində yaşanmış çətin dövr belə fikirləşməyə böyük əsas verirdi.
Ancaq ulu öndər Heydər Əliyevin siyasəti və onun bu gün davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Siz qeyd etdiniz ki, doğrudan da Bakı indi dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Gələcəkdə Bakının bütün infrastruktur məsələlərinin həlli daha da sürətlə gedəcəkdir. Həm tarixi binalar bərpa olunur, onlar öz ilkin görkəminə qayıdır, həm də şəhər üçün lazım olan bütün yeni infrastruktur obyektləri yaradılır. Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir.
Təkcə Bakıdan söhbət getmir. Beş il bundan əvvəl bəyan etmişdim ki, əsas vəzifəm bölgələrin inkişafıdır. O vaxt seçkiqabağı görüşlərdə demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, söz verirəm ki, növbəti beş il ərzində 600 min iş yeri açılacaqdır. O vaxt bunu bəziləri şüar kimi qəbul etdilər. Bəziləri ümumiyyətlə, şübhə ilə yanaşdılar. Amma mən bilirdim ki, bu mümkündür. Çünkü bilirdim ki, bunu etmək üçün biz gərək ciddi işləyək, konkret proqramlar tərtib edək və onları icra edək. Bu gün, beş ildən sonra Azərbaycanda 700 mindən çox yeni iş yeri açılmışdır. Bütün bölgələrdə canlanma gedir. Kənd təsərrüfatı inkişaf edir, yeni müəssisələr, sənaye obyektləri tikilir, investisiyalar qoyulur. Yəni biz bütün bunları birlikdə etmişik. Bunların hamısının təməlində Heydər Əliyev siyasəti dayanır, bütün bunlar o siyasətin təntənəsidir. Əgər o olmasaydı, əgər Azərbaycanda sabitlik olmasaydı və gözəl ictimai-siyasi vəziyyət olmasaydı, bunları görmək mümkün olmazdı. Heç kim buraya vəsait qoymazdı və yerli sahibkarlar da gedib başqa ölkələrə vəsait qoyacaqdılar.
İndi yerli sahibkarlıq yaranır və möhkəmlənir. Bunun müxtəlif səbəbləri var. İlk növbədə, əlbəttə, liberal iqtisadi islahatlar, Azərbaycanın dünya iqtisadiyyatına qovuşması, digər tərəfdən, dövlət dəstəyi, həm siyasi dəstək, həm də maddi dəstək. Hər il güzəştli şərtlərlə 100 milyon dollar həcmində kreditlər verilir. Kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlər görülür. Güzəştli şərtlərlə gübrə, yanacaq verilir, yollar çəkilir, infrastruktur layihələri və dövlət tərəfindən icra olunan layihələr həyata keçirilir.
İndi Azərbaycanda ən böyük investor Azərbaycan dövlətidir. Əvvəllər biz xarici investisiyalardan asılı idik. Gözləyirdik və cəlb edirdik ki, gəlin Azərbaycana vəsait qoyun. Mən xatırlayıram, ulu öndər Heydər Əliyev bütün xarici səfərlərdə xarici firmalarla, böyük şirkətlərlə görüşlər keçirmişdir və onları inandırırdı ki, gəlin Azərbaycana vəsait qoyun. O vaxt ona nail ola bildi. Halbuki, Azərbaycana vəsait qoymaq o vaxt riskli bir iş idi. Mən də 2004-2005-ci illərdə bütün xarici səfərlərimdə iş adamları ilə, firmalarla görüşürdüm, onları cəlb edirdim. İndi də gəlsələr, əlbəttə ki, şad olarıq. Amma indi o dövr keçdi. İndi bizə öz imkanlarımız şərait yaradır ki, özümüz istənilən sahəyə investisiya qoyaq.
