Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Prezident sarayında Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.
Dövlətimizin başçısı qonağı salamlayaraq, Kalmıkiya Prezidentinin Azərbaycana axırıncı səfəri, ümummilli liderimiz Heydər Əliyev ilə görüşü barədə xatirələrini bölüşdü. Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərindən danışaraq dedi ki, ölkələrimiz arasında uğurlu əlaqələr yaranmışdır və bu bütün istiqamətlərdə - siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edir. Biz bu əlaqələrin daha da inkişaf etməsi üçün səylərimizi əsirgəmirik.
Ölkəmizə dəvətə görə təşəkkürünü bildirən prezident Kirsan İlyumjinov dedi ki, sovet dövlətinin, Rusiyanın və Azərbaycanın ictimai-siyasi həyatında misilsiz xidmətləri olmuş prezident Heydər Əliyevi Kalmıkiyada səmimiyyətlə xatırlayırlar. O, Kalmıkiya sakinlərinin, FİDE rəhbərliyinin salamını və ən xoş arzularını Azərbaycan Prezidentinə yetirdi. Qonaq vurğuladı ki, Kalmıkiya ilə Azərbaycanı çox şey - Xəzər dənizi, təbii ehtiyatlar, habelə idmanın qədim növü olan şahmata böyük məhəbbət birləşdirir. FİDE prezidenti Azərbaycanı bütün dünyada şöhrət qazanmış şahmat ölkəsi adlandırdı. O, gənc Azərbaycan qrossmeysterləri Teymur Rəcəbovun, Şəhriyar Məmmədyarovun Liviyada şahmatçı kişilər arasında dünya çempionatında uğurla çıxış etdiklərini vurğuladı. Kirsan İlyumjinov ümidvar olduğunu bildirdi ki, növbəti dünya çempionu Azərbaycan vətəndaşı olacaqdır.
Prezident İlham Əliyev FİDE-nin uğurlarından danışaraq, Azərbaycan şahmatçılarına daimi qayğıya görə onun rəhbərinə təşəkkür etdi. Dövlətimizin başçısı dedi: “Biz inanırıq ki, şahmat tacı Bakıya qayıdacaqdır.”

23 iyun 2004-cü il

Xəbər 1107 dəfə oxundu.