"Qəbələ"dən qələbə
U-19 və U-16 liqalarında növbəti oyunlar keçirilib. Çempionatın III turunda "Qəbələ"nin 19 yaşa qədər futbolçulardan ibarət komandası paytaxtda Binə stadionunda "Sumqayıt"la qarşılaşıb. Oyun start fitindən final fitinədək "qırmızı-qaralar"ın üstünlüyü ilə keçib. Bu üstünlük özünü hesabda da göstərib - 3:0. "Qəbələ"yə 3 xalı gətirən qollara Tellur Mütəllimov(2) və Fərid Hacıyev imza atıb. Sözügedən qələbədən sonra təmsilçimiz 6 xalla 3-cü yerə yüksəlib. Bombardirlər cədvəlinə 4 qolla Tellur Mütəllimov başçılıq edir.

U-16 Liqasının XIII turunda "Qəbələ" doğma meydançada "Bakı" ilə üz-üzə gəlib. Prinsipial oyunda "qırmızı-qaralar" rəqibə "qonaqpərvərlik" göstəriblər. Paytaxt təmsilçisini bütün komponentlərdə üstələyən "Qəbələ" meydançadan 4-0-lıq qələbə ilə ayrılıb. Bu qalibiyyətdən sonra xallarının sayını 31-ə çatdıran "qırmızı-qaralar" bir oyun az keçirməklə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ən sərrast futbolçuların siyahısına "Qəbələ"nin hücumçusu Viqar Əlibabayev başçılıq edir - 30 qol.

Xəbər 821 dəfə oxundu.