Keçən il ilk dəfədir ki, yerli sərmayələr xarici sərmayələri üstələmişdir. Bu il təkcə dövlət investisiya xərcləri 5 milyard dollardır. Gələn il təxminən 6-7 milyard dollar olacaqdır. Azərbaycan öz imkanlarından istifadə edir. Bu investisiyalar insanları əsas narahat edən məsələlərin həllinə yönəldilir. Yollar, elektrik xətləri, qaz xətləri, su təchizatı. Siz qeyd etdiniz, Sabirabadda artıq modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Təkcə burada deyil, başqa rayonlarda da quraşdırılmışdır. Nə üçün?! İnsanlar təmiz su içsinlər.
Siz tamamilə haqlısınız, Kür suyu çox gözəl sudur. Onun tərkibində insanın sağlamlığı üçün çox yaxşı maddələr var. Ancaq o təmizlənməlidir. İndi biz bu qurğuları gətirməklə, onları quraşdırmaqla bu məsələni həll edirik. Əminəm ki, biz 2009-2010-cu illərdə bu problemlə üzləşən bütün kəndlərdə bu proqramı tam şəkildə icra edəcəyik. İnsanların sağlamlığı və həyatının keyfiyyəti əsas sosial məsələdir.
Sağlamlıq, təhsil, infrastruktur layihələri, iqtisadiyyatın, sənayenin inkişafı - bax, bütün bu paralel proqramlar bir-birini tamamlayır və bizim ölkəmizin uğurlu inkişafını təmin edir. Mən heç şübhə etmirəm ki, biz növbəti illərdə daha da sürətlə inkişaf edəcəyik. Azərbaycanın inkişafı uzunmüddətli olacaqdır.
Biz dörd il bundan əvvəl dünya miqyasında ilk dəfə idi ki, iqtisadi artım baxımından birinci ölkə olduq. Bəziləri fikirləşirdilər ki, bu, təsadüfi xarakter daşıyır. Sonra növbəti ildə də oldu, ondan sonra növbəti ildə də oldu və artıq dörd il ardıcıllıqla, - bu il beş il olacaqdır, - Azərbaycan iqtisadi artım baxımından birinci yerdədir. Sonra bəzi bədxahlar bunu neftlə bağlamağa çalışırdılar, deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Neft başqa ölkələrdə də hasil edilir. Başqa ölkələrdə də neft hasilatı artır. Neftin qiyməti başqa ölkələrin iqtisadi artımına təsir göstərir. Yəni bu, təkcə neft amilindən asılı deyil, köklü iqtisadi islahatlardan, ciddi proqramlardan asılıdır. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankı tərəfindən bu il bir nömrəli islahatçı ölkə kimi qiymətləndirildi. Yəni bunun neftlə heç bir əlaqəsi yoxdur. Aparılan ciddi siyasətdir, həm siyasi, həm iqtisadi islahatlar, sosial məsələlərin həllidir.
Gələcək illərdə bütün bu müsbət meyillər güclənəcəkdir. Bölgələrin inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Əlavə kreditlər, investisiyalar olacaq ki, Azərbaycan öz potensialından tam şəkildə istifadə etsin. Kənd təsərrüfatı inkişaf etsin və Azərbaycanda insanlar daha da yaxşı yaşasınlar. Bu, ulu öndər Heydər Əliyevin siyasətidir. Onun bizə vəsiyyətidir, onun qoyduğu yoldur. Biz bu yolla gedirik. Bu, düzgün yoldur, ən düzgün yoldur və bu yolda heç kim bizə nə maneçilik törədə bilər, nə də bizi bu yoldan heç kim döndərə bilməz. Bu yol Azərbaycanı gələcəyə, xoşbəxt gələcəyə aparır.
Biz gözəl Ramazan bayramı ərəfəsindəyik. Bu gözəl bayramı bir neçə gündən sonra qeyd edəcəyik. Bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə bir daha təbrik edirəm. Bütün sabirabadlıları təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Sağ olun.

26 sentyabr 2008-ci il

Xəbər 2802 dəfə oxundu.