Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərbəst güləş üzrə dünya kuboku yarışlarının qonaqları ilə görüşmüşdür
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst güləş üzrə dünya kuboku yarışlarına gəlmiş Beynəlxalq Güləş Federasiyasının rəhbərliyi, məşhur idmançılar, dünya və olimpiya oyunları çempionları ilə görüşmüşdür.
Dövlətimizin başçısı İlham Əliyev qonaqlara ölkəmizdə idmanın inkişafı, bu il Azərbaycanda keçirilmiş olimpiya lisenziya turnirləri haqqında danışaraq dedi:
- Bakıya gəldiyinizə görə təşəkkür edirəm. Dost gəlişinə həmişə şadıq, həmişə istəyirik ki, dünya səviyyəli yarışlar bizdə keçirilsin. Deyə bilərəm ki, Azərbaycanda, ilk dəfə olaraq idmanın üç növü üzrə olimpiya lisenziya turnirləri keçirilir. Voleybol, taekvondo yarışları artıq keçirilmişdir, bu ayın sonunda isə Bakıda boks turniri olacaqdır. Bu, ölkəmizdə idmanın inkişafının çox mühüm göstəricisidir. Çox işlər görülür, idman kompleksləri tikilir. Onlar, əsasən, ölkənin regionlarında inşa edilir ki, kəndli gənclər idmanla məşğul ola bilsinlər.
İdman federasiyaları da, o cümlədən Abbas Abbasovun başçılıq etdiyi Güləş Federasiyası fəal işləyirlər. Biz son dörd-beş ildə bütün federasiyalarda böyük dəyişikliklər aparmışıq, onların rəhbərliyinə ölkədə tanınmış təcrübəli adamlar gəlmişdir. İdmançıların maddi məsələləri ilə də çox məşğul oluruq, Milli Olimpiya Komitəsinin təqaüdlərini təyin etmişik, təkcə bugünkü idmançılar üçün deyil, həm də pensiyaya çıxmış və bütün ömrünü, bütün qüvvələrini idmanın inkişafına həsr etmiş insanlar üçün normal həyat şəraiti təmin etmək məqsədi ilə veteran təqaüdləri təyin etmişik.
Hər bir belə hadisə idmanın təbliğidir. Əminəm ki, dünya kuboku yarışlarından sonra oğlanlar bölmələrə axışacaqlar. Uğurla çıxış etdiyimiz Sidney Olimpiya oyunlarından, o cümlədən güləşçi Namiq Abdullayev olimpiya çempionu olandan sonra gənclər idman bölmələrinə axışmışdır. Onlar idmanla məşğul olurlar, deməli, xuliqanlıq etməyəcəklər, pis işlərə qoşulmayacaqlar, məsuliyyətli olacaqlar. Zənnimcə, əldə etdiyimiz başlıca nailiyyətlərdən biri də odur ki, cəmiyyətlərdə idmançılara, vaxtilə olduğu kimi, hörmət edirlər.
Əlbəttə, 1990-cı illərin əvvəllərində bütün ölkələrin, qonşularımızın da iqtisadi problemləri olmuşdur. O vaxtlar idmana lazımi diqqət yetirilmirdi. Lakin indi bir çox ölkələrdə idmanın cəmiyyətdə yenidən mühüm yer tutduğunu görürük. Bu, Azərbaycanda da baş verir. Mən özüm çox fəxr edirəm ki, 7 ildir Milli Olimpiya Komitəsinə başçılıq edirəm. Bu illər ərzində çox iş görülmüşdür. İndi biz Afinada layiqincə çıxış etmək, Azərbaycanın idman ölkəsinə çevrildiyini bir daha təsdiqləmək istəyirik. Əlbəttə, indiki kimi yarışlar buna çox kömək edir. Əminəm ki, dünyada məşhur olan idmançıların ölkəmizə gəlməsi böyük hadisədir. Ona görə də Beynəlxalq Güləş Federasiyasının prezidentinə və bütün dostlarımıza bizə qonaq gəldikləri üçün bir daha təşəkkür etmək istəyirəm. Sidneydəki görüşlərimizi, birlikdə azarkeşlik etdiyimizi, sevindiyimizi xatırlayıram. Biz birlikdə Azərbaycanın, Rusiyanın idmançılarına azarkeşlik edirdik, nə qədər sevinirdik. Bu, insanları birləşdirir. İdman müxtəlif ölkələrdən olan insanları birləşdirən çox az amillərdən biridir. Sidneydə elə bir psixoloji yüksəliş var idi ki, hətta Abbas Abbasov bütün normaları pozaraq xalçanın üzərinə çıxmış, idmançının qələbəsinə sevincini bu yolla ifadə etmişdi.
Biz Beynəlxalq Olimpiya Komitəsinin bütün konfranslarında Belarusun Milli Olimpiya Komitəsinin prezidenti hörmətli Aleksandr Medvedyevlə yanaşı otururuq. O da bizi həmişə dəstəkləyir. Biz hamımız görkəmli Rusiya idmançısı, dəfələrlə olimpiya çempionu Aleksandr Karelinin pərəstişkarıyıq. Onun idmanda nailiyyətləri böyükdür. Onu Azərbaycanda da sevir və ona azarkeşlik edirdilər.

* * *

Qonaqlar adından çıxış edən dəfələrlə olimpiya çempionu Aleksandr Karelin həm də öz ünvanına söylənmiş sözlərə görə təşəkkür edərək dedi:
- Biz bu gün Azərbaycanda idman obyektlərinin necə tikildiyini gördük. İdmançılar üçün əla şərait yaradılmış taekvondo mərkəzinə, digər obyektlərə baxdıq. Mən idmanın insanları birləşdirməsi barədə dediyiniz sözləri təsdiqləmək istəyirəm.
Sonra Aleksandr Karelin Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya Güləş Federasiyasının xüsusi hədiyyəsini təqdim etdi.

3 aprel 2004-cü il

Xəbər 1012 dəfə oxundu.