Sumqayıtlılar nəhayət ki, qələbə qazandılar
Bu gün kişi ötüstü hokkey klubları arasında açıq Azərbaycan çempionatında 2 oyun keçirilib. İdman.com.az saytı azhf.az-a istinadən xəbər verir ki, ilk 2 görüşdə qələbə qazanan Rusiya təmsilçisi “XK Tana” deyəsən vaxtından əvvəl arxayınçılığa yol verib. Ölkə çempionu “Akkord”la oyunda vəziyyət tamamilə dəyişib.

Şirkət təmsilçiləri matçın ilk dəqiqələrindən hücuma keçərək əvvəlki 2 turda meydana çıxmayan Saleh Balamiyevin vurduğu qol sayəsində hesabda irəli çıxıblar. “Akkord”un kapitanı S.Balamiyev 2-ci dəfə fərqlənərək birinci hissənin 2:0-lıq yekun hesabını müəyyənləşdirib. Fasilədən sonra Saleh Balamiyev özünün və komandasının 3-cü qolunu qapıdan keçirərək 3:0 hesablı qələbədə əsas pay sahibi olub. Turun 2-ci oyununda Sumqayıtın “Gənclik” və Qusarın “Şahdağ” komandaları qarşılaşıb.

İlk 4 oyunda böyük hesabla məğlub olan Sumqayıt hokkeyçiləri bu dəfə hesabı açan tərəf olublar. 12-ci dəqiqədə Kənan Cabbarov fərqlənib. Fasiləyə qədər 1:0 hesabı dəyişməz qalıb. İkinci hissədə Cavanşir Aslanlı və Kənan Cabbarov hərəyə 1 qol vuraraq 3:2 hesablı qələbə əldə ediblər. Qusar hokkeyçilərindən hər 2 qolun müəllifi Yalşın Qayıbov olub.

Bugünkü oyunlardan sonra “Akkord” və “Atasport” 7 xalla yüksək dəstədə yarış cədvəlinə başçılıq edirlər. 3 görüşdən 6 xal toplayan “XK Tana” klubu 6 xalla 3-cü sıradadır. “Şahdağ” (4 oyun) və “Gənclik” (5 oyun) hərəyə 3 xalla IV-V yerdədirlər.

Açıq Azərbaycan çempionatında növbəti turun oyunları aprelin 1-də keçiriləcək. İlk olaraq saat 12.00-da “XK Tana”və “Atasport”klubları qarşılaşacaq. Növbəti görüş isə saat 13.30 dəqiqədə “Akkord”(Bakı) və”Şahdağ” komandaları arasında baş tutacaq. Bazar günü martın 31-də isə qadınlar II turun, “B” qrupunda yarışan 15 yaşınadək oğlanlar isə start oyunlarını keçirəcəklər.

Xəbər 1251 dəfə oxundu.